Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2018
10:51
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir?

Ləğv edilmiş Mili Təhlükəsizlik Nazirliyinin həbsə alınmış generallarının, vəzifəlilərinin bir çoxlarının  məhkəmələri artıq yekunlaşıb. İttihamların əksəri təsdiqini tapıb və məhkəmə hökmləri ilə “mahmudovçu”ların üzərinə illərlə dövlətə və iş adamlarına vurduqları ziyanı ödəmək öhdəliyi qoyulub. Bir çox hallarda ödəmələr təmin olunub.

“FaktXəbər” “Yeni Müsavat”a istinadən xəbər verir ki, belə iddialar var ki, işdən qovulan, bu və ya digər səbəbdən vəzifədən alınan digər məmurların yağmaladığı, ələ keçirdiyi əmlaklar, var-dövlətlə bağlı da istintaq orqanları hərəkətə keçəcəklər.

Hesab sorulmalı olan, dövlətin 100 milyonlarını mənimsəyən xeyli sayda sabiq məmur var.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycanda yolların inşası zamanı mənimsədiyi milyonlar haqda çox danışılıb. Hələ 2012-ci ildə Ziya Məmmədovun qaynı, 74 saylı Yol İstismar Müəssisəsinin direktoru Hilal Bilal oğlu Bilalov 6 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu.

Bu, Ziya Məmmədovun özünün deyil, 1 qohumunun balaca bir idarəyə rəhbərlik edərək qamarladığı məbləğ idi. O dövrdə bu barədə “Yeni Musavat” qəzetinə müəssisənin sabiq baş mühasibi Məmmədrəsul Ağayev məlumat vermişdi.

O, həmçinin demişdi ki, Hilal Bilalov və müavini Rüstəm Paşayev qısa müddət ərzində Zaqatala rayonunda 3 villa inşa ediblər. Hilal Bilalova və Rüstəm Paşayevə məxsus 2 villa Zaqatala rayonu Yuxarı Tala kəndi Tala prospektində, digər villa isə Zaqatala şəhərinin “Qala düzü” ərazisində yerləşir.

Bu təkcə Ziya Məmmədovun qayınlarının dövlət malından - xalqın cibindən əldə etdikləri var-dövlət haqda kiçik bir detaldır. Belə bir halda Ziya Məmmədovun özünün nəqliyyat naziri olaraq xalqdan, dövlətdən nə qədər pul oğurladığını aydınlaşdırmaq üçün elementar riyazi biliklərə sahib olmaq kifayətdir...

Habelə, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının irimiqyaslı korrupsiya əməllərinə və oğurladığı pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi az əvvəl Azərbaycan mətbuatının manşet yazıları olmuşdu. Sənədlərə əsaslanan yazılardan belə aydın olurdu ki, Rüfət Aslanlının sürətlə varlanaraq multimilyonçuya çevrilməsinin səbəblərindən biri 2016-cı ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının birbaşa idarəçiliyinə keçən “Bank Standard”ın xilas edilməsi adı altında dövlət vəsaitlərinin talanmasından keçib.

“Bank Standard”ı sağlamlaşdırmaq adı altında Rüfət Aslanlının 40 milyon dollar mənimsəməsi haqda xəbərlər dolaşmaqdadır.

R.Aslanlının özünün deyir ki, əmanətçilərin vəsaitlərinin qaytarılması üçün birinci tranşda 15 milyon manat tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib. Əmanətçilər isə 15 milyon manatdan bir qəpik də almadıqlarını deyirlər.

İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı alıb. R.Aslanlı bu dəfə iddia edib ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin əmanətçilər bu dəfə də heç nə almayıblar...

Nazir postunu itirib vəzifədə olduğu vaxt varlananlar  sırasında 5 il - 2013-cü ildən 2018-ci ilin əvvəlinə qədər əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var.

Səlim Müslümov yola salındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olmuşdu.

Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında 2-2,5 milyard manat yoxa çıxıb.

Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar bu gün də araşdırılmamış qalıb.

DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.

Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi başlanıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı. Baş verən bu rüşvət pramidasının başında dayanan Səlim Müslümov nazir olduğu dövrdə milyardlarla sərvətə sahib olub. Ayrı-ayrı ərazilərdə çoxlu sayda dəyəri milyonlarla ölçülən bahalı villalar tiktirib. İddialara görə, o, xarici dövlətlərdə də bahalı mülklərə sahibdir və bank hesabları var.

Bundan başqa, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da milyonlarla manat dövlət vəsaitin “xortumlaması” haqda çoxsaylı iddialar, faktlar və məlumatlar mətbuatda kifayət qədər əksini tapıb...

Hər bir halda pullar dövlət büdcəsindən gedib. Bu dəqiqdir. Bəs pullar haradadır? Kimin cibindədir?

Bu suallara keçmiş məmurlar cavab verməldirlər. İstintaqa çağırılıb vəzifəyə təyin olunana qədər olan əmlaklarının, maşınlarının siyahısı ilə vəzifədən çıxarılan zaman olan eyni məzmunlu siyahını qarşılarına qoymaq bu şəxsləri məsuliyyətə cəlb edilməsinə kifayət edə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məmur 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com