Sabunçu-Zabrat yolunda işlər yekunlaşdı - Nəqliyyat sıxlığı olmayacaq - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2018
15:07
3636
Sabunçu-Zabrat yolunda işlər yekunlaşdı - Nəqliyyat sıxlığı olmayacaq - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir.

BNA-dan verilən məlumata görə, şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması işləri görülür. Bu çərçivədə daha bir yolda, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb.

Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni cib tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin qarşısında günün pik saatlarında yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilirdi. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilinin keçidin yanındakı dayanacaq məntəqəsini zəbt etməsi ərazidə sıxlığın yaranmasına səbəb olurdu. Axşam pik saatlarda Zabrat istiqamətində yolda yaranan sıxlıq Sabunçu yol qovşağında hərəkətin intensivliyinə ciddi maneə yaradırdı. Analoji vəziyyət səhər pik saatlarda Heydər Əliyev prospekti istiqamətində müşahidə edilirdi. Dayanacaq məntəqəsi zəbt edildiyindən sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşürdülər ki, bu da onların təhlükəsizliyi baxımından çətinliklər yaradırdı. Lakin qeyd edildiyi kimi, görülən işlər nəticəsində nəqliyyat axınına maneə yaradan məqamlar artıq aradan qaldırılıb.

Məlumat üçün bildirək ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən dayanacaq məntəqələrinə gün ərzində 21 marşrut xətti üzrə avtobuslar daxil olur.

Məqalədə : Sabunçu-Zabrat yolu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 12:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com