Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
10:45
Avtobuslarda Wi-Fi niyə işləmir?

Bir neçə il öncə paytaxt Bakıda yeni avtobuslarda pulsuz Wi-Fi avadanlıqlarının quraşdırılacağı və fasiləsiz internetlə təmin ediləcəyi barədə vədlər verilmişdi. Xüsusən də “Baku Bus” MMC şirkəti məlumat yayaraq bildirmişdi ki, şirkətə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra bu məsələ öz həllini tapacaq.

Beləliklə, təxminən 3 ildir ki, bu şirkətə məxsus avtobuslarda Wi-Fi xidmətinin olduğu göstərilsə də, internetə daxil olmaq mümkün deyil. Yalnız “Xaliq Faiqoğlu” şirkətinə məxsus 18, 61, 65 saylı marşrutlarda pulsuz Wi-Fi xidməti aktivdir. Lakin adıçəkilən marşrutlarda da bəzən sərnişinlər internet problemi yaşayır, sistemə daxil ola bilmirlər. Sərnişinlərin əksəriyyəti  ictimai nəqliyyatda gediş haqqının 30 qəpik olmasından sonra da bu cür xidmətin olmamasından gileylənir.

Bəs səbəb nədir, niyə ictimai nəqliyyatda pulsuz Wi-Fi xidmətinin aktiv olması gecikir? Sərnişinlərin Wi-Fi tələbi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov belə deyib: “Bəli, bu haqda çox vədlər verilib. Lakin ”İctimai nəqliyyatda mütləq şəkildə Wi-Fi olmadır" deyə hələ ki qanunvericiliyimizdə bir qərar yoxdur. Beləliklə, ictimai nəqliyyatın müasirləşdirilməsi yönündə atılmalı olan addımlardan biri də budur ki, bu məsələ qanunvericilikdə təsdiqlənsin. Belə bir qərar olmadığından bəzi avtobuslar yalnız digərlərindən fərqlənmək üçün Wi-Fi vədi verir. Sual verirsiz ki, bizdə sərnişinlər Wi-Fi tələb edə bilərmi? Bəli, yalnız qanunvericilikdə təsdiqləndikdən sonra sərnişinlər bu cür tələb irəli sürə bilər.

Lakin qeyd edim ki, dünyanın bir çox ölkələrində nəqliyyatın bütün növlərində artıq bu məsələ həll olunub. Səhv etmirəmsə, həmin ölkələrin qanunvericiliyində də qeyd olunub ki, nəqliyyatda Wi-Fi olmalıdır.

Ümumiyyətlə isə həm paytaxt Bakıda, həm də ölkənin digər bütün bölgələrində ictimai nəqliyyatda çox böyük problemlər var. Hətta paytaxtda durum digər bölgələrdəki vəziyyətdən qismən yaxşıdır. Bizdə texnika problemi var. Bölgələrdə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların böyük əksəriyyəti istismar müddətini başa vurub, yararsızdır, tələbi ödəmək üçün məcburən xəttə çıxarılıb. Yəni bu cür böyük texniki problemlər qarşısında  Wi-Fi hələ kiçik bir məsələdir. İlk növbədə avtobuslar yenilənməli, müasirləşdirilməlidir. Müasir texnikanın özündə Wi-Fi quraşdırmaq, bu sistemdən istifadə etmək daha rahat olur".

Məsələyə aydınlıq gətirmək üçün “Baku Bus” MMC şirkətinin də mövqeyini öyrənməyə çalışsaq da, şirkətdən əməkdaşımıza bildirildi ki, bütün sualları Bakı Nəqliyyat Agentliyi cavablandırır.

Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd etdi ki, paytaxta yeni, komfortlu avtobuslar gətirildikdən sonra məsələ tam həllini tapacaq:  “Qarşıda duran əsas məsələ Bakı şəhəri inzibati ərazisində marşrut xətlərinin, avtobusların müasir və komfortlu yenilənməsidir. Bu, ölkə rəhbəri tərəfindən agentlik qarşısında qoyulan əsas tapşırıqlardan biridir və bu yöndə bir çox işlər görülür. Bakı şəhərinə yeni, komfortlu avtobuslar gətirilsin, bundan sonra Wi-Fi və bu kimi texnologiyaların tətbiqi aparılacaq. Hazırda yalnız bir şirkətə məxsus marşrut xətlərində Wi-Fi sistemi var. Bu da bəzən daimi olmayıb, bir neçə gün işləyib, sonra fəaliyyəti dayandırılıb”.

Yuxarıda da qeyd etdiyimiz kimi, artıq dünyanın bir çox ölkələrində ictimai nəqliyyatda pulsuz Wi-Fi sistemi tam təmin olunub. Ümumiyyətlə, 2008-ci ildən başlayaraq pulsuz Wi-Fi zonalar bütün dünyada kütləvi şəkildə yayılmağa başlayıb. İnsanlar ictimai nəqliyyatda yüksək sürətli internet vasitəsilə bir neçə dəqiqəyə böyük faylları tamamilə yükləyə bilir, rahat şəkildə videozənglərlə danışa bilir, bir sözlə, nəqliyyatdan istifadə edərkən təqdim olunan müasir texnikadan həzz ala bilirlər. Maraqlıdır ki, simsiz şəbəkəyə girişdən təkcə avtobus sərnişinləri deyil, ictimai nəqliyyat yolları yaxınlığında olan insanlar da istifadə edə bilir. Beləliklə, avtobuslardakı internet şəbəkəsinə təkcə sərnişinlər deyil, kənardakı insanlar da qoşula bilir.

O cümlədən qonşu Gürcüstanda bu sahədə çox böyük addımlar atılıb. Burada “Tbilisi loves you” adlı Wi-Fi şəbəkəsi ilk öncə paytaxtın mərkəzi küçələrini, növbəti mərhələdə isə şəhəri, nəqliyyatı bütövlükdə pulsuz internetlə təchiz edib.("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avtobuslar Wi-Fi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com