Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
11:49
Əksəriyyəti dindar, ibadət əhli olah kufəlilərin vəfasızlığına nə səbəb oldu?

Peyğəmbərin (s) vəfatından qısa müddət sonra ümmətin Aşura cinayətə əl atmasının səbəbi nə idi? Demək olar ki, böyük əksəriyyəti dindar, ibadət əhli olah kufəlilərin bu vəfasızlığına nə səbəb oldu? Bu qayamın təhlili insana dərin bəsirət, saf agahlıq bəxş edir. O cümlədən qiyamın səbəblərinə və Allah rəsulunun (s) vəfatından az bir müddət keçməsinə baxmayaraq o Həzrətin (s) ailəsinin, övladlarının başına gələnlər insanı düşündürməyə bilmir.

İmam Hüseyn (ə) qiyamı tarixin bu günə qədər yaşadıb saxladığı ən böyük ibrət məktəbidir. Bu məktəb, islah olmaq istəyən, azad olamq istəyən, zülmətdən nicat tapmaq istəyən insanlara daima yol göstərən bir çıraq olub. Bu hadisəni araşıran kər bir kəs öz dünyası və axirəti üçün mühüm faydalar əldə edə bilir. Hətta deyə bilərik ki, bu qiyam dünya miqyaslı əhəmiyyətə malikdir.

Nə səbəb nə olduki, öz peyğəmbərlərinin (s) vəfatından sonra ummət bu cinayətlərə əl atdı? Ümmət bu qədər tənəzzülünə düçar oldu? Peyğəmbər (s) zamanında öz iman və sevgisi ilə o Həzrətə (s) bağlı olan cəmiyyət, peyğəmbərin vəfatından təxminən 50 il sonra Əhli-Beytə (ə) qarşı bu rəftarın, bu mənəvi süqutun səbəbi nə idi? Demək olar ki, böyük əksəriyyəti dindar, ibadət əhli olah kufəlilərin vəfasızlığının səbəbi nə idi?

Bu barədə bir çox mətləblərə toxunmaq olar və səbəb olaraq bir neçə dəlil qeyd etmək olar. Bunlardan biri də, həm də ən ümdəsi insanların dünyaya olan baxışı və bundan qaynaqlanan dünya sevgisi, dünya tələbidir.

Kufə əhli heç də dinsiz, imansız insanlar deyildi. Əhalinin böyük əksəriyyəti ibadət əhli, namaz əhli, hətta çoxu Quran hafizi idi. Buna baxmayaraq onlar İmamın (ə), öz peyğəmbərlərinin sevimli övladlarının qanının tökülməsinə bais oldular. Bu mətləb özü böyük bir diqqət və araşdırma tələb edir.

Ümmətin bu cür vəfasızlığının, bu cür susqunluğunun sirrinə İmam Hüseyn (ə) bir kəlamı ilə  gözəl şəkildə aydınlıq gətirir. İmam (ə) insanların bu vəfasızlığına işarə edərək buyurur:

“İnsanlar dünyanın bəndəsidir (quludur). Din dillərinin ucundadır. Din dünyalarını təmin etdiyi müddətcə onlar dindədirlər...”

İmam (ə) bu kəlamı ilə insanların dindən tələbinə, gözləntisinə işarə edir və diqqətə çatdırır ki, din insanların istək və məişətini, dünyasını təmin etdiyi müddətcə onlar öz dinlərində qalırlar. Dünya həyatları nə zamana qədər öz axarında davam edərsə, o vaxta qədər dinə bağlı olarlar.

“...eləki imtahan yetişdi, dindarlar azalar”

Yəni zahirdə dindar, imanlı, ibadət əhli çoxdur. Lakin eləki hansısa bir müsübət, bir bəla və imtahan yetişi dindarlar azalar. Bu səbəbdən hədisdə insanlar dünya əhli yox, dünyanın bəndəsi (qulu) adlandırılıb.

Hədislərdə dünya iki istiqamətdən təhlil edilib: VASİTƏ və HƏDƏF

Dünyaya vasitə kimi, hədəfə yetişmək üçün yol kimi baxılarsa bu zaman baxış müsbət hesab olunur. İnsan kamalata, Ali Kamala yetişmək üçün dünyadan vasitə kimi istifadə edir. Bu zaman dünya bir vasitə hesab olunur.

