Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2018
13:54
Ermənistanda siyasi böhran, rus “barmağı” və Bakının səbri

Düşmən ölkədə gedən proseslər onun daxili işi olmaqdan çıxır; fransız nəşri: “Azərbaycan və Türkiyə kimi düşmənlər arasında sıxılan Ermənistan...”

Ermənistanda daxili ictimai-siyasi gərginlik getdikcə artır. Ötən çərşənbə axşamı parlamentdəki çoxluq -  eks-prezident Serj Sərkisyanın Respublika Partiyası timsalında indiki müxalifət əks-inqilab cəhdi edib revanş götürmək istəsə də, bu, baş tutmadı. Reqlament haqda ikinci oxunuşda qəbul edilən qanun layihəsi baş nazir Nikol Paşinyanın əl-qolunu bağladığı və onu konstitusiya dalanına saldığı üçün, baş nazirin xalqı parlament önünə çağıraraq, parlamentdəki müxalifətə təzyiq eləməkdən savayı yolu qalmadı.

Lakin hələ ki növbədənkənar seçkilər məsələsində yeni iqtidarla köhnə iqtidar arasında konsensus baş tutmayıb. Parlamentdəki köhnə çoxluq qanunverici orqanın tezliklə buraxılması və seçkilərin bu ilin dekabrında keçirilməsi ilə bağlı Paşinyanın təklifini yaxına buraxmır. Sərksiyanın parlament bloku və daşnaklar seçkilərin ən yaxşı halda gələn ilin may-iyununda (Respublika Partiyası hətta 2020-ci ildə təkid edir) keçirilməsinə razıdır.

Anlaşlınadır. Paşinyanın əsas siyasi opponentləri əmindirlər ki, həmin vaxta kimi təzə hökumətin ictimai dayaqları, baş nazirin populyarlığı zəifləyəcək. Şübhəsiz ki, seçkilərin vaxtının uzanması həmçinin Rusiyaya da Ermənistandakı dayaqlarını gücləndirmək şansı verəcək. Bu ilin sonunadək erkən parlament seçkilərinin baş tutması isə köhnə rejimin qalıqlarının siyasi meydandan tamamən təmizlənməsi demək olardı. Çünki Paşinyanın reytinqi yüksək olaraq qalır. Bunu ötən ayın sonlarında İrəvan merliyinə seçkilər də təsdiqlədi.

Təbii ki, əsas rəqiblərinin hədəflərindən Paşinyan yaxşı xəbərdardır. Odur ki, baş nazir tələsir. Bəs bu tələskənlik nə verəcək? 8 may inqilabından başlayan hakimiyyət dəyişikliyi məntiqi sonluğa çatacaqmı, yoxsa düşmən ölkədə növbəti daxili çaxnaşmanın şahidi olacağıq?

Unutmayaq ki, müxalifətə keçmiş Qarabağ klanının öhdəsində hələ mühüm maliyyə rıçaqları var və arxasında Rusiyanı hiss edir. Əks-inqilabçıların başqa bir təzyiq “kartı” Qarabağdır. Bu yerdə yada salaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan da Rusiyanın adamlıdır və Qarabağ klanına bağlıdır.

“Ermənistanda mahiyyət etibarilə köhnə və yeni hakimiyyət arasında legitimlik uğrunda mübarizə gedir”. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu Avropa yaşayan erməni ekspert Riçard Kirokosyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti üçün legitimlik “xalq mandatından” qaynaqlanır.

“Bu ”mandat" da onun populyarlığını və təşkil elədiyi küçə etirazlarının gücünü müəyyən edir. Korrupsiya və saxta seçkilərə görə özünü gözdən salmış və ictimai dəstəyini itirmiş keçmiş elitanın legitimliyi isə parlament üzərində nəzarətə əsaslanan demokratiya imitasiyası üzərində qurulub - bu, getdikcə seçicilərin ovqatına daha çox uyğun gəlməsə də", - deyə erməni təhlilçi qeyd edib.

Erməni analitikin sözlərinə görə, bununla belə, hazırkı mürəkkəb situasiyaya baxmayaraq, Ermənistandakı yeni siyasi reallıq geridönməz xarakter daşıyır. “Əvvəlki hökumət və ona yaxın partiyalar getdikcə daha çox ”keçmiş" termininə uyğun gəlir. Onlar hər bir addımları ilə o cizgiyə yaxınlaşırlar ki, ondan sonra onlar haqqında ölkənin siyasi tarixində yalnız xatirələr qalacaq" - Kirokosyan əlavə edib.

