Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
17:33
Vildersin təxribat azadlığı - ANALİZ

Dr.Özcan Hıdır


İlk dövrlərindən etibarən İslam əleyhdarlığının daha çox Quran və xüsusilə də Həzrəti Peyğəmbər üzərindən həyata keçirildiyini söyləmək səhv olmaz. Tarix boyu Həzrəti Peyğəmbər əleyhinə çirkin kampaniyalar aparılmış, bunları özündə əks etdirən ədəbiyyat yaradılmışdır. Əməvi dövründə yaşamış keşiş Con Demeskendən başlayaraq Tedora Kurra, Piter de Venerabl, Dante, Martin Luther, Kalvin, Erasmus, Volter başda olmaqla Qərbin tanınmış şəxslərinin Həzrəti Peyğəmbərə qarşı mənfi çıxışlarda əhəmiyyətli payı var. Həzrəti Peyğəmbərə qarşı fikirlər Qərbdə sanki nəsildən-nəsilə ötürülmüş bir irs kimidir.

11 Sentyabr 2001-ci ildən sonra isə bu irs, xüsusilə İslam əleyhinə ifrat sağçı partiyalar, neokonlar və evangelistlər tərəfindən müasir formalarla davam etdirilir. 2005-ci ildə İslam dünyasında böyük etiraza səbəb olan Danimarkadakı karikatura böhranından sonra 2006-cı ildə Roma Papası 16-cı Benediktin Regensburqda Həzrəti Peyğəmbər barədə, "əlindən qılınc düşməyən zorakılıq peyğəmbəri", - deyə qiymətləndirən çıxışı, 2008-ci ildə Vildersın "Fitnə" adlı 16 dəqiqəlik filmi və Həzrəti Peyğəmbəri Hitlerə və Qurani-Kərimi də onun "Mein Kamf" (mübariəm) adlı kitaba bənzədən axmaq hərəkətləri, İran əsilli Holland siyasətçi Ehsan Jaminin "Interwiev with Muhammad" adlı qondarma müsahibəsi, ateist rəssam Hoera Seranın Həzrət Peyğəmbər ilə İmam Əlini təsvir etdiyini dediyi eybəcər şəkilləri, 2015-ci ildə Fransadakı "Çarli Hebdo" karikaturaları və 2015-ci ildə Amerika Azadlıq Qoruma Təşəbbüsünün Texasda təşkil etdiyi, Vildersin də xüsusi məruzəçi kimi iştirak etdiyi "Tarixdə Məhəmməd karikaturaları sərgisi" dərhal ağla gələnlərdir.

Bu hadisələrin bir çoxunda dominant rolu olan və İslam, Quran, Həzrət Peyğəmbər əleyhinə ritorika və aksiyası xeyli geniş olan Vilders ötən ilin iyun ayında elan etdiyi, ancaq özünə yönəlik təhdidləri əsas göstərərək son anda təxirə saldığını açıqladığı Həzrət Peyğəmbərə dair karikatura yarışması bu mövzudakı əməllərinə yenisini əlavə etdi. Hollandiya Parlamentində nümayiş etdirəcəyini açıqladığı bu müsabiqənin nəticələrini 10 noyabrda parlamentdəki ofisində açıqlayacağını, müsabiqənin münsiflər heyətinin isə 2015-ci ildə ABŞ-ın Texas ştatındakı Qarland şəhərində hücuma məruz qalan oxşar mövzulu karikatura müsabiqəsində mükafat alan alban əsilli amerikalı keçmiş müsəlman karikaturaçı Boş Faustin ilə özünün edəcəyini bildirmişdi. Hollandiya Təhlükəsizlik və Terrorla Mübarizə Təşkilatı (NCTV) və Hollandiya parlamentinin sədri də "fikir azadlığı" səbəbi ilə ona bu barədə icazə vermişdi.

