Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2018
15:33
Fələstinin taleyini dəyişdirən məktub: Balfur Bəyannaməsi

Dövrün İngiltərə xarici işlər naziri Artur Balfurun 2 noyabr 1917-ci ildə sionizmin məşhur hamisi Lord Rotşildə göndərdiyi və "Balfur Bəyannaməsi" kimi tanınan məktub yəhudilərin Fələstin torpaqları üzərində İsrail dövləti yaratmaq xəyallarını reallaşdırması üçün atılan ən vacib addımlardan biri kimi göstərilir.

İsrail dövlətinin yradılmasına gedən prosesdə ən mühüm addım kimi göstərilən 67 sözdən ibarət Balfur Bəyannaməsi bir millətin vətəninin necə əlindən alındığını nümayiş etdirən ən yaxşı nümunələrdən biridir.

Birinci Dünya müharibəsinin sonlarına doğru Fələstini himayəsi altında saxlayan Osmanlı dövləti bir çox cəbhədə mübarizə aparmasına görə zəifləmişdi.

Bunu fürsət bilən ingilislər və fransızlar Fələstinin də aralarında olduğu Osmanlı torpaqlarını öz aralarında bölüşdürmə planı hazırladılar.

İngilislər və fransızların ixtilafda olduqları yeganə mövzu isə tarixi Fələstin torpaqlarının kimin olacağıydı.

Sonunda iki güc Fələstinin beynəlxalq rəhbərlik tərəfindən idarə edilməsinə qərar verdi. Ancaq ingilislər, xüsusən Birinci Dünya müharibəsini qazanmaq üçün yəhudilərin dəstəyinin həyati əhəmiyyətə malik olduğunu düşünərək Fələstin torpaqlarını bir növ rüşvət olaraq verdi.

Keçmiş İngiltərə xarici işlər naziri Balfur sionizmin hamisi Rotşildə 2 noyabr 1917-ci ildə göndərdiyi məktubda, "Əlahəzrət hökuməti yəhudilərə Fələstində yurd yaratmaq fikrini hərarətlə dəstəkləyir. Bu məqsədlə hər nə lazımdırsa ediləcəkdir" cümlələri İsrailin qurulmasına Böyük Britaniyanın verəcəyi dəstəyi açıq şəkildə ifadə edib.

İngilislər bu məktubdan qısa müddət sonra 9 dekabr 1917-ci ildə 401 il boyu Osmanlı himayəsində qalan Qüdsü işğal etdi.

Dövrün İngiltərə baş naziri David Loyd Qüdsün işğalını "İngilis xalqına bayram hədiyyəsi" kimi səciyyələndirdi.

Tarixi Yafa qapısından Qüdsə daxil olan ingilis komandir general Edmund Allenbyin, "Səlib müharibələrinin sona çatdığını", - dediyi bildirilir.

İngilislər yəhudilərin Fələstinə yerləşməsinə göz yumdu

Fələstin torpaqlarını işğal edən ingilislər dünyanın hər yanından gələn yəhudilərin bölgədə yerləşməsinə göz yumdu.

İngilis işğalının başladığı 1917-ci ildə Fələstin ərazilərində əhalinin 92 faizini müsəlmanlar ilə xristianlar təşkil edirdi, yəhudi əhali isə yalnız 8 faiz idi.

İngilislərin dəstəyi ilə Fələstindəki yəhudilərin ümumi əhaliyə nisbəti 1947-ci ildə 33 faizə qədər yüksəldi.

1917-ci ildə tarixi Fələstin torpaqlarındakı yəhudi əhalinin sayı 60 minə yaxın olub, yəhudi köçləri bu sayı İsrailin müstəqilliyini elan etdiyi 1948-ci ildə 800 minə çatdırıb.

BMT-nin Fələstin torpaqlarının yarıdan çoxunu yəhudilərə verən bölgü planı

Balfur Bəyannamənin nəşr olunduğu 1917-ci ildə Fələstində yaşayan yəhudilər buradakı torpaqların yalnız 3 faizinə sahib idilər. Həddindən artıq yəhudi köçünə baxmayaraq, 1946-cı ildə bu rəqəm 6 faizi keçmirdi.

