Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
09:53
Ramzan Kadırovu nüfuzdan niyə salmaq istəyirlər? - ANALİZ

Sentyabrın son günlərindən başlayaraq Rusiyanın İnquşetiya Respublikasında kütləvi narazılıqlar baş qaldırdı. Səbəb İnquşetiya ərazisinin 1290 hektar torpağının Çeçenistana verilməsi idi. 

Regionlar arasında sərhəd mübadiləsini ehtiva edən sənədi İnquşetiyanın prezidenti Yunusbek Yevkurov və Çeçenistan prezident Ramzan Kadırov sentyabrın 26-da imzalayıblar. 

Qərardan hiddətlənmiş inquşlar elə həmən gün paytaxt Maqas şəhərində etiraz aksiyasına çıxdılar. Prezident Yevkurovun kabinetindən çıxıb etirazçılarla görüşmək istəməsi vəziyyəti bir az da gərginləşdirdi; prezidenti mühafizə edən hərbçilər qəzəblənmiş kütləni dağıtmaq üçün havaya atəş açdı. Bir neçə gün sonra Rusiyanın RBK kanalına müsahibə verən prezident etiraf etdi ki, narazı insanlarla küçədə görüşmək səhv qərar olub: “Kütlənin içində olan təxribatçılar bundan istifadə edib mənə fiziki xəsarət yetirə bilərdilər”.

Narazı inquşlar əsas iki məsələyə qəzəbli idilər: qonşu Çeçenistan və Osetiya ilə müqayisədə onsuz da kiçik olan ərazilərinin qopardılmasından və qərar qəbul olunarkən xalqa məlumat verilməməsindən. Etirazçılar torpaq kimi həssas məsələnin yalnız referendum yolu ilə həll edilməsini məqbul hesab edirdilər. 

Etirazçılara cavab olaraq prezident Yevkurov isə kiməsə torpaq verilməsini qəbul etmirdi. Sitat: “Sovetlər Birliyi dağılandan sonra Çeçenistanla İnquşetiya arasında sərhəd müəyyənləşdirilməmişdi. 26 ildir biz sərhədsiz yaşamışıq. Sərhəddə yaşayan insanlar torpaq üstündə qan tökürdülər. Dövlət strukturları isə müdaxilə edə bilmirdilər, çünki hər hansı hüquqi prosedur mövcud deyildi. Mən və həmkarım Ramzan Kadırov siyasi iradə nümayiş etdirərək 1990-cı ildə iki subyekt arasında əldə edilmiş razılaşmanı təsdiq etdik. Sərhəddə aparılan bölgü bərabər şərtlər əsasında aparılıb. Güzəştə getdiyimiz 1290 hektar torpaq eyni rəqəm həcmində Çeçenistanın nəzarətində olan ərazilərmiz bizə qaytarılaraq qarşılıqlı güzəşt çərçivəsində həll edilib. Təəssüf ki, etiraz aksiyasına çıxan gənclərə doğru məlumat verilmir”.

Maqasda isə Yevkurovun açıqlamalarına rəğmən etirazlar davam edir, ruhanilərin, xüsusən, Qafqaz bölgəsində nüfuz, hörmət və söz sahibi olan ağsaqqalların mitinqlərə qoşulmasından sonra meydanlarda axışan insanların sayı günü-gündən çoxalmağa başladı. Vəziyyətin idarə olunmaz müstəviyə keçməməsindən ehtiyatlanan Rusiya Daxili İşlər Nazirliyi İnquşetiya ilə sərhədə zirehli hərbi texnika göndərdi. 

Narazılığın artan tempdə davam etməsi Ramzan Kadırovun da hadisələrə münasibət bildirməsini zəruri etdi.

Dövlət və güc strukturlarının iclasında çıxış edən Kadırov torpaq mübadiləsinin əleyhinə etiraza qalxanların, məscidlərdə onun ünvanına lənət yağdıranların öz sözlərinə görə məsuliyyət daşımalı olacaqlarını bildirdi. 

Qarşı tərəfdən isə cavab özünü çox gözlətmədi. İnquşetiyada yüksək nüfuza sahib olan ağsaqqal Muxajir Nalqiyev Kadırovu “çoban” adlandırdı. 

Çeçen liderin cavabı daha sərt oldu: “Qanun qəbul edilib və qüvvəyə minib. Mən bu kiçik dəstəyə başçılıq edənlər səslənirəm, kişisinizsə, mənim ərazimə gəlib bir dəfə mitinq təşkil edin... Siz oradan diri qayıtsanız, mən sizin aşağıladığınız həmən şəxsəm.”

Ramzan Kadırov Oktyabrın 19-u 70 adamlıq avtomobil kortejinin müşayiəti ilə Muxajir Nalqiyevin yaşadığı Surxaxi kəndinə gələrək nüfuzlu ağsaqqalın evində 4 saatlıq görüş keçirdi. Evdə baş verənlər haqda mətbuata heç bir məlumat verilmədi. Bir neçə saat sonra Kadırov özünün “Telegram” kanalında görüş haqda yazdı: 

Muxajir müdrik və hörmətli bir şəxs kimi bildirdi ki, mən onun evinə əsl kişi və kionax (bu termin çeçen dilində şərəf kodeksinə riayət edən insana aid edilir) kimi gəlib yüksək ehtiram göstərmişəm. Bu səbəbdən bir kionax kimi məndən üzr istəyib üzrünü qəbul etməyimi istədi. Mən isə Allaha xatir onu bağışlayır qəlbinə toxunmuşamsa bir müsəlman kimi ondan üzr istəyirəm.”