Digər bir baxış isə dünyanın hədəf seçilməsidir. İnsan dünyanı özünün son hədəfi təyin edir. Bütün səy və çabalarını yalnız dünya üçün sərf edir. Məhz bu zaman o yalnışlığa düçar olur. Bu zaman bəsirəti əldən verib, həqiqətlərin idrakından məhrum olur. Ayə və hədislərin məzəmmət etdiyi dünya məhz budur. Əslində məzəmmət olunan dünya, həmin bu baxışdır. Bu zaman dünya təhlükəli və bütün xətaların əsl səbəbi hesab olunur. Bütün bəla və müsibətlərin səbəbi dünyaya bu cür baxmaqdır. “Dünya sevgisi bütün xətaların əvvəlidir” hədisinin nəzərdə tutduğu mətləb budur.

Quran ayələri də bu mətləbi təsdiq edir. Tövbə surəsi 38-ci ayədə buyurulur:

“Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb (donub) qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.”

Mütəal Allah ayədə iman əhlinə xitab edir. “Sizə nə olub” deyə buyurur. Sizə Allah yolunda döyüşün deyildikdə yərə yapışırsınız. Siz dünya həyatına qane olursunuz. Dünya ilə kifayətlənirsiniz. Diqqət etsək görərik ki, ayənin əvvəlində möminə xitab olunur. Halbuki mömin namaz, oruc, bütün ibadətlərində davamlıdır. Bu da o deməkdir ki, ayə və hədislərin məzəmmət etdiyi dünya anlayışı daha geniş miqyaslıdır.

Hətta elə ola bilər ki, insanın etdiyi ibadətləri onun üçün faydalı yox, əksinə təhlükəli olsun. Mümkündür hətta ibadətlərindən razı olan insanın namaz və səccadəsini onun üçün bir bütə çevirsin.

Əslində bütün bunlar imana xidmət edən bir vasitədir, imanı formalaşdırır. Hətta imanın özü belə tam hədəf deyil. İman özü də ali hədəflərə, həqiqətlərə yetişmək üçün vasitədir.

İman mömin üçün bir zərurətdir, onun yaşam səbəbidir. İman insanın yaşam fəlsəfəsi, yaşam qayəsi olmalıdır. İnsan iman əldə etmək, imanlı olmaq üçün yaşamalı və ibadət etməlidir. Həinki, hədəfi ibadət olmalıdır. Belə olmazsa ibadəti fayda verməz, dinlə dünya arasında seçim qarşısında qaldıqda acız qalar.

Həzrəti Əli (ə), Əmmarla Muğeyrə bin Şöbənin mübahisəsində Əmmara nəsihət edərək buyurur:

“ Ey Əmmar onunla mübahisəyə dəyməz, çünki o, din dünyasına faydalı olduğu müddətcə dindardır.”

Yəni bu kimi şəxslər dindən dünya mənfəti əldə etdikləri müddətcə dində qalarlar. Dini dünyaları üçün istəyərlər. Din dünyaları üçün, dünya həyatları üçün bəhrə verdiyi halda dində qalarlar. Bu kimi şəxslər dində dünyalarını tapa bilmədiyi halda onların bütün dini, imanı alt-üst olar.

Bəli, belədir. Biri üçün mal-pul dünyadır, bir üçün ev-maşın dünyadır, biri üçün sadəcə şöhrət dünyadır. Din də bu cürdür. Bəzən ibadət, namaz, bu kimi əməllər özü insan üçün onun dünyasına çevrilir. İnsan dini dünyası üçün tələb edir. Dünyası əlindən çıxdıqda dini, dini düşüncəsi alt-üst olur. Çünki o, din dünyasına faydalı olduğu müddətcə dindardır. Bu insan üçün bir təhlükədir.

Hətta dini sırf dünyası üçün deyil, savab üçün də tələb edərsə, o da insanın öz mənfəətinə qayıdır. Doğrudur bu lazımdır, zəruridir. Lakin bir həddə qədər. İnsanın hədəfi sırf savab olarsa, bu da bir cür naqislikdir. Çünki bundan daha ülvi dəyərlər vardır ki, insanın bunlardan xəbəri olmalıdır.

İnsan bütün səy və əməllərini xalis olaraq Mütəal Allah üçün olmalıdır. Bu xaisl niyyətə öz mənfəətini qatmaya. Hətta savab olsa belə. Bu baxış ən uca, ən ali baxışdır.

Buna misal olaraq Həzrət Əlinin (ə) münacatını qeyd etmək olar. İmam (ə) duasında buyurur:

Allahım sənə savab niyyəti ilə, yaxud cəhənnəm qorxusu ilə ibadət etmirəm. Sənə ibadətə, itaətə layiq olduğun üçün ibadət edirəm. Sənə sənin Özün üçün ibadət edirəm. Məni cəhənnəmə atsan belə yenə deyəcəm ki, “Allahım məni sənə böyük məhəbbətim var”.

