Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2018
09:45
Norveç səfirliyi neftə görə bağlanıb? - Ekspertin cavabı

Norveç Krallığının Azərbaycandakı səfirliyini bağlayaraq, Gürcüstanda regional səlahiyyətlərlə səfirlik açmaq qərarı Azərbaycanda birmənalı qarşılanmayıb. Bir çoxları bu qərarın Norveçin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən narazılığının nəticəsi olduğunu bildirir. Hökumət mənbələri isə bildirirlər ki, Norveçin Azərbaycana marağı, ölkəmizlə əlaqələri neft amilinə görə yaranıb. Qeyd olunur ki, Krallıq ölkəmizdəki səfirliyini bu ölkənin və dünyanın neft nəhəngi olan “Equinor”(keçmiş “Statoil”) şirkətinin maraqlarını təmin etmək üçün açıb.

İlham Şaban deyir ki, bir neçə ildən sonra “Equinor”un Azərbaycanın neft-qaz sektorunda iştirakı yenidən aktivləşib: “Ötən il ”Azəri-Çıraq-Günəşli" üzrə yeni müqavilədə iştirakçı oldular. Bundan əlavə, bu ilin mayında “Qarabağ” yatağının işlənməsi üzrə SOCAR-la hasilatın pay bölgüsü sazişi imzaladılar. Beləliklə, hazırda “Statoil” Azərbaycanda 3 böyük layihədə iştirakçıdır. Gedişat göstərir ki, şirkətin neft-qaz sektorumuza marağı getdikcə daha da artır. Yəni səfirliyin bağlanması bu proseslə bağlı ola bilməz".

Ekspert deyir ki, Norveç iki il əvvəl Qazaxıstandakı səfirliyini bağlayıb: “Ermənistanda, ümumiyyətlə, səfirliyi yoxdur. Norveç siyasi əlaqələrini biznes maraqları ilə quran dövlət deyil. Bu gün Azərbaycanda siyasi təmaslar üçün müstəvi görmür, bu müstəvini Gürcüstanda görür. İqtisadi təmaslar üçünsə Azərbaycanda daha yaxşı müstəvi görür. Bu müstəvidə əlaqələrimiz son illərdə artan xətlə inkişaf edir”.

Xatırladaq ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb. Norveç həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyib. (musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Norveç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com