Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
13:01
Enerji içkilərinə aksiz vergisi tətbiq olunsa...

Son zamanlar mətbuatda enerji içkilərinə qarşı müxtəlif səpkili yazılara tez-tez rast gəlirik.

Bu yazıların əksəriyyətinin əsaslandırılmamış və ya sifarişli xarakter daşıdığını sezmək elə də çətin deyil.

Halbuki enerji içkisinin komponentlərinin əksəriyyəti gündəlik qidalanmamızın tərkibinə daxildir: su, şəkər, taurin, kofein. Taurin hətta uşaq qidalarının tərkibində də var. Kofeinə gəlincə, o, orqanizmə müsbət təsir göstərərək, yuxusuzluğu azaldır və diqqəti toplamağa kömək edir. Bunu beynəlxalq təşkilatların apardığı tədqiqatlar da sübut edir. Məsələn, 2015-ci ilin yanvarında Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA), "Kofein təhlükəsizliyi üzrə elmi tədqiqat"ın 95 səhifəlik ilkin nəticələrini dərc etmişdi. Tədqiqat, "enerji içkilərinin" tərkib hissəsi olan kofein istehlakının sağlamlıq üçün tələb olunan dərəcəsi  ilə bağlı Avropa cəmiyyəti və ekspertlərinin çoxsaylı sualları ilə əlaqədar Avropa Komissiyasının sifarişi əsasında aparılıb. Nəticələr Avropanın 22 ölkəsində 66.531 nəfərin iştirak etdiyi araşdırmaya əsasən tərtib olunub.

Avropalı alimlərin gəldiyi əsas qənaətlər isə aşağıdakılardır:

- Gündəlik 400 mq (milliqram)-dək kofein istifadəsi hamilələr istisna olmaqla, sağlamlıq üçün təhlükəli deyil. Məlumat üçün qeyd edək ki, 250 qram enerji ickisində 80 mq kofein var;

- Böyüklər üçün kofeinin gündəlik istehlakı 1 kq bədən çəkisi üçün 3 mq-dır. Bu doza 3-10 yaş arası uşaqlar, eyni zamanda 10-18 yaşlı yeniyetmələr üçün də keçərlidir;

- 200 mq-a qədər kofein təzyiq, qan axını və bədən hərarətində ciddi dəyişikliyə səbəb olmur;

- Enerji içkilərinin digər komponentləri olan taurin və qlukuronolakton isə kofeinlə əks təsir yaratmadığından, təhlükəyə səbəb olmur;

- Taurin-əzələ toxumalarında toplanan amin turşusudur. Turşu, ət, balıq, qoz-fındıq, göbələk və lobyanın tərkibində də var. Taurinin təhlükəsiz dozası bədən çəkisinin hər kiloqramına 1000 mq, eyni zamanda 60 kq çəkiyə malik insan üçün 60 q-dır. Müvafiq dozanı isə 15 litr enerji içkisindən əldə etmək mümkündür.

Bundan əvvəl də, daha dəqiq desək, 12 fevral 2009-cu ildə Avropa Qida Təhlükəsizliyi Departamenti, enerji istehlakının müntəzəm istifadəsindən əldə edilən taurin miqdarının insan sağlamlığına təhlükə yaratmadığı qənaətində olan alimlərin fikirlərini dərc etmişdi:

- B qrupu vitaminləri- maddələr mübadiləsi prosesində iştirak edən və insanın fiziki qabiliyyətini, zehni fəaliyyətini gücləndirən həyati birləşmələrdir. Bəzi tədqiqatçıların fikrincə isə, B qrupu vitaminləri əhvalı yaxşılaşdırmaq qabiliyyətinə malikdir.  

Göründüyü kimi, dünyanın ən qabaqcıl və inkişaf etmiş ölkələrinin ən ciddi qurumları enerji içkiləri ilə bağlı müsbət rəy verib. Bu ölkələrdə enerji içkilərinin bütün standartlara uyğunluğu bütün səviyyələrdə təsdiqlənib və satışına heç bir maneə yoxdur. Buna baxmayaraq, Azərbaycanda heç bir fakta, araşdırmaya, rəsmi ekpertiza rəyinə söykənməyən, yalnız qara piar üzərində qurulan müzakirələrin hələ də davam etməsinə nə ad verəsən?

Enerji içkilərinə aksiz vergisi tətbiq olunsa...

Son günlər isə enerji içkilərinə aksiz vergisi tətbiq olunması ilə bağlı cox ciddi təklif və müzakirələr başlayıb.