İnsanın ən böyük bəlası budur! İbadətində, niyyətində yanlış ola, şeytanın bu kimi hiylələrinə aldana, öz ibadətində xalis olmaya. Kufə əhlinin də bəlası bunda idi. İmam Hüseyn (ə) “İnsanlar dünyanın bəndəsidir” ifadəsi buna işarədir.

Ardınca “Din dillərinin ucundadır“...eləki imtahan yetişdi, dindarlar azalar” deyə buyurur. Yəni eləki imtahan yetişdi, dinləri onlara dünyanı vermədi, dindarlar azalar. Kufəlilər elə düşünürdülər ki, İmam Hüseyn (ə) gələcək, onlar artıq naz nemət içində olacaqlar. Amma eləki gördülər İamam (ə) təkdir, dünya mənfəti qarşı tərəfdədir hamı keçdi qarşı tərəfə. Hətta İmama (ə) qarşı çıxdılar.

Onlar dinləri vasitəsi ilə dünya axtarırdılar. Din vasitəsi ilə dünya nəmətlərinə yetişmək istəyirdilər. Onların bu istək və düşüncələri gətirib İmamla (ə) düşməmçilik halına gətirdi.

İnsanın ilk işi niyyətini xalıslişdirmək, niyyətinə özünü, dinini qarışdırmamaq olmalıdır. İnsan məhz bu düyünü görməli, bu düyünün açılmasına çalışmalıdır. Bu düyün açılmadıqca insan həqiqi səadətə yetişməz.

İmam Hüseyn (ə) digər bir hədisdə buna işarə edərək buyurur:

“Öz istəklərini Allahın istəklərindən üstün tutan bir qövüm (cəmiyyət) heç vaxt səadətə çatmaz.”

İnsan öz arzularının ardınca yox, Allahın rizası ardınca olmalıdır. Bu cür olmadıqda o dinində ixlaslı deyildir.

Şeytan da insana bu hiylə ilə yaxınlaşır. Təbii ki, Şeytan bir dindara qumar, içki hiyləsi ilə yaxınlaşmaz. Əksinə onun zəif və gizli yerindən yaxınlaşar. İman əhlini bu kimi gizli hiylə və daxili şirklə aldadar. Onun üçün hədisdə buyrulur ki, yüksəliş və səadətə yetişmək istəyirsənsə öz istək və mənfəətini Allahın rizası ilə əvəz etməlisən. Allahın rizasını hər şeydən öndə bilməlisən. Hətta ibadətində belə diqqətli olmalısan. Niyyətini diqqətlə araşdırıb baxmalısan, bu ibadəti öz nəfsim üçün edirəm, yoxsa xalıs olaraq Allah üçün?

Quran özü də ibadətə sövq edən ayələrin sonunda buyurur ki, ibadət edin, itaət edin, namaz qılın bəlkə təqvalı oldunuz.

Təqvanın özü nədir? Təqava özü də insan üçün son hədəfdirmi? 

Xeyir!

Çünki Quran özü də bir neçə yerdə təqvanı belə hədəfə yetişmək vasitə bilir. Çünki Quran buyurur ”Təqvalı olun bəlkə nicat tapdınız”. Bu ayə belə göstərir ki, təqva hədəf deyil, əksinə yoldur. İnsan ali hədəfə, “fəlah” (səadət) məqamına yetişmək üçün təqvalı olmalıdır. Yəni təqva özü belə hədəf deyil. Möminlər gərək diqqətli olub təqvanı özlərinə hədəf təyin etməsinlər. Əksinə təqvalı olub, daha ali məqamlara yetişməyi düşünməlidirlər. İmam Hüseyn (ə)-da hədisində buna işarə edir. Yəni din hədəf olmamalıdır. İnsan dinini öz istək və arzularına qurban etməməlidir.

Kufəlilər dinlərini özlərinə hədəf seçdilər. Dini də dünyaları üçün tələb edirdilər. Elə bu da səbəb oldu ki, dünyaları təhlükə qarşısında olduqda dinlərini dünyalarına qurban etdilər. 

Əslində din, iman, ibadət, təqva bütün bular hədəf deyil, hədəfə yetişmək üçün bir vasitə olmalıdır.

Hacı İlham Əliyev

AİP-in sədr əvəzi 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com