Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
21:40
Siyasi parçalanma: Ermənistanın daxili reallığının bir aspekti

Adətən, erməni mütəxəssislər öz siyasi hakimiyyəti və xalqı haqqında yüksək pafosla danışırlar. Onlar əsrlərdir beyinlərinə yeridilən yalanların həqiqət olduğuna inanıblar və indi həmin durumdan xilas olmağın çətinliyini öz üzərlərində hiss edirlər. Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər açıq etiraf edirlər. Onlar başlıca olaraq prezidentlə baş nazir arasında siyasi fikir ayrılığının dərinliyini vurğulayırlar. Məsələ daha geniş kontekstdə məzmuna malikdir. Ölkənin bütün siyasi spektri qarşıdurmaya meyllidir. Bu prosesə Ermənistana ənənəvi olaraq diktə edən xarici böyük güclər də öz təsirlərini edirlər. Nəticədə, kifayət qədər mürəkkəb və risklərlə dolu situasiya yaranıb. Bu vəziyyətin konkret siyasi faktorlara təsiri üzərində geniş dayanmağa ehtiyac var.

Demokratiya və şəxsi iddialar: siyasi labirintin astanasında

Ekspertlər Ermənistanın daxili sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getdiyi haqqında proqnozlar verirdilər. Artıq erməni ekspertlər belə bu faktdan danışırlar. İndi onlar konkret problem üzrə bu kvazidövlətdə parçalanmanın müşahidə edildiyini etiraf edirlər. Özü də məsələ kifayət qədər ciddi məqamlardan qaynaqlanır. Hətta bir sıra mütəxəssislər məsələni, ümumiyyətlə, Ermənistan adlı dövlətin qalıb-qalmayacağı kontekstində qoyurlar.

Məsələ yeni hakimiyyətin seçki ilə bağlı ölkəni böhranlı vəziyyətə sürükləməsi ilə əlaqədardır. Belə ki, Nikol Paşinyan seçki faktorundan hakimiyyətini möhkəmlətmək üçün istifadə etməyə çalışır. Onun konkret ifadəsi prezidentlə baş nazirin bu məsələdə fikir ayrılığında olmasındadır. İrəvanın Ağsaqqallar Şurasına seçki faktiki olaraq siyasi səhnədə parçalanma əmələ gətirib. Bu seçkidə Respublika Partiyası iştirak etməyəcək. Bu, gizli ixtilafın qaynağı ola bilər. Lakin çətinlik bununla məhdudlaşmır.

Hakimiyyət etiraf edir ki, növbədənkənar seçki keçirmək üçün problemlər yaranıb. Çünki növbədənkənar seçkinin keçirilməsi üçün konstitusiya islahatları lazımdır. Baş nazir istefa vermədən parlament buraxılmalıdır. Bundan başqa, N.Paşinyan bəyan edib ki, keçid xarakterli məhkəmə-hüquq sistemi yaradılmalıdır. Bu iki islahatı ekspertlər kifayət qədər ciddi hesab edirlər. Çünki mövcud sistemin geniş miqyasda dəyişdirilməsini tələb edir. Buna Ermənistan siyasi dairələrinin hazır olmadığı da vurğulanır.

Başqa yol, çox nüfuzlu bir insanın qarşı-qarşıya duran tərəflər arasında vasitəçilik missiyasını həyata keçirməsindən ibarətdir. Bunun üçün indiki prezident Armen Sarkisyana işarə edirlər. Əsas ziddiyyət də elə məhz burada özünü göstərir. Əvvəla, A.Sarkisyan öz mövqeyini hələ ifadə etməyib. O, "məxməri inqilab"a yardım edib, lakin, eyni zamanda, prezidentin səlahiyyətlərinin artırılması şərtindən də bəhs edir. İkincisi, N.Paşinyan bunun qarşılığında bəyan edib ki, səlahiyyətlərini prezidentə deyil, yalnız parlamentə güzəştə gedə bilər. Bu da Ermənistanda faktiki olaraq baş nazir-prezident rəqabətinin getdikcə daha konkret cizgilər aldığını göstərir. Burada üç variant ola bilər.

