Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
12:25
Möcüzəli “onuncu gün”

Bəşər yaranandan bu yana milyonlarla on günlər keçib. Lakin bu günlər içində dünya möcüzəli bir “onuncu gün”ə  şahidlik edib. Nə üçün möcüzə? Çünki 14 əsr keçməsinə baxmayaraq “onuncu gün”də olan rəhmət, məğfirət, səadət  və şəhadət bu gün də insanlara öz töhfəsini verir.

Hər bir insan həyatda uğur qazanması üçün mütləqdir ki, hansısa əqidə və ya ideologiyaya malik olsun. Çünki əqidəsiz insan üçün həyatın mənası pul, kef çəkmək və digər səthi istəkləri yerinə yetirmək prioritet təşkil edir. Bu istəkləri yerinə yetirdikdən sonra insanda süstlük yaranır, həyat mənasızlaşır və çətinliklər qarşısında dözümlülük aradan gedir. Lakin əqidəli insanın son hədəfi olur  və bu istiqamətə doğru addım atır. Bu səbəbdən xoşbəxtlik və səadətə çatmaq üçün hansısa əqidəyə malik olmaq əsas şərtdir.

Azərbaycanda müşahidə edilən düşüncə, ideologiya və inanclar arasında bizə yad olanlarla birgə, bir də doğmalığı ilə xalqımıza daim yol göstərən, dahi sərkərdə Şah İsmayıl Xətaidən tutmuş şair və nüfuzlu şəxslərə - Nizami, Füzuli, Şirvani, Bakıxanov və s. - kimi hamının malik olduğu bir əqidə mövcuddur. Bu, əlbəttə ki, “onuncu gün”ü başa düşən, onu yaşayan və təbliğ edənlərin əqidəsdir. Bunun şahidi olmaq üçün həmin şəxslərin yaratdığı və qələmə aldığı əsər və həyat tərzlərinə baxmaq kifayət edir.

Bəs “onuncu gün” nə gündür? Bu, dünən əksər vətəndaşlarımızın böyük şövqlə qeyd etdiyi Aşura günüdür. Aşura günü - lüğətdə hərfi mənası "onuncu gün" deməkdir. Hicri təqviminin ilk ayı - məhhərəm ayının onuncu günüdür. Bu gün İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) sevimli nəvəsi, dövrün yol göstərəni və hidayət çırağı İmam Hüseyn (ə) və onun tərəfdarlarının şəhadətə çatdığı gündür. Fikrimcə, Kərbəla müsibətində İmam və onun tərəfdarları təkcə zalıma qarşı çıxmaq, mübarizlik ruhiyyəsi yaratmaq ənəsi deyil, həmçinin xoşbəxt ailə, insanlarla xoş rəftar göstərmək, Allaha bağlılıq, səbir, təmkin və iradə modeli qoyublar. Məhz buna görədir ki, hadisənin baş verməsindən 14 əsr keçməsinə baxmayaraq bu müsibətlə tanış olan insanlar onu yaşayır və bu dəyərlərə malik olduqdan sonra insan həyatını məhv edən neqativlərdən uzaqlaşırlar.

Bu gün ölkəmizdə narkomaniya və psixotrop maddələrə qurşanan gənclərin sayının günbəgün artmasını nəzərə alsaq, Aşura məktəbi gənclərimiz üçün böyük nemətdir. Bildiyim və tanıdığım qədər, müalicədən heç bir xeyir əldə etməyən yüzlərlə gənc məhz İmam Hüseynlə (ə) tanışlıqdan sonra pis vərdişlərdən xilas olmağı bacarıb və həyatına səadət rəngi qatıb. Bunu nəzərə alaraq, məktəblilərin ölkədə təşkil edilən Aşura mərasimlərində iştirak etməməsi ilə bağlı tövsiyyə xarakterli göstəriş verilməsini məqbul saymıram. Bu göstəriş Azərbaycanın gələcəyinin sadəcə ziyanına işləyər.

Hesab edirəm ki, Aşura məclislərində iştirak edən məktəbli və gənclər oradan azad düşüncə, ailəyə sədaqət, şəhidliyə hər an hazır olmaq və Allah bəyənmədiyi bütün neqativ həyat tərzindən uzaq olmağı öyrənə bilərlər. Bu dəyərləri hər birimiz sovet imperiyası dövründən bu yana yaşayır və ona sahib çıxırıq. Məktəblilərin də həmin dəyərləri əxz etməsi Azərbaycan gələcəyinin sağlam və güclü inkişaf etməsinə böyük töhfə verə bilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhərrəmlik Aşura 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 05:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com