Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
15:00
Bahalı neft yeni böhran yarada bilər

Dünya bazarında “Brent” markalı neft son 4 ilin yeni qiymət rekordlarını təzələməkdədir. Belə ki, dünən birjalarda dekabrın 18-i tarixinə bağlanan müqavilələrdə qiyməti 86,25 dollar olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bu qiymət sıçrayışının bir neçə mühüm səbəbi var: “Əvvəla, ABŞ-la İran arasındakı gərginlik artıq hüquqi müstəviyə keçdi. İkincisi, məlum oldu ki, sentyabrda ABŞ faktiki olaraq Çinə neft satmaqdan imtina edib”.

Maraqlıdır ki, dünya bazarında qiymətin yüksək olması nəinki istehlakçıları, heç istehsalçıları da qane etmir. Belə ki, neftin ən böyük istehlakçısı, həm də istehsalçılarından biri olan ABŞ bu məhsulun qiymətinin hədsiz yüksək olmasından məmnun deyil. Bu ölkənin prezidenti Donald Tramp dəfələrlə qiymətlərin aşağı salınması üçün OPEK-ə müraciət edib. Hətta son günlərdə əsas neft hasilatçılarından olan Səudiyyə Ərəbistanı kralını ciddi şəkildə tənqid edib.

Daha bir böyük neft hasilatçısı olan Rusiyanın prezidenti Vladimir Putin bildirib ki, dünya bazarında neftin qiymətinin 60-65 dollar olması onun ölkəsini tam qane edir.

İ.Şabanın fikrincə, həqiqətən də hazırda istehlak bazarı, həm də hasilatçılar üçün 65 dollar “qızıl orta qiymətidir”: “Çünki neftin bahalı qiyməti fəsadlara yol açır: 1) dünyada ona tələbat arzu olunan səviyyədə olmur; 2) bahalı neft olan zaman istehlakçılar böyük məbləğdə investisiyaları alternativ enerji mənbələrinə və yanacağa alternativ olan maşın və mexanizmlərin, texnologiyaların yaradılmasına və böyük istehlakçı kütləsi üçün əlçatan olmasına çalışırlar; 3) neftin bahalı dövrü heç zaman uzunmüddətli olmur və sonrakı mərhələsi tarix boyu həmişə kəskin ucuzlaşma ilə müşahidə olunub ki, bu da iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün daim şok effekti yaşadır; 4) bahalı neft iri gəlirlər deməkdir - bu isə institutsional nəzarət mexanizmi olmayan ölkələrin iqtisadiyyatında neft gəlirlərindən bəhrələnmək əmsalını aşağı salan göstəricidir. Neftin ucuz dövründə belə ölkələrdə gəlirlərdən daha effektli istifadə etməyə çalışırlar; 5) bahalı neft dünya bazarlarında neft avadanlığı və servis qiymətlərini neftin artan qiymətindən daha çox artımına gətirir. Texnoloji şirkətlər isə faktiki olaraq ABŞ və Qərb şirkətləridir - ona görə də üçüncü dünya ölkələrinin, hansılar ki, əsasən hasilatçı ölkələr sırasındadırlar - mənfəətləri əslində böyük olmur”.

Azərbaycana gəlincə, belə bahalı qiymətlər fonunda ölkəmizin neftdən gəlirləri də sürətlə artır: “Neft Fondu gəlirlərlə bağlı ilin əvvəlindən olan məlumatı açıqlayıb. Onu təhlil edib gördüm ki, sentyabr ayında ancaq ”Azəri-Çıraq-Günəşli" layihəsindən (həmçinin “Şahdəniz” kondensatının mənfəət payından) Neft Fonduna mənfəət şəklində 745 milyon dollar vəsait daxil olub. 8 ayda AÇG-dən gələn mənfəət isə 7 milyard 401 milyon dollar təşkil edib. Əgər nəzərə alsaq ki, IV rübdə dünya bazarında neftin qiyməti daha çox 80-85 dollar dəhlizində ola bilər (İran faktoru ən azı bazarlarda gərginliyi yaxın iki ayda saxlamaqda davam etdirəcək), onda bu zaman kəsiyində AÇG-dən 2,6-2,7 milyard dollar mənfəət proqnoz etmək mümkündür ki, nəticədə 2018-ci ilin yekunlarına görə layihədən dövlətin xalis mənfəəti 10 milyard dollara qədər arta bilər. Neft Fondunun ümumi gəlirləri isə bu il təqribən 10,8 milyard dollar təşkil edə bilər".("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neft araşdırmalı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 17:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com