Bu icazə ilə Vilders öz partiyasının qrup toplantısında sözügedən karikaturaları nümayiş etdirə biləcəkdi. Qanunvericiliyə görə, Hollandiya məclisində təmsil olunan hər partiya ildə bir dəfə məclisdə rəsmi tədbir təşkil edə bilər. Vilders də bu hüququnu Həzrət Peyğəmbər əleyhinə karikatura sərgisi keçirərək istifadə edəcəkdi. Vilders açıqlamasında həmçinin bildirmişdi ki, həmin karikaturaları və karikaturaçılarla aparılan müsahibələri 2015-ci ildə təcavüzə məruz qalan Fransadakı "Çarli Hebdo"nun karikaturaçılarının xatirəsini əbədiləşdirmək üçün "Çarli Hebdo xatirə kitabı" adı ilə kitab halında dərc etdirəcək.

Bu arada isə Haaqa dəmiryolu vağzalında Vildersə hücum hazırladığı ittihamı ilə bir pakistanlı da saxlanılıb. Pakistandan gəldiyi müəyyən olunan şübhəlinin feysbuk səhifəsində paylaşdığı Urdu dilindəki videoda, "Hazırda Hollandiyadayam. Karikatura müsabiqəsinin keçiriləcəyi parlamentə təxminən 5 dəqiqə məsafədəyəm. Peyğəmbərimizə istehza edirlər. Hədəfim Vildersdir. Allah izn verərsə nail olacağam", - dediyi bildirilir. Cümə günü isə Amsterdam vağzalında 19 yaşlı əfqan iki nəfəri bıçaqla yaraladı və polis tərəfindən vurularaq dayandırıldı. Verilən açıqlamada bu hadisənin də karikatura yarışması ilə əlaqəli olduğu deyildi.

İslam dünyası və müsəlmanlardan etirazlar

Hollandiyadakı müsəlmanlar Vildersin təxribatlarına adətkar olduqları və onun bu cür addımıları "çörək qapısı" kimi istifadə etdiyini bildikləri üçün təxribatlara getməyiblər, ağılla addımlar atıblar. 

Müsabiqə ilə bağlı danışan Türkiyənin hakim AK Partiya sözçüsü Ömər Çelik hadisənin qadağan olunmamasında əsas göstərilən "Avropa fikir azadlığı" kimi ikili standartlara işarə edərək bildirib ki, əslində Avropa İŞİD mövqeyində olan Vilders və oxşar ifrat sağçıların düşüncələri qarşısındakı məsuliyyətdən boyun qaçırır. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) radikal sağçı partiya olan PVV-nin lideri Vildersın keçirəcəyi bu müsabiqənin "nifrəti qızışdırmaq" olduğunu vurğulayıb və Hollandiyadan 1,6 milyarddan artıq müsəlmanın dini hisslərinə yönələn bu təcavüzü əngəlləmək üçün təcili addım atmasını tələb edib.

Karikatura müsabiqəsinə yönəlik ən sərt reaksiya Pakistan tərəfindən səsləndirilib. Pişavər və Kəraçidə minlərlə insanın qatıldığı mitinqlər keçirilərək Hollandiyanın bu yarışmanı qadağan etməsi, bu olmadığı təqdirdə isə Pakistanın Hollandiya ilə diplomatik və iqtisadi əlaqələrini kəsməsi tələb edilib. Hətta bu fikri dəstəkləmək üçün Lahordan İslamabada yürüş də keçirilib və İslamabada 160 kilometr qalmış aksiya iştirakçılarının qarşısı polis tərəfindən saxlanılıb. Baş nazir İmran Xan və bəzi nazirlər aksiya iştirakçılarına ilk növbədə danışıqlar yolu seçəcəklərini deyib. Nümayişçilər isə Xandan Hollandiya ilə bütün diplomatik əlaqələrin kəsilməsini və Hollandiya səfirinin də geri göndərilməsini tələb edib. Vilders haqqında Pakistanda ölüm fətvası verildiyi də Hollandiya mediasındakı xəbərlər arasındadır. Bu hadisə jəm də iki həftə əvvəl baş nazir seçilən və Qərbdə "nisbətən müsbət" imicə malik məşhur kriketçi İmran Xan üçün də mühüm test oldu. Çünki yürüşü keçirən və Hollandiya qarşısında tələb səsləndirən qrup (TLP) da seçkilərdə İmran Xanı dəstəkləmişdi. İmran Xan isə, "mən Qərb düşüncə tərzini bilirəm. Onlar fikir azadlığında güzəştə getmirlər və əksəriyyəti də bizim Peyğəmbərimizə olan sevgimizi, inancımızı başa düşmür", - deyə bildirmişdi. Digər tərəfdən isə Pakistan Məclisi yarışmanı pisləyən bəyanat səsləndirib, Hollandiyanın Pakistan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, Pakistanın yeni XİN rəhbəri də bu məsələni Hollandiyalı həmkarı başda olmaqla dünya liderlərinin gündəminə çıxaracağını deyib, BMT-yə karikatura müsabiqəsini qadağa çağırışı edib. Bu səbəbdən Hollandiyadan Pakistana gedəcək və iqtisadiyyat nazirinin rəhbərlik edəcəyi heyətin səfəri də təxirə salınıb. Vildersın yarışmanı ləğv etməsindən sonra isə Pakistan informasiya naziri bunun Pakistanın və ümmətin qələbəsi olduğunu açıqlayıb.

