Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2018
14:56
Səbuhini tək qoymayaq!

Bakıya gəldiyim 21 ildir. Aşağı-yuxarı mediaya gəlişim də bu tarixdən 3-4 ay arxadadır. Bu illər ərzində hər gün yeni araşdırmalar üçün saatlarla, bəzən günlərlə  vaxtımı sərf edirəm. Bəzən yoruluram, axı gün ərzində nə qədər xəbər oxumaq, dinləmək olar… Bunların da çoxu qan-qada, qırğın, öldürmə, vurma, yıxma, müharibə oyunları, siyasi çirkinliklər və sair…

Bəlkə də başqa bir sahəyə yönəlsəm, tamam başqa cür olardı, daha çox uğura imza atardım, bəlkə də uğursuzluq zolağından çıxa bilməzdim.

Lakin bu sahədə olduğum üçün də peşman deyiləm. 

Bir əməkdaşımız var idi. Universitetin qurtarandan sonra media sahəsində çalışmamışdı. Gün ərzində oxudu xəbərlər də şou-biznesə aid idi. 2-3 gün əsl xəbərin içində işləyəndən sonra, dünyada nələrin baş verdiyini biləndən sonra təəccübünü gizlədə bilməyərək, “aman Allah, dünyada nələr baş verirmiş”, - deyə sual etmişdi.

Ən azından dünyadan bixəbər olmadığım üçün şadam.

Amma əlimdən tutub məni mediaya gətirən şəxs bu gün yaşam mücadiləsi verir. Azərbaycanda araşdırma jurnalistikasında, reportaj hazırlanmasında, ümumiyyətlə mediada adını qızıl hərflərlə yazdıran Səbuhi Məmmədli od-alov olduğu qədər də, utancaq biri imiş. Üzləşdiyi ağır duruma baxmayaraq, susqun qalması buna bariz nümunədir.

Bəli, bu gün Səbuhi Məmmədli yaşamaq üçün mübarizə aparır və belə demək mümkünsə, heç kəsin də yadına düşmür. Mediada o qədər də tanınmayan, bir səs-küylü araşdırmaya imza atmayan, ancaq qalmaqallarla yadda qalan şəxslər üçün yardım kampaniyası aparanlar, Azərbaycanın müstəqillik illərinin yetişdirdiyi və hər zaman araşdırmalarını, reportajlarını 10 minlərlə insan oxuyan bir yazarın taleyinə biganədirlər. Təəssüf ki, onun işlədiyi sonuncu media orqanının arxivlərinə indi əlim çatmır, yoxsa, Suriyada qanlı döyüşlər getdiyi zaman od-alov içərisindən, Əfqanıstanda terrorun tüğyan etdiyi vilayətlərdən hazırladığı reportajlardan, hər birimiz üçün sirr dolu Şimali Koreya səfərindən olan silsilə reportajlarını təqdim edərdim.

Əziz həmkarlar! 

Biz necə həmkarlarıq? Nəyin və kimin həmkarıyıq. Niyə heç tanımadığımız biri üçün yardım kampaniyasına ürəklə qoşuluruq, kimlərinsə vasitəsi ilə ayrı-ayrı media orqanlarında adam tapıb həmin yardım kampaniyası barədə hazırlanmış xəbərin dərci barədə xahiş edirik, amma Səbuhi barədə susuruq? Onun durumu barədə mediada xəbər dərc edə bilmirik, bəs sosial şəbəkələrə nə gəlib?

Bir neçə gündən sonra Səbuhinin 47 yaşı tamam olacaq. Amma onu bu gün həyata bağlayan balaca Sədəf hələ 3 yaş 7 aylıqdır. Sədəf atasının kim olduğunu dərk edəcək yaşda olmasa belə, bildiyi tək bir həqiqət var: Səbuhi onun atasıdır. 

Lakin biz Səbuhini ondan daha çox tanıyırıq. Həm müsbət tərəflərini, həm də mənfi. Amma insanlara mənfi xüsusiyyətlərinə görə münasibət bəsləmək nə bir kişiyə, nə də bir qadına yaraşan hal deyil, heç başucalıq da gətirmir. Hansımızın mənfi xüsusiyyəti yoxdur? Hamımız məsumuq? İçi mən qarışıq gün ərzində saysız-hesabsız günahlara bulaşırıq və etdiyimiz günahların aşkara çıxacağından da qorxuruq, aşkara çıxdıqda isə yer axtarırıq girməyə, utanırıq. Kiminsə bilməyəcəyini düşünüb, günahlar edirik. Hər kəsin öz günahı öz boynunadır. Nə Səbuhi bizim günahlarımıza görə cavabdehdir, nə də biz onun.

Bu arada bir haşiyə çıxım.

Keçmiş zamanlarda bir padşah rəiyyətinin çətinliklərə reaksiyasını yoxlamaq üçün şəhərə girən yolun ortasında böyük bir daş parçası qoydurur və özü də təğyiri libas olub kənarda oturur, başlayır tamaşa etməyə. 

Daşın yanından keçib şəhərə girənlərin bəzisi yolda maneə yaratmış daşa əhəmiyyət vermədən keçib gedir, çoxu da deyinirlər ki, bu necə şəhərdir, nizam-intizam yoxdur, qanun yoxdur, baxanı yoxdur, şəhərin hakimi nə üçün belə məsuliyyətsizdir...

Amma heç kəs daşı yoldan kənara itələmək fikrində deyildi. 

Şah bir də baxır ki, belinə ağır meyvə yükü şəlləmiş kəndçi ağır addımlarla gəlir. Kəndçi daşa yaxınlaşanda şələsini yerə qoyur. Çox zəhmət çəkdikdən sonra daşı yoldan kənara itələyə bilir. Bu zaman kəndçinin gözü daşın altındakı pul kisəsinə sataşır. Kisəni açanda görür ki, içində qızıl pullar və bir də üzərinə aşağıdakı sözlər yazılmış kağız var: 

“Qarşına çıxan hər bir maneə həyatını dəyişmək üçün şans ola bilər”.

Səbuhinin bu gün üzləşdiyi problem onun həyat yolundakı daşdır. Kimsə bu daşı kənara atmalıdır. O daşın altından çıxacaq kisə isə Səbuhinin həyatını tamamilə dəyişəcək. Daşın kənara atılması üçün isə əl-ələ verməliyik. Səbuhinin həyatdakı səhvlərini özü bilir və başa düşəcək yaşdadır. Amma biz onun müsbət tərəflərini də bilirik. Mənim kimi çoxlarının əlindən tutub mediaya gətirib, problemlərinə yardımçı olub, dinləyib, məsləhət verib, yol göstərib. Bu gün isə bizim ona dəstəyimiz, problemlərinə yardımçı olmağımız vacibdir.

Hər günün öz hökmü var. Çalışaq, gecikməyək.

Aqil Mehdi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səbuhi Məmmədli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 05:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com