Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
14:52
Deputat obyekti sökülən iş adamlarını müdafiə etdi
Tahir Kərimli: Yüzlərlə insanın taleyilə bağlı bir anın içində qərar vermək doğru deyil

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müavini Eldar Əzizozovun göstərişi ilə  paytaxt rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərdə, keçid meydançalarında qeyri-qanuni inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi həyata keçirilir.

Zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik görünüşünə xələl gətirən paltar ipləri və xarici dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.

Meriyada təşkil olunmuş komissiya tərəfindən sadalanan ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qanunsuz tikililərin sökülməsi göstərişləri və bu göstərişlərin yerinə yetirilməsilə bağlı addımları təqdirəlayiqdir:

“Bu həm şəhərimizin abadlaşdırılması, həm də vətəndaşların qanuna tabe olması baxımından çox vacibdir. Amma burada bir neçə nüansı nəzərə almaq lazımdır. Birincisi, qanunsuz olsa belə, vətəndaş bunu özbaşına tikməyib. İcra Hakimiyyətinin gözünün qarşısında olub”.

Deputat bildirib ki, indi qanunsuz sayılan sənədlərə həmin vaxt müvafiq icra hakimiyyət orqanlarından ya rəsmi, ya da qeyri-rəsmi razılıq alınıb:

“İnsanlar bu razılıq əsasında fəaliyyət göstərib, orada əldə etdikləri gəlirlə ailələrini dolandırıblar. Birdən - birə insanları bu mənbədən məhrum etmək də düzgün deyil. Mənə elə gəlir ki, bu məsələlər ehtiyatla, səbrlə, hətta insanlara kompensasiyalar ödənilməklə icra edilməlidir. Vaxtilə sovet qanunvericiliyində qanunsuz tikililərin sökülməsilə bağlı müvafiq icra hakimiyyətləri məhkəmələr qarşısında iddialar qaldırırdılar. Yalnız məhkəmə iddaları təmin etdikdən sonra söküntüyə icazə verilirdi. Qanunsuz tikililərin sökülməsi inzibati yolla mümkün olsa da, azlıq təşkil edirdi”.

Deputat deyib ki, indi də məsələlərin mübahisələndirilməsi mümkündür:

“Çünki insanların bir çoxlarının əlində olan sənədlər də qanunsuz sayılıb. Vətəndaşlar həmin sənədləri məhkəmələrdə mübahisələndirə bilərlər. Bir vaxtlar metroda satış köşklərinin, kioskların ləğv edilməsi fonunda meydana çıxan problemləri gördük. Birdən-birə ləğvetmə insanların sosial həyatına mənfi təsir göstərir. Bu məsələlərə keçmiş mer Hacıbala Abutalıbov, yaxud onun əməkdaşları yol veribsə və indi yeni rəhbərlik buna icazə vermirsə, niyə əziyyəti vətəndaş çəkməlidir? Niyə həmişə təqsir vətəndaşda olmalıdır? Ən azı rəsmi də olmasa, qeyri-rəsmi icazə verilib. Lap tutalım vətəndaş qanunsuzluğa yol verib, İcra Hakimiyyətinin borcu, vəzifəsi idi ki, onun qarşısını vaxtında alsın, nəinki hansısa sövdələşməyə getsin. Yüzlərlə insanın taleyilə bağlı bir anın içində qərar vermək doğru deyil. Avstraliya kimi inkişaf etmiş ölkələrdə köhnə tikililəri birdən-birə sökmürlər, istədikləri yerdə binalar tikmirlər. Vətəndaşların hüquqları qorunur, fikirləri nəzərə alınır, kompensasiya verilir. Ortada təqsir varsa, buna müvafiq İcra Hakimiyyəti orqanları məsuliyyət daşıyır. Problemdən doğan nəticələrin təkcə vətəndaşa yüklənməsi doğru deyil”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tahir Kərimli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 17:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com