Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
10:21
Üzdəniraq “sənətçilərin” dəbdəbəli həyatı örnək ola bilməz

Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru Qafar Cəbiyev Milli Teleradio Günü münasibəti ilə “Xalq Qəzeti”ndə məqalə ilə çıxış edib. 

FaktXəbər bildirir ki, o öz yazısında telekanalların müsbət tərəflərini dilə gətirməklə bərabər mənfi tərəflərini də tənqid edib. Q. Cəbiyev bəzi hallarda efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulduğunu qeyd edib. 

Həmin yazıdan bəzi məqamları təqdim edirik: 

Sirr deyildir ki, teleradio yayımçıları əhalini maarifləndirmək və məlumatlandırmaqla yanaşı, həm də əyləndirmək missiyasını həyata keçirirlər. Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlər də elə daha çox məhz bu məqsədə xidmət edir. Təbiidir ki, tamaşaçı da şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır.

Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən “xoruz olmasa, sabah açılmayacaq?!”

Son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcayib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğrurur.

Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Yəni, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür. İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qafar Cəbiyev 
Şərhlər
anonim tərəfindən 06-11-2018 12:27:36 tarixində yazıldı
Sənətçi
Sənin o üzdəniraq sənətçilərin xalq artistləridir. Bəs o adları necə alıblar?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com