Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
12:53
Dünənki avtobus-qatar qəzası ilə bağlı QANUN NƏ DEYİR?

Dünənki qəzadan sonra ağıla gələn suallardan biri də bu oldu ki, dəmirolu keçidində şlaqbaum olub, ya yox? 

Şlaqbaumun olub olmamasından fərqli olaraq başqa bir sual da avtobus sürücüsünün dəmiryolla kəsişmədə necə hərəkət edə biləcəyi ilə bağlı da müzakirələr aparılır. Amma burada hər hansı bir müzakirəyə yer yoxdur və sürücü olan hər bir kəs yol hərəkəti qaydalarını bilməlidir.

FaktXəbər olaraq sözügedən yol kəsiçməsində avtobus sürücüsünü necə hərəkət edə biləcəyini göstərən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu təqdim edirik.

Qanunun 44-cü Maddəsində Dəmiryol keçidlərində hərəkət barədə konkret bəndlər var:

I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.

II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.

III. Keçidə girmək:

1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;

2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);

3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);

4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;

5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);

6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır. Bundan əlavə:

1) şlaqbaumu özbaşına açmaq;

2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək;

3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.

IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın (STOP) və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.

V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü:

1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;

2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;

3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.

Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir.

FaktXəbər-in məlumatına görə, hazırda ölkəmizdə 52 xəbərdarlıq nişanı nəzərdə tutulur. Onlardan ilk 10 ədədi dəmiryol keçidlərini işarələmək üçün tətbiq olunur. Bu da təsadüfi deyil, çünki dəmiryol keçidi yolda ən ciddi təhlükələrdən biri sayılır. Hətta tarixdə mövcud olan ilk yol nişanlarından biri dəmiryol keçidi barədə xəbərdarlıq nişanı olmuşdur. 

 Nişanların izahı: 

1.1 «Şlaqbaumlu dəmiryol keçidi» nişanı şlaqbaumla təchiz edilən (şlaqbaumun növündən asılı olmayaraq) dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

1.2 «Şlaqbaumsuz dəmiryol keçidi» şlaqbaumla təchiz edilməyən dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

Deməli, 1.11.2 nişanları bir-birinin alternatividir. Bu nişanlardan hər hansı birini  görən sürücü yol hərəkətinin dəmiryol keçidində hərəkətlə bağlı bütün tələblərinə riayət etməyə, xüsusən də keçidi təhlükəsiz və qaydalar çərçivəsində keçməyə hazır olmalıdır. Əksər xəbərdarlıq nişanlarından fərqli olaraq, 1.11.2 nişanları təkrarlana bilər və belə halda ikinci nişan dəmiryol keçidinə azı 50 metr qalmış quraşdırılmalıdır.

1.3.1 «Birxətli dəmiryol» və ya 1.3.2 «Çoxxətli dəmiryol» nişanı bütün şlaqbaumsuz dəmiryol keçidlərinin qarşısında qoyulur. Müvafiq olaraq yalnız bir dəmiryolu (yəni cəmi 2 rels) olduqda 1.3.1, iki və ya çox dəmiryolu olduqda isə 1.3.2 nişanı tətbiq olunur. Bu nişanlar keçidin bilavasitə qarşısında svetoforla eyni dayaqda, svetofor olmadıqda isə ən yaxın relsə 20 metrdən az olmayan məsafədə qurulur.

1.4.1.-1.4.6 «Dəmiryol keçidinə yaxınlaşma» nişanları yaşayış məntəqələrindən kənar yollarda dəmiryol keçidinin şlaqbaumla və (və ya) svetoforla təchiz edilib-edilməməsindən asılı olmayaraq keçidə yaxınlaşma barədə sürücüləri əlavə məlumatlandırmaq üçün quraşdırılır. Bu nişanlar dəmiryol keçidinə yaxınlaşdıqca aşağıdakı xüsusi ardıcıllıqla qurulur:

- 1.4.1 nişanı (yolun sağ tərəfində qoyulur) və 1.4.4 nişanı (yolun sol tərəfində qoyulur) 1.1 və ya 1.2 nişanı ilə birlikdə, yəni dəmiryol keçidinə 150-300 metr qalmış qurulur;

- 1.4.3 (yolun sağında) və 1.4.6 (yolun solunda) nişanı təkrarlanan 1.1 və ya 1.2 nişanı ilə birlikdə dəmiryol keçidinə 50 metr qalmış qurulur;

- 1.4.2 (yolun sağında) və 1.4.5 (yolun solunda) nişanı isə müstəqil olaraq birinci və ikinci (təkrarlanan) 1.1 və ya 1.2 nişanları arasındakı məsafənin ortasında quraşdırılır (yəni 1.1 və ya 1.2 nişanı ilk dəfə keçidə 150 metr, ikinci dəfə isə 50 metr qalmış qoyulmuşdursa, 1.4.2 və 1.4.5 nişanları keçidə 100 metr qalmış qoyulacaqdır).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qatar avtobus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 18:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com