Yəhudilər ilə ərəblər arasında baş verən qarşıdurmalar üzündən Fələstini idarəolunmaz hala gələn ingilislər 1947-ci ildə məsələni Birləşmiş Millətlər Təşkilatına (BMT) çıxardı.

BMT məsələnin həlli üçün Fələstin komissiyası yaradılmasına qərar verdi.

Bir müddət sonra işlərini tamamlayan komissiya Fələstin torpaqlarının bölüşdürülməsi planını BMT-yə təqdim etdi.

BMT-nin 29 noyabr 1947-ci ildə qəbul etdiyi plana görə, Fələstin torpaqlarının 55 faizlik hissəsi yəhudilərə, 45 faizlik qismi ərəblərə verildi, Qüds isə BMT nəzarəti altında qaldı.

Tarixi Fələstin torpaqlarının 1946-cı ildə yalnız 6 faizinə sahib olan yəhudilər, tortdan özlərinə verilən böyük hissəni qəbul edərkən, ərəblər bu bölgü planına haqlı olaraq qarşı çıxdı.

İngilis əsgərlərinin 1948-ci ilin may ayında Fələstin torpaqlarından çəkilməsi ilə yəhudilər İsrail dövlətini qurmaq üçün axtardıqları fürsəti tapdılar.

İngilislərin Fələstindəki mandat idarəçiliyini başa çatdırması 14 may 1948-ci ildə İsrail rejiminin ilk baş naziri David Ben Qurion onu müşayiət edən 25 nəfərlə Təl-Əviv muzeyində İsrailin Müstəqillik Bəyannaməsini dünya ictimaiyyətinə elan etdi.

Dövrün ABŞ prezidenti Harri Trumen bəyannamənin dərc olunmasından bir neçə saat sonra qəsb edilən Fələstin torpaqları üzərində yaradılan İsraili tanıdıqlarını bildirdi. Beləliklə, İsraili tanıyan ilk ölkə ABŞ oldu.

İsrailin müstəqilliyini elan etməsi günümüzə qədər gələn Fələstin məsələsinin də başlamasına səbəb oldu.

İsrailin müstəqillik elanından qısa müddət sonra Misir, Suriya, İordaniya və Livanın aralarında olduğu bəzi ərəb ölkələri 15 may 1948-ci ildə İsrailə qarşı müharibə elan etdi.

Lakin müharibəni qazanan İsrail Qərbi Qüdsün də aralarında olduğu Fələstin torpaqlarının bir qismini də işğal etdi.

Müharibədən sonra İsrail işğal etdiyi yerlərlə birlikdə Fələstin torpaqları üzərindəki nəzarətini 78 faizə qaldırdı.

Yaxın Şərq sülhünün qarşısında ən mühüm maneə kimi görünən Fələstin-İsrail qarşıdurması sonrakı illərdə daha da çıxılmaz hal aldı.

İsrail 1967-ci ilin iyununda "Altı günlük müharibə"də Şərqi Qüdsü və İordan çayının qərbini də işğal etdi.

Fələstin əhalisinin yarısından çoxu qaçqın vəziyyətinə düşdü

Beynəlxalq aləmin İsrailin fələstinlilərə qarşı cinayətlərinə qarşı üç meymunu oynaması (görmürəm, eşitmirəm, lalam - red.), işğalın daha da genişlənməsinə səbəb oldu.

Şərqi Qüds və İordan çayının qərb sahilini addım-addım ələ keçirən İsrail oralarda qanunsuz olaraq yəhudi yaşayış məntəqələri inşa edərək Fələstindəki əhali nisbətini lehinə çevirdi.

Bu gün İordan çayının qərb sahilind 250-yə yaxın, Şərq Qüdsdə isə 18 qanunsuz yəhudi yaşayış məntəqəsi mövcuddur.

İşğal altındakı İordan çayının qərb sahilində 500 minə yaxın, Şərq Qüdsdə isə 220 min yəhudi yaradılan bu qeyri-qanuni yaşayış məntəqələrində yaşayır.

İsrail bir tərəfdən dünyanın hər yanından gələn yəhudi miqrantları fələstinlilərin torpaqlarına yerləşdirir, digər tərəfdən də milyonlarla fələstinlini zorla vətənlərindən çıxarır.

Yaradılmasından bu yana İsrail zorla ərazilərindən çıxardığı 6 milyona yaxın fələstinlini qaçqın vəziyyətinə salıb.

Bu qaçqınların 1,3 milyona yaxını mühasirə altındakı Qəzzada, 800 minə yaxını isə işğal altındakı İordan çayının qərb sahilində yaşayır, digər fələstinli qaçqınlar isə qonşu ölkələr olan Suriya, Livan və İordaniyada yerləşiblər.

Fələstinin bu günü Balfurun acıverici planlarını ortaya qoyur

Yayımlanmasının üstündən 101 il keçən Balfur Bəyannaməsi sayəsində yaradılan İsrail, hazırda işğal etdiyi tarixi Fələstin torpaqlarının 78 faizinə nəzarət edir.

Qalan 22 faizlik qism isə Qəzza zolağı istisna olmaqla İsrailin nəzarəti altındadır.

İsrail hər keçən il yeni qanunsuz yəhudi yaşayış məskənləri inşa edir və ya mövcud yaşayış yerlərini genişləndirərək İordan çayının qərb sahilindəki işğalını möhkəmləndirir.

Balfurdan qabaq Fələstindəki əhali bölgüsü ilə bugünkü əhali bölgüsü bir millətin vətənlərindən necə qovulduğunu nümayiş etdirir.

Bəyannamənin yayımlandığı 1917-ci il tarixində tarixi Fələstin torpaqlarındakı yəhudilərin təxmini sayı 60 min civarında olsa da, bu gün həmin rəqəm 6,5 milyondan yuxarıdır.

Bəyannamədən qabaq tarixi Fələstin ərazilərində müsəlman və xristian ərəblərin sayı 731 min idisə, hazırda bu rəqəm İsrailin sərhədləri daxilində yaşayanlarla birlikdə 6 milyondan bir az artıqdır.

Tarixi Fələstindəki yəhudilərin sayı bir əsrdə 100 dəfədən çox artıb, ərəb əhalinin 10 dəfə belə artmaması bölgədəki demoqrafik quruluşunun necə pozulduğunu ortaya qoyur.

Tramp yeni Balfur axtarışındadır

Fələstinlilər 100 ildir Balfurun yaratdığı nəticələr altında əzildiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp da Fələstin-İsrail münaqişəsinə öz ağlına görə "həll tapmaq" üçün uzun müddətdir yeni plan üzərində çalışır.

"Əsrin müqaviləsi" adlandıran planı tezliklə açıqlayacağını söyləyən Trampın bu planla yeni bir Balfur faciəsinə imza atacağı gözlənilir.

Trampın planının detallarına dair beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, "Əsrin müqaviləsi" Fələstin məsələsini həll etməkdən çox, daha da dərinləşməsinə səbəb olacaq.

Sözügedən planın Qüdsün hamısının İsrail rejiminə verilməsi də daxil olmaqla, İordan çayının Qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin böyük əksəriyyətinin varlığını davam etdirməsi kimi fələstinlilərin əleyhinə olan maddələr ehtiva etdiyi bildirilir.

İsrail tərəfindən didərgin salınan 6 milyona yaxın fələstinli qaçqının geri dönmə haqqı məsələsinə yer verilmədiyi bildirilən planda fələstinli qaçqınların vətənlərinə qayıtmaq haqqını da görməzliyə vurulduğu qeyd edilir.

Fələstin tərəfinə bir sıra maddi yardımlarla bərabər Qüdsün kənar məhəllələrindən birinin paytaxt olaraq təklif edildiyi bildirilən planın tarixə "İkinci Balfur Bəyannaməsi" olaraq düşəcəyi vurğulanır.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com