Vilders məqsədinə çatdımı?

Bütün bu hal-əhvaldan sonra Vildersin məqsədinə çatdığı və əsl qalibin o olduğunu deyə bilərikmi? Görünən odur ki, bu hadisənin Hollandiya və dünyada müzakirə mövzusu olması ən çox Vildersın işinə yarayır və təxribatının onun baxımından müəyyən mənada məqsədinə çatdığı görünür. Belə ki, gündəmi müəyyən etdikdən sonra tvitter səhifəsindən yayımladığı açıqlamada, özünə qarşı təhdidlərə və bu hadisəyə görə günahsız insanların zərər görməsi riskinə işarə edərək, sanki "qəhrəmanlıq" da edərək yarışmanı ləğv etdiyini bildirdi. Sonra İslamın və müsəlmanların nə qədər "dözümsüz" olduğunu iddia edən mesajlar yazdı, hələ də yazır.

Vilders tərəfdarları və radikal sağçı qruplar daxilində yarışmanı ləğv etdiyi və təhdidlər qarşısında geri addım atdığı üçün Vildersi kəskin tənqid edənlər olduğu kimi, müsəlmanları "dözümsüz", "zorakılıq tərəfdarı", İslamı da "zorakılığı dəstəkləyən din" olaraq dünyaya tanıtdığı üçün təbrik edənlər də oldu. Təəssüf ki, heç kəs bu təxribatın əsas memarının Vilders olduğunu, bu hərəkətilə Hollandiyanın müsəlmanlar yanındakı imicinə zərər verdiyini düşünmür.

Hollandiya hökumətinin mövqeyi

Vildersi, "ifadə azadlığının sərhədlərini zorlamağı sevən təxribatçı siyasətçi" kimi xarakterizə edən Hollandiyanın baş naziri Mark Rutte ilə XİN rəhbəri Stef Blok hökumət üzvü olmayan Vildersin təşkil etdiyi bu müsabiqənin hökumətin təşəbbüsü kənarında baş verdiyini və təxribatçı olduğunu açıq şəkildə vurğuladılar. Sonra isə müsabiqənin "fikir azadlığı" çərçivəsində olduğunu, Hollandiyada söz azadlığının sərhədlərinin geniş olduğunu, hökumətin hər cür əqidəyə hörmətlə yanaşdığını və hərəkətin qadağan olunmayacağını söylədilər. Vilders isə "təxribatçı" adlandırılmasına etiraz edərək Rutte və hökumət üçün, "qorxaq islamsevərlər tərəfindən idarə edilirik",- deyə bildirdi.

Bu hadisə ilə bağlı Hollandiyada bəlkə də ən diqqətçəkən şərhi dünya miqyasında siyasi karikaturaçıların üzv olduğu Karikatura Hərəkatının (The Cartoon Movement) üzvlərindən olan Tjeerd Royaards səsləndirib. Vildersin müsabiqəsinə qruplarından heç kimin qatılmadığını deyən Royaards, "Vilders bu yarışmanı bütün dinlər haqqında keçirsəydi, başa düşmək olardı. Ancaq o spesifik bir qrupu (müsəlmanları) alçaltmaq üçün bunu edir. Onun əsl məqsədinin fikir azadlığı olduğunu hesab etmirəm", söyləyib. Royaards həmçinin bu yarışla əlaqələri olmadıqları halda, Vildersin bu aksiya ilə əlaqələndirilib təhdid aldıqlarını da bildirib.