“Hərçənd indiki böhran erməni-erməni böhranıdır, amma yenə burada Rusiya barmağı görünür”. “Yeni Müsavat”ın məlumatına görə, bunu isə Fransanın “Le Fiqaro” nəşrində jurnalist Reji Jente yazıb.

Məqalədə daha sonra deyilir: “Aprelin sonunda bu balaca Qafqaz respublikasında, Azərbaycan və Türkiyə kimi düşmənlər arasında sıxılan Ermənistanda özünün təhlükəsizliyini təmin edən Moskva təkid edirdi ki, konstitusiyaya əməl olunsun və yeni hökumət parlamentlə əməkdaşlıq eləsin. ”Ruslar Ukraynadakı səhvlərini anladılar və bizim inqilaba qarşı ikrahını reklam eləmədi. Ancaq mahiyyət etibarilə onlar Paşinyanı sevmirlər və onu məcbur edirlər ki, satqın parlamentlə əməkdaşlıq eləsin. Ümid edirlər ki, Paşinyan yeni parlamenti formalaşdıra bilməyəcək və zaman ötdükcə xalqın dəstəyini itirəcək", - deyə Paşinyana yaxın şəxslərdən biri fransız nəşrinə bildirib.

Nəşr sonda yazıb: “Çərşənbə axşamı Paşinyan aprel-may ayındakı kimi xalqa hesabat verdi. Məxsusən eks-prezident Serj Sərksiyan üçün hazırlanan konstitusiya ona az hərəkət imkanı verir. Məsələn, istefaya getmək və parlamentdən öz yerinə yeni baş nazir təyin edilməyəcəyi barədə vəd almaq - hansı ki, avtomatik surətdə növbədənkənar parlament seçkilərin keçirilməsinə gətirəcək - qeyri-müəyyən nəticələri ilə birgə riskli bir təklifdir. Bu, elə deputatlara deməkdir ki, siyasi özünüqəsdə razılıq versinlər. ”Mən istefa verdiyin gündən siyasi hadisələrin inkişafının müşahidə edilməsi sizin nəzarətiniz altında gedədək" - Paşinyan bəyan edib".

Aydın məsələdir ki, parlamentdəki çoxluq siyasi intihara heç vaxt razı olmayacaq. Yəni indiki parlamentin ömrünü maksimum uzatmağa çalışacaq. Odur ki, Nikol Paşinyan qarşısında heç də asan məsələ dayanmır...

Sözsüz ki, Ermənistandakı proseslər birbaşa və dolayısıyla Qarabağ məsələsinə də toxunduğundan, Azərbaycan oradakı prosesləri diqqətlə izləyir. Azərbaycan və Ermənistan rəhbərləri arasında Düşənbədə əldə olunan şifahi anlaşma göstərdi ki, rəsmi Bakı hələ ki düşmən ölkədə legitimlik probleminin maksimum qısa zamanda həlli və yeni hakimiyyətin oturuşması üçün hər halda Nikol Paşinyana müəyyən vaxt limiti tanıyıb.

Aydındır ki, Azərbaycan əli günahsız azərbaycanlıların qanına bulaşmış, Xocalı soyqırımına imza atmış Sərkisyan-Köçəryan cütlüyünün siyasi revanş götürməsini istəmir. Hər necə olmasa, Ermənistandakı yeni hakimiyyət yeni danışıqlar üçün yeni potensial deməkdir. Fəqət, Bakının səbri də sonsuz deyil. Sərkisyan-Köçəryan cütlüyü ilə 20 ildə anlaşmaq mümkün olmadı, bəlkə Paşinyan hökuməti ilə oldu?

Təbii ki, sualın cavabı Rusiyadan da asılı olacaq. Özü də xeyli dərəcədə. Nədəni məlum: Ermənistan inqilabdan sonra da Kremlin forpostu olaraq qalır. Regionda yeganə qanuni rus hərbi bazaları məhz Ermənistandadır. Bu isə çox ciddi faktordur - o cümlədən Paşinyan iqtidarının siyasi uzun ömürlülüyünə qarşı...//“Yeni Müsavat” 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 02:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com