Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2018
12:33
871 vətəndaşımız hələ də Ermənistanda əsir və girovluqda saxlanılır

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

İclasda çıxış edən Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir ki Dağlıq Qarabağ münaqişəsinin həlli yubanır.

M.Quliyev qeyd edib ki, ötən illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlara görə, 871 nəfər Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır.

General-polkovnik bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər:

"Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, dövlətimizin başçısı keçirdiyi müvafiq görüş və müzakirələrdə bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır".

M.Quliyev vurğulayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb: "Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”/Modern.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mədət Quliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 11:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com