Digər tərəfdən, baş nazir Rutte Vilderslə təhlükəsizliklə əlaqədar bəzi görüşlər keçirildiyini, ancaq yarışmanı ləğv etməsi üçün təzyiq edilmədiyini, hətta tövsiyə belə etmədiklərini açıqlayıb. Belə edib ki, birdən kimsə təhlükəsizliklə bağlı söhbət arasında bu cür tövsiyələrin də edildiyini düşünə bilər. Hökumətin bu məsələdə səssiz qalıb müdaxilə etməməsi də sərt şəkildə tənqid edilib. Məsələn, politoloq Joop Van Holsteyn "Trouw" qəzetindəki müsahibəsində hökumətin hadisəni təkcə fikir azadlığı çərçivəsində şərh edib səssiz qalmasını ittiham edib.

Qərbdə müsəlmanların Peyğəmbər sevgisi başa düşülmür

Xristianlıqda İslamdakı kimi peyğəmbər sevgisi olmadığı üçün müsəlmanlar üçün Həzrət Peyğəmbərin ifadə etdiyi dəyəri, ona göstərilən hörmət və ehtiramı qərblilərin anlaması çətindir. Buna bir də İslam və Həzrət Peyğəmbər əleyhinə yuxarıda bəhs olunan ədəbiyyatdan də kifayət qədər qidalanan, qeyri-obyektiv, İslamofobik arxa plan da əlavə edildikdə, vəziyyət darmatik hala gəlib çıxır. Karikatura yarışmasına ən sərt və böyük aksiyası ilə etirazını bildirən Pakistanın yeni baş naziri İmran Xan da buna işarə etmişdi.

Hollandiya baş naziri Ruttenin açıqlaması da məsələyə sadəcə "fikir azadlığı" əsasında yanaşdığını, müsəlmanların peyğəmbərlərinə qarşı duyduğu sevgi və hörmət məsələsini də başa düşməkdən məhrum olduğunu göstərir. Ona görə inanclı insanlar barədə, "təhqirə məruz qaldıqlarını çox tez düşünməsinlər", - deyə bildirir. Özünün də dindar olduğuna işarə edən Rutte, "mən xristianam və inancım hər gün gülünc vəziyyətə salınır. İnanclı insanlar kiçik zərbələrə qarşı davamlı olmalı və bu, müsəlmanlar üçün də etibarlıdır", - deyir. İlk baxışdan bu açıqlama ağlabatan gəlsə də, "liberal" partiyanın (VVD) lideri olan Ruttenin dini də "liberal" şərh etdiyi və müsəlmanların Həzrət Peyğəmbərə dair sevgi və hörmətini kifayət qədər anlamadığını açıq şəkildə göstərir. Həmçinin xristianlığın müqəddəs dəyərlərinə qarşı ritorika və ya hərəkət qarşısında hökumətin və koalisiyanın ortağı olan Xristian Birlik Partiyası lideri Gert-Jan Segers ilə Ruttenin reaksiyasının eyni olmayacağı da aşkardır.

Fikir azadlığı

Bu hadisə münasibətilə üzərində dayanmaq, baxmaq lazım olan mühüm məsələ (Baş nazir Rutte və XİN rəhbəri Stef Blok tərəfindən bu baxımdan bir daha irəli sürülən) fikir azadlığının necəliyidir. Çünki fikir azadlığı məsələsi son illərdə Qərbdə müsəlmanlara qarşı istismar olunan, sərhədsiz olaraq istifadə edilən, ikili standartlı mövqelərdə ona pənah aparılan ən mühüm anlayışlardan biridir. Belə ki, müsəlman əleyhdarlığında sərhəd tanımayan, müsəlmanların müqəddəslərinə qarşı hər cür təhqiri adət halına salmış Vilders də bu yarışı, nə qədər gülünc görünsə də, get-gedə təzyiq altına salındığını düşündüyü ifadə azadlığını müdafiə üçün "əks zərbə" məqsədilə hazırladığını deyir. Ancaq həmin Vildersin, partiyasının Utreçt Bələdiyyə Məclisi üzvü namizədlərdən Henk Van Deunun bu yaxınlarda Hollandiyadakı bütün məscidlərin yandırılması və dağıdılması çağırışına heç bir reaksiya verməməsini nəzərə alsaq, onun müsəlmanların müqəddəslərinə qarşı zorakılığı da "fikir azadlığı"ndan saydığı ortaya çıxır.