Lakin bu Kadırovun İnquşetiya sonuncu səfəri olmadı, davam edən etiraz aksiyalarının birində İnquşetiyanın sabiq Daxili İşlər Naziri olmuş Axmed Poqorov Kadırovun əleyhinə çıxışlar edərək onu “Şəriət məhkəməsi”nə dəvət etdi. 

Qarabulaqda Paqorovun evində baş tutan görüş isə gərginliyi bir az da artırdı.

Çeçen liderin Qarabulağa gəlməsindən xəbər tutan ətraf kəndin sakinləri Poqorovun evinə axışdılar. Gərginlik pik həddə çatsa da Kadırovun silahlıları ilə İnquşlar arasında hər hansı insident olmadı. Təhlükəsizlik tədbirlərindən dolayı Kadırov Poqorovun evindən güllə keçirməyən maşında çıxaraq oranı tərk etdi.

Mənzilindən çıxan Axmed Poqorov isə izdihamın qarşısında çıxış edərək bildirdi ki, tərəflər qarşılıqlı üzrxahlıq edərək, camaat namazı qılıb və çay içiblər. 

Bütün bu müddət ərzində baş verənlərə rəsmi Moskva soyuq münasibət göstərdi. Rəsmi kanallar ilk günlər baş verənləri işıqlandırmırdı. İlk açıqlama Putinin sözçüsü Dmitri Peskovdan gəldi. O, bildirdi ki, İnquşetiyada olan daxili gərginlikdən xəbərdardırlar və prezident bütün vacib informasiyaya sahibdir. 

Putinin ilk rəsmi açıqlamasını mətbuata İnquşetiyanın prezidenti verdi. Yevkurov prezidentlə hadisələri müzakirə etdiyini, Putinin etiraz aksiyalarını güc yolu ilə dağıdılmasının əleyhinə olduğunu bildirdi. Yevkurov özü də mitinqçilərlə güc yolu ilə danışmağın ağır nəticələrə gətirib çıxaracağını qeyd etdi. 

Maqasda etirazçıların dağılışması isə İnquşetiyanın Konstitusiya məhkəməsinin Respublikanın Sunje rayonun bəzi ərazilərinin Çeçenistana verilməsini nəzərdə tutan qərarının İnquşetiya Respublikasının qanunvericiliyinə zidd addım kimi qiymətləndirlməsi ilə yekunlaşdı.  Məhkəmə 26 sentyabrda imzalanan razılaşmanın yalnız referendum yolu ilə həll oluna biləcəyi ilə bağlı qərar çıxardı. 

Məhkəmənin qərarı İnquşlar arasında böyük sevinclə qarşılandı, etirazçılar noyabırın 2-də Maqasda ümumrespublika  cümə namazını qılıb evlərinə yollandılar. 

İnquşetiyanın prezidenti isə jurnalistlərə açıqlamasında bildirdi ki, məhkəmə iki subyekt arasında imzalanan müqaviləni ləğv edə bilməz, çıxarılan qərarın etibarlılığını yoxlamaq lazımdır. 

Göründüyü kimi İnquşetiya və Çeçenistan arasında aparılan torpaq mübadiləsi  “göydən asılı” vəziyyətə qaldı. Federasiya rəhbərləri razılıq əldə etsələr də, məhkəmə etirazçıların xeyrinə hökm çıxardı. Sovetlər Birliyinin süqut etməsi ilə yaranan ərazi böhranı müvəqqəti yatırılsa da, İnquşetiyada baş verən hadisələr məsələnin həll edilmədiyinin əyani sübutudur. Doğrudur, Dağlıq Qarabağ, Osetiya, Abxaziyadan fərqli olaraq sonuncu torpaq böhranında qan tökülmədi. 1990-cı illərdən fərqli olaraq Moskvada mərkəzi hakimiyyətin böhranda olmaması yeni münaqişə ocağının yaranmasının qarşısını aldı. Rusiyalı analitiklər isə Şimali Qafqaz respublikalarının müstəqil olaraq öz aralarında torpaq mübadiləsi aparmasının Kremlin bu bölgədə nəzarətinin azalması kimi qiymətləndirirlər. Müstəqil qərar qəbul edən respublikaların gələcəkdə bir az da irəli gedərək daha çox hüquqlar tələb edəcəyindən narahatdırlar. Digər qrup analitiklər isə Putinin hiyləgər gedişlə Ramzan Kadırovun nüfuzuna zərbə vurmağa çalışdığını və bu planın baş tutduğunu yazırlar. Belə ki, Kadırovun Qafqazda güclü orduya sahib olması,  sərbəst hərəkət etməsi digər Qafqaz xalqlarının ona rəğbətini artırıb. Qafqazdan söz düşəndə ağla gələn yeganə şəxs məhz Ramzan Kadırovdur. Şimali Qafqaz respublikalarının prezidentlərinin heç biri bu qədər nüfuza sahib deyillər. Kim təminat verir ki, 1990-cı illərdə olduğu kimi mərkəzi hakimiyyətdə böhran yaranarsa, Qafqaz xalqları onların arasında ən yüksək hörmət və gücə sahib Kadırovun ətrafında birləşməyəcək? Rusiya rəsmiləri bunu çox gözəl anlayırlar. Çeçen liderin hədsiz populyarlıq qazanması Rusiyanın maraqlarına zidd olması başadüşüləndir. Demək, Kadırovun avtoritetinə zərbə vurmaq üçün Qafqazda çeçenlərdən sonra ikinci ən güclü xalq olan inquşları ondan narazı salmaq lazım idi. Bu, eyni zamanda azadlıq, torpaq və tayfa toxunulmazlığını yüksək qiymətləndirən digər qafqazlıların gözündə Ramzan Kadırovun nüfuzuna ciddi zərbə oldu.

Şəhriyar Səmədov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com