`Yeni nəsil bilmir ki, Qarabağ torpağı hardadır`

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2018
12:28
5787
`Yeni nəsil bilmir ki, Qarabağ torpağı hardadır`
Zaur Əliyev: Heç kim bu sahədə nəsə bir iş ortaya qoymağa həvəsli deyil

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev “Qarabağ TV” adlı kanalın açılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, ermənilərin əlində olan Qarabağa və Azərbaycana aid saytlara, TV-lərə qarşı heç nəyimiz yoxdur. “Bir Qarabag TV-miz olsa, bunların hamısına qarşı mübarizə apara bilərik”, - deyə o qeyd edib.

FaktXeber.com məsələ ilə əlaqədar təklif müəllifi ilə əlaqə saxlayıb və 25 ildən sonra niyə məhz indi belə bir təkliflə çıxış etdiyini sual edib.

Bu günə qədər olan informasiyalara əlavələr edilir, musiqinin fonu dəyişdirilir, bir az da effekt verir, bu da oldu veriliş.

Dr.Zaur Əliyev bildirdi ki, o və onun kimi ziyalılar uzun illər bu barədə nəsə ciddi addım atılacağını gözləyiblər: “Ancaq görünür ki, ciddi addımlar atılmaq əvəzinə, Azərbaycana erməni müğənni gətirilir, Bakıya ermənilərin gəlib-getməsinə rahat şərait yaradılır. Bu ondan irəli gəlir ki, bizim öz ölkəmiz, əhalimiz arasında Qarabağ barədə məlumatlar sıfır dərəcəsinə enməkdədir. Bu günə qədər Qarabağla əlaqədar açılan saytlar nəinki dünyada, hətta Bakının özündə belə, əhalinin maariflənməsinə tam təminat verməyə kifayət eləmir.”

“Yerli kanallarda bu məsələ tam qabardılmır, eyni şeylər edilir: İşğal günləri “Dədə Qorqud”, “Babək” filmləri verilir, yaxud 1993-94-cü illərdə hazırlanan qısa reportajın ora-burasına düzəliş edərək təqdim olunur. Çevir tatı-vur tatı. Bu günə qədər olan informasiyalara əlavələr edilir, musiqinin fonu dəyişdirilir, bir az da effekt verir, bu da oldu veriliş. Yəni görünür ki, heç kim bu sahədə nəsə bir iş ortaya qoymağa həvəsli deyil. Axı belə olmalı deyil…”, - deyə Zaur Əliyev əlavə etdi.

Müsahibimiz həmçinin bildirdi ki, hazırda müharibə şəraitində yaşayırıq və uduzmağımızın ən böyük səbəbi informasiyadır: “Azərbaycandan kənara ayağınızı qoyun – Türkiyəyə, İrana, Gürcüstana, Rusiyaya gedin, sizi inandırım, elə lap öz soydaşlarımız belə, erməniləri blokadada saxlamağımızı ittiham edirlər. Deyirik Qarabağ bizimdir, amma kənara çıxıb görürük ki, heç Qarabağımızın adını xatırlayan yoxdur. Nə diasporumuzda, nə də xaricdə yaşayan soydaşlarımız arasında…”

Qarabağ TV ilə bağlı təklifə gəldikdə isə Zaur Əliyev qeyd etdi ki, əhalinin bu sahədə istəyi çoxdur: “Tanınmış aparıcılar, jurnalistlər, ictimai xadimlər, elm adamları, aktyorlar buna dəstək verirlər. Sadəcə olaraq, bir balaca dövlət də addım atmalıdır. Bizim istəyimiz budur ki, bir milyonu keçən qaçqın, məcburi köçkünlər öz tarixlərini, işğal olunmuş torpaqlarını unutmasınlar. Yeni yetişən nəsil ümumiyyətlə bilmir ki, Qarabağ torpağı hardadır…”

Məqalədə : Zaur Əliyev Qarabağ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com