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, enerji içkilərinə aksiz vergisinin tətbiqi ilə qiymətin bahalaşdırılması vəziyyətdən çıxış yolu deyil:

"Əvvəlcə onu qeyd edək ki, hətta dünyanın qabaqcıl ölkələrində belə alkoqolsuz enerji içkilərinə aksiz vergisi tətbiq olunmur. Gördüyümüz qədərilə, bazarda enerji içkilərinə kifayət qədər tələbat var. Onlardan onsuz da əlavə dəyər vergisi alınır. Aksiz vergisinin əmtəələr üzrə tətbiqi fərqlidir. Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti bu şəkildə tənzimləmək. Konkret məhsulun adını çəkərək haqqında antireklam aparılması qanunverciliklə qadağandır. Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində zərərli maddə aşkarlamayıbsa və satışa çıxarılmasına icazə veribsə, o deməkdir ki, həmin məhsullar istifadə oluna bilər. Satış qeyri-qanuni deyil və məhdudlaşdırıla bilməz. Onsuz da istənilən qidanın tərkibində müəyyən problemlər var. Siqaret qutularının da üzərinə sağlamlıq üçün zərərlidir yazılır, ancaq satışına icazə verilir. Siqaretlə paralel götürsək, satışın qarşısı alına bilməz”.

Marketoloq Namiq Bayramov isə "Qaynarinfo.az”a məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, alkoqol və tütün də zərərlidir, ancaq cəmiyyət bunu istehlak edir. Bu məsələdə norma və təyinat vacibdir:

"Bazarda hər zaman bir məhsul kateqoriyasının trendi olur. Bir zamanlar kola tipli içkilər trendi vardı. Qərb dünyasında kola tipli içkilər geniş yayılmağa və təbliğ olunmağa başlanmışdı. Onun ardınca müxtəlif ictimai birliklər, vətəndaş cəmiyyətləri meydana çıxdı və kola tipli içkilərin orqanizmə zərərləri ilə bağlı sosial kampaniyalara başladı. Bu gün hamı bilir ki, kola içkiləri zərərlidir. Lakin içkinin istehlakı azalmır. Çünki həmin kateqoriya məhsul istehsalçıları kommunikasiyanın yönlərini dəyişirlər və bir çox hallarda özləri də bu içkilərin günlük içilmə normasını deyirlər. Bu gün bu tipli içkilərə kütləvi şəkildə qarşı çıxan da yoxdur, qara PR-nı aparan da. Çünki bu içkilər artıq həyat tərzinə çevrilib”.

Ekspert vurğulayıb ki, enerji içkilərinə münasibət Azərbaycanda da başlanğıcda oxşar idi:

"Lakin bu içkilərin aşırı təbliğatı buna səbəb oldu. Bu cür qara PR-ın altında bir çox səbəblər yata bilər: 1.Güclü şəkildə təbliğat sayəsində enerji içkiləri məişətə çox ciddi nüfuz etdi və sağlamlığa önəm verən bir çox şəxslər, mütəxəssislər buna qarşı çıxdılar. 2. Enerji içkilərinin bu cür aqressiv girişi digər içkilərin (qazlı sular, kola içkiləri) bazarına girdi. Bunun sayəsində həmin içkilərin istehsalçıları qara PR-ı tətikləyə bilərlər. Bu, tamamilə mümkündür və praktikada çox istifadə olunmuş bir haldır. Enerji içkilərinin istifadəsində isə norma və təyinat vacibdir. Söhbət hansısa maddədən yox, onun miqdarından və qəbuletmə müntəzəmliyindən gedir. Ona qalsa çörəkdə də spirt var. Lakin heç birimiz çörək yeyib keflənmirik”.

Sonda onu da qeyd edək ki, enerji içkilərinə aksiz vergisinin tətbiqi təklifləri əsassız olmaqla yanaşı, ölkədəki sahibkarlıq mühitinə də mənfi təsir edəcək.

Ölkə başçısı cənab İlham Əliyev hər zaman qeyri-neft sektoruna, yerli sahibkarlığa önəmli dəstək verərək, ölkəyə inestisiya qoyuluşunu tam gücü ilə təşviq eedib. Amma enerji içkiləri ilə bağlı səslənən son təkliflər ölkə başçısının bu vacib siyasətinə ziddir. Çünki belə bir addımın tez bir zamanda atılması yerli və xarici sahibkarlığın bu işə qoyduğu investisiyaların geri dönüşümünü təhlükə altına alacaq ki, bu da ölkənin iqtisadi mühitinə mənfi təsir edə bilər.

Amma bu hələ işin iqtisadi tərəfidir. Ən düşündürücü məqam isə odur ki, enerji içkilərinə əlavə vergilərin tətbiqi onların qiymətinin bahalaşmasına təsir edə, bu isə onların əsas istehlakçı auditoriyası olan gənclərin daha zərərli və təhlükəli vərdişlərə üz tutmasına yol aça bilər. Təbii ki, bu zərərli vərdişlərin başında spirtli içkilərdən və narkotik maddələrdən istifadə gəlir. Nəzərə alsaq ki, gənc nəsil əsasən ucuzlu və kustar üsullarla hazırlanmış spirtli içkilərə üstünlük verəcək, o zaman nələr yaşana biləcəyini təsəvvür etmək çətin deyil. Bütün hallarda spirtli içkilərin və narkotik maddələrin insan sağlamlığına, xüsusən də gənclərin sağlamlığına vurduğu zərərləri, ölkənin krimonogen durumuna mənfi təsirləri barədə isə günlərlə danışmaq olar. Ona görə də hər hansı tələsik qərarın doğura biləcəyi bütün fəsadlar indidən nəzərə alınmalıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Enerji içkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com