Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
19:45
Azərbaycan ədəbiyyatında və sənətində Kərbəla mövzusu - FOTO
"İlahi eşqin tərənnümü: Kərbəla meracı ədəbiyyatda və sənətdə" mövzusunda konfrans keçirilib

Bu gün “Qələm” Yazar Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “İlahi Eşqin Tərənnümü: Kərbəla macərası ədəbiyyatda və sənətdə” mövzusunda konfrans keçirilib.

Yazıçıların, ictimaiyyət nümayəndələrinin, sənətşünasların, partiya funksionerlərinin, ziyalıların, ilahiyyatçıların iştirak etdiyi tədbir müqəddəs Quran ayələrinin oxunuşu və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Konfransı açıq elan edən “Qələm” Yazarlar Birliyinin rəhbəri, jurnalist Qurban Cəbrayıl İslam dünyasında böyük mahiyyətə malik Məhərrəm-Səfər ayında baş vermiş mühüm tarixi hadisə - Kərbəla faciəsinin Azərbaycan xalqının mədəni-mənəvi xəzinəsi hesab edilən şeir, əsər, müxtəlif bədii sənət nümünələrində dərin iz buraxdığını, Hacı Əbülhəsən Racinin, Mirzə Məhəmməd Tağı Qumrinin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın və digər qələm sahiblərinin Kərbəla mövzusunda yazdıqları şeir, qəzəllərin xalqımızın Əhli-Beyt yoluna olan dərin hörmətinin nümünəsi hesab etdiyini bildirdi. Sovetlər dönəmində xalqımızın bu məhəbbəti ürəklərində yaşatdığını, 20-ci əsrin sonlarında başlayan Milli Azadlıq Hərəkatında, 20 yanvar hadisələrində şəhidlərimizin dəfni zamanı söylənilən mərsiyyələrlə, növhələrlə öz mənəvi köklərinə nə qədər sadiq olduğunu növbəti dəfə nümayiş etdirdiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra söz Əlyazmalar İnstitutunun elmi işçisi Musarza Heydərova verildi. O bildirdi ki, Azərbaycan klassik ədəbiyyatı İlahi eşqə bağlı olduğu üçün böyük dəyər tapıb: “Əgər biz İlahi eşqi ədəbiyyatımızdan götürsək, orada sadəcə söz yığınından başqa heç nə qalmaz. Klassik ədəbiyyatımız  İlahi eşqə dəyər verdiyi  üçün qüdrət tapıb. İlahi eşqin bələdçiləri isə Peyğəmbər və onun Əhli-Beytidir. 

Söz alan digər tədbir iştirakçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili İmam Hüseyn məhəbbətinin daim xalqın dilində, qələmində və ürəyində yaşadığını xatırladı: “Atam mənə danışardı ki, Maştağada Sovetlərin ən qorxulu, müsibətli illərində insanlar meydana yığışıb bu hadisələri yaşadardılar. O zamanlar səfərin uzaqlığından dolayı Kərbəla ziyarətinə hər adam gedə bilməzdi, lakin bu ziyarətdən gələn şəxslərə çox böyük hörmət edilərdi”.

Natiq teatr sənətinin tarixi haqda da qısa çıxış etdi. Qeyd olundu ki, 9-cu əsrdən başlayaraq Avropada dini teatrlar yaranmağa başladı və bu, dini ədəbiyyatın yaşamasında böyük rola malik oldu. Bu minvalla peşəkar aktyorlar meydana çıxdı. Təəssüflər olsun ki, bizdə belə nümunələr olmadı. Yalnız şəbih adlanan meydan tamaşaları yarandı ki, insanlar bu hadisələr haqda məlumat almağa nail oldular. 

Qorxaz Əlili Azərbaycanda İmam Hüseyn, Kərbəla hadisələrini tərənnüm edən filmin çəkliməsini arzuladığını dilə gətirdi: “İsa peyğəmbər haqqında filimlər çəkilib, amma İmam Hüseyn haqda filmə rast gəlməmişəm. Düzdür, İranda dini mövzulara dair müxtəlif filimlər çəkilib… Əlbəttə, Həzrəti Hüseynin faciəsini çəkmək çox çətindir, bəlkə də heç lazım da deyil… Qoy insanlar  ürəklərində, təsəvvürlərində canlandırsınlar bu hadisələri”.

Daha sonra çıxış üçün söz ilahi nəğmələrin mahir ifaçısı, növhəxan, şair Hacı Yaşar Cahidə verildi. O, mərsiyyə ədəbiyyatının, rövzəxanlığın qısa tarixçəsindən danışdı.  Şairlərdən Əbülhəsən Racidən, Məhəmməd Füzulidən, Xurşidbanu Natəvanın yazdığı şeirlərə bəstələnən avazlarla qədim mərsiyyələri ifa etdi. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” tamaşasında, “Leyli Məcnun” operaralarının notlara köçürülərkən məhz bu mərsiyyə və qəzəllərin avazlarından istifadə olunduğunu xatırlatdı. 

Konfransda çıxış edən növbəti qonaq tanınmış sənətşünas Ziyadxan Əliyevin də çıxışı maraqla qarşılandı. Görkəmli sənətşünas Şuşa şəhərində yaşayıb yaratmış görkəmli ziyalı Mir Mövsüm Nəvvabın yaradıcılığına toxundu. Rəssam 1864-cü ildə “Qəm dəryası” adlanan əsər yazaraq 5 miniatür işləyib. Bu illüstrasiyalarda Əli Əkbər əleyhissalamın döyüşü, Hürr əleyhissəlamın Kərbəlada döyüşü, Həzrəti Qasimin meydanda qılınc oynatmasını təsvir edib. Mir Mövsüm Nəvvab Şuşa şəhərində keçirilən Məhərrəmlik mərasimləri ilə də bağlı iki əsər işləyib. 

Daha sonra böyük rus rəssamı Vasili Vasilyeviç Vereşaqinin Qafqaza səfəri zamanı Şuşa şəhərində Məhərrəmlik mərasimlərinin təsvirinə aid şəkillər də nümayiş edildi. 

Tədbir Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Növrəstə İbrahimovanın, ilahiyyatçı alim Hacı Araz Şiyəkəranlının, fəlsəfə elmləri doktoru Mail Yaqubun və digər iştirakçıların mövzu ətrafında olan çıxışları ilə davam etdirildi./Şəhriyar Səmədov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com