Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
11:30
2135
Sarı yarpaqlı, sərin yağışlı payız

Payızın ən xas özəlliyi ayaqlarımız altında qalıb xışıldayan saralmış yarpaqları və tez-tez islandığımız yağışıdır. Elə bugünkü kimi...

Saralmış yarpaqlar budaqdan düşərkən nə ağac kədərlənir, nə də yarpaq giley edir. Çünki mövsüm payızdır...

Payızın ayları da bir-bir ötüb gedir; sentyabr, oktyabr...

Şairlərimiz isə payızı "sevgi fəsili" adlandırırlar. 

Amma məncə sevməyin fəsili yoxdur, olmaz...

Saralıb ağacdan düşərək ayaq altda qalan, xışıldayan, əzilən, quruyan və nəhayətdə torpağa qarışan yarpaqdan, narın-narın, leysan şəklində yağaraq torpağa hopan yağışdan fərqli olaraq, sevgi insan yaşadıqca yaşayır. İnsan öləndə isə onunla qəbirə enir. Sevib, sevilibsə, öləndən sonra da sevilir...

Payızı, saralmış yarpaqları, narın yağan yağışı isə hər kəs sevmir. Bəzisi payızı hüzünlü görüntüsünə, bəzisi soyuqdan qorxduğuna, bəzisi yağışda islanmasına görə sevmir...

Lakin sevmək bu deyil. Sevmək əhəmiyyət vermək, vaxt ayırıb, dəyər verməkdir.

Sadəcə boş olduğun vaxt ağlına gələn bir hissə sevgi deyilməz. Deyilsə-deyilsə, uzaq başı təsbeh deyilər, zəncir deyilər ki, o da can sıxıntısı yaradar. Əlinə təsbehi, zənciri alıb sallayarsan o yana, bu yana, vaxtın keçər, yorularsan, sonra da canın sıxılar...

Amma insan sevdiyinə, dəyər verdiyinə qarşı təsbehlə, zəncirlə rəftarı etdiyi kimi rəftar etməz.

Olanı olduğu yerdə tapacağını bilməyin verdiyi etibarla, onu görməzliyə vurub işi düşəndə var kimi davranmaq, ancaq bir əşyaya qarşı edilə biləcək davranışdır. Eynilə mətbəxin çəkməcəsində qoyulmuş taxta qaşıq kimi. Orada olduğunu bilmək kifayətdir. Yeməyi qarışdıranda əlin yandımı, dərhal ora əl uzadarsan.

Amma insanlar, bizə yaşayışımız üçün bəxş olunan fəsillər və bir də onları sevmək taxta qaşıq deyil ki, işin düşəndə istifadə edib, işin bitdikdən sonra çəkməcəyə qoyasan. Bizə verilən nemətlər özünü görməzliyə vurmağı qəbul etmir, sevmir. Hər bir nemətə sevgi gərəkdir; saralmış yarpaqlara, narın yağan yağışa, yağışda islanıb xəstələnməyə, sonra verilən can sağlığına... Sevgi isə nə taxta qaşıq, nə də boş vaxtlarında çevrilən təsbeh deyil.

Amma bu gün bir sevgisizlik sindromu var cəmiyyətdə, cəmiyyətimizdə. Hava soyuyur, yarpaqlar saralır, yağış yağır kədərlənirik, gün çıxır, isti olur hirslənirik, ağaclar yarpaqlayır, çiçək açır, "ömrümün daha bir yazı başladı, qocalıram", - deyib depressiyaya düşürük. Qışdan isə heç danışmıram...

Budur sevgisizlik sindromu. Hər yerdə qaş-qabaqlıyıq; evdə işi, işdə evi, yolda hər ikisini fikirləşib, qaşlarımızı çatırıq. Marşrutda gedərkən qarşımızda oturan şəxsin bu payızı sevdiyini, bəlkə də payızda aşiq olduğunu düşünmürük, gözümüzü ona zilləyib xəyallara dalırıq, içimizdəki mənfi yükümüzü ötürürük sanki... Heç yaxşı tanımadığımız şəxsin gözünün içinə baxa-baxa onu məhv edirik. Həyata olan baxışını söndürürük. Sevdiyi payızı, payızdakı sevgisini əlindən alırıq...

Dinclik, etibar, xoşbəxtlik və sevgi nə var-dövlətlə, nə fəsillə, nə yağışla, nə qarla, nə çiçəklə, nə də saralmış yarpaqla ifadə edilə bilməz. 

Sevgi vəhdətdir. Ətrafımızda olan hər bir şeyin vəhdəti. Yağışın, qarın, çiçəyin, yarpağın, heyvanların, insanların vəhdəti. Sevgi bütün bunlara əhəmiyyət vermək, diqqət yetirməkdir. Əhəmiyyət verdiyini göstərmək, önəmli olduğunun düşüncəsində olmaqdır.

Ona görə də sevgidə fəsil olmaz.

Hər fəsili sevin.

Hər fəsildə sevin.

Yetər ki, sevgi hissinizi ölməyə qoymayın.

Aqil Mehdi

Məqalədə : payız yağış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
182

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1055

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
248

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
397
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 03:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru