Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2018
14:20
Badamdarda gərginlik davam edir: əhali köçürüləcəkmi?

Əziz Qaralov: “Uçqun evlərin hasar divarları istiqamətində davam edir”

Bayıl ərazisində sürüşmə zonasında gərginlik davam edir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib ki, hazırda sürüşmə sahəsindəki dik qalmış torpaq qatında xırda uçqunlar müşahidə edilir: “Qoyduğumuz gips mayaklarda dəyişiklik hiss olunmur. Dik qalmış torpaq qatında xırda uçqunlar olur ki, bu da təbiidir. Evlərin hasar divarları qırılma qaşının yaxınlığında yerləşir, onların bəzilərində çatlar müşahidə edilir və uçqun o istiqamətdə davam edir”.

Lakin bütün bu təhlükələrə baxmayaraq, ərazidə yaşayan sakinlər hələ də evlərini tərk etməyiblər. Onların köçürülməsi üçün rəsmi qaydada qərar da verilməyib, proqram da hazırlanmayıb.

Əziz Qaralovun verdiyi məlumata görə, Bayıl yamacında "Teleqüllə" sürüşmə sahəsində də monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib: "Həmçinin Buxta küçəsi sahəsində monitorinq işləri davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb".

Buxta küçəsindən aşağıda yerləşən tikililərə təhlükə varmı?

Əziz Qaralov söyləyib ki, hazırda həmin ərazidə yerləşən 16 mərtəbəli bina üçün təhlükə yoxdur:

“Biz tikinti işinə qarışmırıq. Sadəcə olaraq ərazinin geologiyası barədə məlumat veririk. Bayıl yamacında riskli ərazini xəritələşdirmişik. Buxta küçəsi də riskli ərazilər xəritəsində qeyd edilib. Bu qeydlər hələ tərəfimizdən 3-4 il əvvəl aparılıb. Bayıl ərazisində jurnalistlərin binasını da hansısa təhlükə gözləmir. Həmin yer xəritəmizdə sürüşmə ərazisi kimi qeyd olunmayıb. Buxta küçəsi ona görə sürüşür ki, orada yamac kəsilib, tökmə torpaq üzərində evlər inşa olunub. Bu gün də onun fəsadları özünü göstərir. Orada artıq aşağı hissədə evlər uçub. Buxta küçəsi də uçduqdan sonra yuxarı təhlükə yuxarı hissədəki evlərə gələcək. Yəni oradakı proses ardıcıllıqla bu cür gedir”.

Tikinti İdarəsinin rəisi olmuş Əzim Məsimov isə söyləyib ki, Badamdarda sürüşmə zonasının əhalisi üçün təhlükə var:

“Bu məsələ nəzarətdə olmalıdır. Ola bilsin ki, proses sürətləndi. Elə bir hal yarana bilər ki, sürüşmə sürətli şəkildə baş verər. Lakin mümkündür ki, sürüşmə bir neçə ay, hətta bir neçə il də çəkə bilər. Daxildə gedən prosesi dəqiq öyrənmək lazımdır ki, fikir bildirəsən. Camaat oradan köçürlərsə, harada boş yer varsa ora köçürüləcək. Yəni şərait olmalıdır ki, həmin adamları uyğun yerə köçürsünlər. Əgər köçürülmə aparılan rayonda, qəsəbədə başqa yer yoxdursa, insanları kənara köçürəcəklər. Şəhərin mərkəzindən çıxarılan əhalinin hökmən mərkəzə köçürüləcəyini söyləmək də olmaz. Mərkəzdə evlər bahadır. Hökumət belə vəziyyətdə insanlara mərkəzdən ev alıb bağışlaya bilməz. Sovet dövründə vəziyyət başqa idi. Məsələn, “Sovetski” adlanan ərazidən insanları köçürürdüksə, baxırdıq ki, mərkəzdə harada yer varsa ora köçürürdük. Mərkəzdə yer olmayanda kənar ərazilərə köçürürdük. İndi də şəhərin mərkəzində boş binalar var. Ancaq onların qiyməti çox bahadır. Hökumətin pulu xalqın puludur. Kiminsə səhvi üzərindən Badamdarda sürüşmə zonasında evlər tikilib. Ancaq bu, böyük cinayətdir. Bu cür tikililərə əvvəldən yol verməmək lazım idi”. (“Yeni Müsavat”)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Badamdarda gərginlik 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com