Birincisi, A.Sarkisyan doğrudan da inqilabla konstitusiya arasında vasitəçi rolunu oynayır. İkincisi, A.Sarkisyan birmənalı olaraq konstitusiyanı müdafiə edir. Üçüncüsü, prezident sadəcə N.Paşinyanla mövcud konstitusiyanı müdafiə edənlər arasındakı mübarizənin nəticəsini gözləyir və ona uyğun hərəkət edir. Bunlardan hansının reallaşması ehtimalı çoxdur?

Bu barədə erməni ekspertlər fikir bildirməsələr də, bütövlükdə vəziyyətin gərginləşəcəyini açıq və ya üstüörtülü etiraf edirlər. Ölkədəki real siyasi vəziyyətə baxdıqda, həqiqətən, bu məsələdə durumun daha ağır olduğunu görə bilərik.

Başqa sözlə, getdikcə aydın olur ki, N.Paşinyanın hakimiyyət hərisliyi yüksək səviyyədədir. O, istənilən islahata özünün siyasi mövqeyini gücləndirmək şərti ilə getməyə hazırdır. Bundan kənarda N.Paşinyanı heç nə maraqlandırmır. İkrahdoğurucudur ki, baş nazir öz hərəkətlərini demokratiya, milli maraqlar, korrupsiya ilə mübarizə və Qərbə yaxınlaşma kimi qiymətləndirir.

Məqsədinə çatmaq üçün isə əsas olaraq küçədən təzyiqlərə üstünlük verir. İndiyə qədər onun heç bir ciddi işdə qanuna dayandığı görünməyib. Bütün həlledici məqamlarda üzünü meydana tutur. 17 avqustda Respublika meydanında keçirdiyi siyasi şou da bunu bir daha təsdiq etdi.

Bunlar N.Paşinyanın yalnız konkret şərtlər daxilində islahatlara gedə biləcəyini təsdiq edir. Məsələnin digər tərəfi ölkədə fəaliyyət göstərən başqa siyasi qüvvələrin maraqlarına bağlıdır. Başlıca sual bundan ibarətdir: Ermənistanın siyasi qrupları N.Paşinyanın bu cür "şıltaqlığını" həzm etməyə hazırdırlarmı? Deyək ki, daşnaklar, sarukyançılar, Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan dünən küçələrdə veyillənən birisinin Ermənistanın siyasi səhnəsinin lideri və situasiyaya tam nəzarət etmək iqtidarında olmasını qəbul edirlərmi?

Qarşıdurma: prezident, yoxsa baş nazir?

Bəs indiki prezident Armen Sarkisyan bu ssenariyə necə baxır? Onun tələbindən aydın görünür ki, Ermənistanın prezident üsul-idarəsinə qaytarılması tərəfdarıdır. A.Sarkisyan ancaq özünün səlahiyyətlərinin artırılması fonunda islahatlardan bəhs edir. Bu, onu göstərir ki, başlıca qarşıdurma xətti prezidentlə baş nazir arasında olacaq. Vəziyyəti daha da qəlizləşdirən bu ziddiyyətin arxasında iki böyük xarici gücün dayanmasıdır. Söhbət ABŞ və Rusiyadan gedir.

Kremlin Nikol Paşinyandan narazı olduğu məlumdur. Daha doğrusu, məsələ onun şəxsiyyətində deyil, siyasi kursundadır. Lakin Moskva sadə erməniləri qıcıqlandırmamaq üçün hələ kəskin addımlar atmır. Əvəzində, Rusiyadakı erməni diasporunun imkanlarından istifadə edir. Diaspor isə son zamanlar daha açıq surətdə N.Paşinyanın siyasi kursunu tənqid edir. Hətta bəzi iş adamları Ermənistana sərmayələrini geri çəkməyə başlayırlar.

