Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2018
11:49
Azərbaycanda Fermerlər Şurası yaradılıb - FOTO

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

Faktxeber.com bu barədə nazirliyə istinadən xəbər verir. 

Ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən nazir İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub.

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən İ.Kərimov bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır:

“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün "Dövlət Aqrar Ticarət Şirkəti" MMC yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər əlçatan olmalıdır”, - deyə o, qeyd edib. 

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fermerlər Şurası 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com