Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
12:05
Ərbəin zəvvarlarının bütün suallarının cavabı bu yazıda

Bütün dünyada hər il müsəlmanların kütləvi şəkildə qeyd etdiyi müxtəlif mərasim və tədbirlər var. Bunlara Ramazan ayını, Fitr bayramını, Həcc ziyarətini, qurbanlığı aid etmək olar. Əvvəllər məhdud şəkildə qeyd edilən, amma 2010-cu ildən başlayaraq kütləviliyi artan Ərbəin ziyarətini də unutmaq olmaz. Ərbəin İslam aləminin ən böyük və ən cazibəli tədbiri hesab olunur. Bu tədbirdə dünyanın bütün ölkələrindən gələn müsəlmanlar və müxtəlif inancları daşıyan insanlar iştirak edir. Rəsmi rəqəmlərdə qeyd olunur ki, iştirakçıların sayı 20 milyondan çox olur. 

Ərbəin ziyarəti eşq, məhəbbət, fədakarlıq və s. kimi ali xüsusiyyətləri özündə birləşdirən möcüzəvi bir tədbirdir. Bu xüsusiyyətlər tədbirin bütün iştirakçılarına xasdır. Hətta buna sahib olmayan insanlar belə, Ərbəin ziyarətinin cazibəsindən o xüsusiyyətləri mənimsəyirlər. Ziyarət ərəfəsində insanların sahib olduğu bütün mənəvi keyfiyyətlər açıq şəkildə özünü büruzə verir; insanlar bir hədəfə doğru addımlayırlar.

İraqdakı şərait

Uzun illər müharibə şəraitində olan İraq zəif inkişaf etmiş ölkələr sırasındadır. Daimi müharibə vəziyyətində olan bu ölkə son 10 ildə 1 milyondan artıq can itkisi verməsinə baxmayaraq, ziyarət şəhərlərində sabitlik təhlükəsizlik orqanları tərəfindən mümkün dərəcədə qorunub və bu gün də qorunur. Hər il Ərbəin ziyarətçilərinin sayının milyonları keçməsinə baxmayaraq, heç bir narahatlıq yaradan hal qeydə alınmayıb.  Ölkədəki ağır vəziyyətə, imkansızlığa baxmayaraq, kütləvi zəvvar axınına uyğun olaraq onlara otellərdən əlavə çadır və evlərdə gecələmək üçün şərait yaradılır. Bu imkanı İraq dövləti və “Atabatil Muqəddəsə” (Hərəmlərin müqəddəs ziyarəti) təşkilatı həyata keçirir və bundan əlavə, yol boyu İraq xalqı da ziyarət mərasimlərində könüllü surətdə fəal iştirak edirlər. Onlar mal və mülklərini hər hansı bir maddi qarşılıqsız zəvvarların ixtiyarına verirlər. 

Xidmətlər

Ərbəin yürüşündə şövqlə iştirak edən zəvvarlardan başqa sırf xidmət məqsədi ilə bu ziyarətə qoşulan insanların da sayı az deyil. Belə xidmətçilərin əksəriyyətini yerli əhali təşkil etsə də,başqa ölkələrdən könüllü dəstələri də müşahidə etmək olur. Onlar məscidlərdə, hüseyniyyələrdə, çadırlarda zəvvarların gecələməsi üçün hazırlıqlar görürlər. Bundan əlavə, yemək və çay süfrələri hazırlayır, sərinləşdirici içkilər paylayır, telefon və internet xidmətləri göstərir, hətta xəstələr üçün tibbi xidmətlər də təşkil olunur. Ölkəmizdən də belə könüllü xidmət göstərən dəstələr az deyil.

Səfər məlumatları

Azərbaycandan Ərbəin ziyarətinə iki yolla gediş mümkündür: hava nəqliyyatı və avtobusla. Təyyarə ilə İraq Hava Yollarının birbaşa reysi olan Bakı-Nəcəf, Bakı-Bağdad və yaxud tranzit şəhərlər olaraq Moskva, Tehran, İstanbul şəhərlərindən gedə bilərlər.

Avtobuslarla 24 saat çalışan Biləsuvar və Astara gömrüyündən keçməklə tranzit ölkə kimi İrandan istifadə edib, İran ilə İraqın arasında yerləşən Şələmçə gömrüyündən İraqa keçirlər. Bu gömrüklərin arasında təqribi məsafə 2000 km-dir. Şələmçə gömrüyündən keçən zəvvarlarımız Nəcəf şəhərinə qədər 700 km yol gedirlər. Azərbaycandan gedən zəvvarlar əsasən qrup şəklində avtobuslarla yola çıxırlar. Fərdi olaraq mikroavtobuslarla və ya ümumi marşrut xətti ilə çıxan zəvvarların sayı da az olmur. Maddi imkanı az olan Ərbəin iştirakçılarına qruplarla gediş tövsiyyə olunur. Amma qrupları seçərkən təcrübələri qrup rəhbərləri və güvənilən şirkətlərə müraciət etmək məsləhət görülür. Təxminən bu sahədə 200-dən yuxarı qrup rəhbəri və 5 şirkət fəaliyyət göstərir.Viza almaq üçün bu 5 şirkətə müraciət olunmalıdır. Viza rüsumu olaraq qrup halında 60, fərdi şəkildə isə 65 ABŞ dolları tələb olunur.

Yol tövsiyyələri

Ərbəin zəvvarları digər vaxtlarda etdikləri ziyarətdən fərqli olaraq çox az yol ehtiyatı ilə səfərə çıxmalıdırlar. Əsas tövsiyyə bir çiyin çantasına yerləşəcək qədər yol ehtiyatının götürülməsidir. Məsələn: 4 dəst alt paltarı, 2 dəst yüngül üst geyimi, yay gödəkcəsi, günəşdən qorunmaq üçün papaq, günəş eynəyi, geyinilmiş rahat ayaqqabı (təzə ayaqqabı uzun məsafəli piyada yolda narahatçılıq yaradır), diş fırçası, dəsmal, tibbi maska, dırnaqtutan (qayçı məsləhət deyil). Həmçinin yolda zəhərlənmə, baş ağrısı, qarın ağrısı, qəbizlik halları çox olduğundan, buna qarşı dərmanlar götürmək tövsiyə olunur. Başqa xəstəliyi olanların da uyğun dərmanlar götürməsi məsləhətdir. 

Ziyarət qaydaları

Yürüşə qoşulan zəvvarlar Ərbəin günündən 2 gün öncə mənzil başına çatmaq şərti ilə 3-4 gün ərzində Nəcəfdən-Kərbəlaya doğru hərəkəti nəzərə almalıdırlar. Misal üçün, 30-31 oktyabr tarixində Ərbəin günü nəzərdə tutulursa, oktyabrın 24-25-i Nəcəfdən Kərbəla istiqamətində yürüşə başanılmalıdır. Ərbəin günü zəvvar sayının həddindən artıq çoxluğunu nəzərə alaraq daha sərbəst ziyarət üçün Ərbəindən sonra Kərbəla şəhərində əlavə olaraq 2-3 gün qalmaq məsləhətdir. Ərbəin günlərində daha vacib tövsiyyələrdən biri də əzadarlıq mərasimlərində fəal iştirak etməkdir. Əsas əzadarlıq mərasimləri hərəmlərin ətrafında, hərəmlərdə və “Beynul-hərəmeyn” adlı məkanda keçirilir. Ölkəmizdən gedən qruplar Azərbaycan bayrağı altında bu məkanlarda mərasimlər keçirirlər. 

Möhtəşəm “Ərbəin” mərasiminə qoşulan bütün zəvvarlara salamat və keyfiyyətli ziyarət arzulayırıq!

Nurlan Dadaşov

“Salam Tour” şirkətinin direktoru

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhərrəmlik ərbəin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com