Rusiya N.Paşinyanın əvəzində A.Sarkisyana üstünlük verir. Prezident üsul-idarəsi vasitəsilə Ermənistandakı situasiyaya daha yaxşı nəzarət etmək olar. ABŞ isə bunun əksini düşünür. Vaşinqton üçün ən önəmlisi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdir. Bunun üçün ilk öncə Ermənistanın siyasi səhnəsini yeniləşdirmək gərəkdir. İki böyük gücün qarşıdurma xətti də məhz bu məqamdan keçir. Hazırda bu forpost ölkədə cərəyan edən siyasi proseslərin arxasında Moskva ilə Vaşinqtonun "qol güləşi"nin gərginliyi dayanır.

N.Paşinyan hakimiyyəti də öz kartını açıb. O, küçədən parlamentə xalqın təzyiqi ilə yeni seçki təyin edə bilər. Hələlik parlamentin spikeri Ara Babloyan məsləhətləşmələrə başladığını bəyan edib. Onun prezidentlə də görüşəcəyi haqqında informasiyalar yayılır. Bu üsulun səmərəli olacağına şübhələr mövcuddur. Çünki söhbət prinsipial səviyyədə hakimiyyət bölgüsündən getməklə yanaşı, Ermənistanın geosiyasi mövqeyi ilə də əlaqəlidir. Həmin kontekstdə mübarizənin nəticəsi daha çox ABŞ, yoxsa Rusiyanın qalib gəlməsindən asılı olacaq. Həmin vaxta qədər Ermənistanın daxili siyasi vəziyyəti gərginliyini saxlayacaq.

Burada bir çox ekspertlərin diqqət yönəltdiyi bir məqamı da qeyd etməyə dəyər. Ermənistanda korrupsiya ilə mübarizə adı altında aparılan kampaniya ciddi maneə ilə üzləşib. N.Paşinyan əmin olub ki, əsas məsələ Ermənistanın dövlət kimi korrupsiya sxeminə təslim olmasından ibarətdir. Yəni faktiki olaraq bütövlükdə idarəetmə sistemini yenidən qurmaq lazım gəlir. Bu isə reallaşma baxımından son dərəcə mürəkkəb bir işdir. Gürcüstan nümunəsi göstərdi ki, müvəqqəti və lokal uğurlar əldə etmək olar, lakin tam yenilik üçün hansısa başqa şərtlərin olması gərəkdir.

Deməli, Ermənistanın yaxın zamanlarda siyasi palitrasının ciddi surətdə yeniləşməsini proqnozlaşdırmaq olar. Onun əsas əlaməti parçalanma tendensiyasının dərinləşməsindən ibarət olacaq. Hesab etmək olar ki, Ermənistanın müasir tarixində bu, gələcəyə ciddi təsir edəcək prosesdir. Çünki ilk dəfədir ki, erməni psixologiyasında erməninin erməniyə qarşı durması siyasi məzmun kəsb edir. Hələlik erməni siyasi şüurunun bu cür diferensiasiyasının ümumən toplumun psixoloji özəlliyini hansı istiqamətə yönəldəcəyini kimsə deyə bilməz.

Axı, yüz il sonra erməni əyani olaraq "görür" ki, əsl düşmən kənarda deyil, tarix qondarma "soyqırımı" nağılından ibarət deyil, yanında duran və öz xalqının nümayəndəsi olan adam əsas düşməndir. Çünki o, xalqını istismar edir, sadə erməniləri söyür, sözdə "soyqırımı" deyir, lakin soydaşlarına qarşı əsl soyqırımını erməninin özü edir. Buna nümunə kimi N.Paşinyanın özü korrupsiya faktlarını sadalamaqla göstərə bilər! Erməni xalqı üçün həqiqət anı budur! Bütün islahatlara o, öz şüurunda və psixologiyasında köklü dəyişikliklərdən başlamalıdır. Vicdanını qarşısına qoyub, qonşulara qarayaxmanın bədəlini ödəməlidir. Yalnız ondan sonra hansısa qalıcı siyasi islahatdan danışmaq olar! Əks halda, ermənilərin bütün islahatlar prosesi yeni "soyqırımı" nağılını uydurmaqdan o tərəfə keçə bilməyəcək.

Newtimes

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan Paşinyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com