Təbii ki, fikir azadlığı ilə əlaqəli olaraq düşünülməsi lazım olan digər bir anlayış da "din və vicdan azadlığı"dır. Ancaq bu anlayış Hollandiyada daha çox fikir azadlığı içində qiymətləndirilir və müsəlmanlarla bağlı mübahisələrdə adətən buxarlanır. Hollandiyada dinlərə və dinlərin müqəddəs dəyərlərinə qarşı ritorika və aksiyalarda qanunu mənada sərbəstlik olduğu da bir həqiqətdir. Son olaraq "Allaha söymək və təhqir" cəzası da qanunlardan çıxarılıb. İrqçi radikal sağçıların artmağa başladığı və buna görə də İslam əleyhdarlığının da maksimum həddə çatdığı belə bir şəraitin ən böyük zərərini də müsəlmanlar çəkir və müsəlmanların müqəddəslərinə qarşı demək olar hər cür təhqir, hücum sərbəstləşir. Üstəlik, müsəlmanlar yəhudilər və xristianlar kimi güclü təşkilatlara da malik deyil. Buna görə də yəhudilər və xristianlar ilə bağlı səslənən "din/fikir azadlığı" müsəlmanlar haqqında eyni məna ifadə etmir.

Burada vurğulanması lazım olan digər bir məsələ də müsabiqə ləğv edilməmişdən əvvəl "fikir azadlığı" ifadəsi ilə müsabiqəyə haqq qazandıran bəzi yazıçı və siyasətçilərin müsabiqə ləğv edildikdən sonra "irqçiliyə qarşı Avropa demokratiyasının qələbəsi", - deyə açıqlamalar verməsidir.

Şübhəsiz ki, xüsusi Hollandiya, ümumilikdə isə Avropa və Qərbdə bir "Vilders problemi" var. Hollandiyadakı irqçi, İslam əleyhinə ənənənin son dövrdəki ən əhəmiyyətli nümayəndəsi olan, İslam ölkələrində "Hollandiya" deyildikdə ağıla ilk gələn, bu baxımdan Hollandiyanın "tolerant ölkə" olmaq imicinə zərər verən Vilders uzun müddətdir Qərbdə "mədəni irqçilik" olaraq İslam düşmənçiliyinin də liderliyini edir. Avropada İslam əleyhinə olan ifrat sağçı anlayışa malik qrup və partiyaların sanki "Avropanın yeni norması" halına gəlməsində Vildersin aparıcı rolu danılmazdır. Buna görə də Vilders başda olmaqla radikal sağçı partiyalar Həzrət Peyğəmbər əleyhinə karikatura müsabiqəsi kimi addımlarla müsəlmanları təxribata çəkəcək hərəkətlərə çörək, hava, su kimi ehtiyac duyurlar. Burada əsas problem, Avropanın qabaqda gedən partiya və qruplarının da müsəlmanlara qarşı bu cür mədəni irqçi ritorika və aksiyalara ciddi yanaşmaları, mənimsəmələri, ənənəvi dəyərlərinin pozulmaları qarşısında sanki "şüurlu cəhalət" mövqeyi nümayiş etdirmələridir.

Müsəlmanlar üçün acı olan isə Həzrət Peyğəmbəri birbaşa hədəf alan bu cür cəhdlərə mane olacaq kamalda güclü qurumlar yaratmamaları, sərt reaksiyalardan uzaq, ardıcıl və nəticəyə hesablanmış mövqe və siyasət ortaya qoymaqdan uzaq olmalarıdır.

Tərcümə: FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vilders İslam 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 03:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com