Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2018
16:03
Trampın müttəfiqləri ilə təhdid diplomatiyası

ABŞ Prezidenti Donald Trampın qanunları heçə sayaraq təhdidə qədər davam edən diplomatiya anlayışı, ölkəsini müttəfiqlərinin çoxuyla üz-üzə qoyub.

Hədələyici çıxışları Avropa Birliyi (Aİ), Birləşmiş Millətlər Təşkilatı (BMT) və NATO kimi beynəlxalq təşkilatlarla yanaşı, Böyük Britaniya, Almaniya, Kanada, Pakistan və Qətər kimi çoxlu sayda müttəfiq ölkə ilə münasibətlərin gərginləşməsinə səbəb olan Tramp, dünən də bu ölkələr siyahısına NATO müttəfiqi və strateji tərəfdaşı Türkiyəni əlavə edib.

Trampın FETÖ və PKK üçün casusluq etdiyinə görə mühakimə olunan amerikalı keşiş Endryu Kreyq Brunsonun azad edilməməsi vəziyyətində Türkiyəyə geniş sanksiyalar başlayacağı təhlükəsinə Ankaradan sərt etirazlar səsləndirilib.

Trampın Türkiyə məhkəmə sisteminə müdaxilə kimi qiymətləndirilən bu çıxışına Xarici İşlər Nazirliyi səviyyəsində, "Türkiyəyə heç kim göstəriş verə bilməz və təhdid edə bilməz" cavabını verib.

Bu bəyanatlar fonunda isə Trampın daim hədə tonu ilə danışması məsələsi yada düşür.

Avropanı düşmən kimi qiymətləndirib

Prezident kürsüsündə oturduğu gündən bu yana NATO ölkələrini Ümumdaxili Məhsullarının 2 faizini müdafiə üçün xərcləmədiklərinə görə tənqid edən Tramp, dəfələrlə "Avropanı müdafiə etməyəcəyini" söyləyərək, ABŞ-ın Avropa ilə əsrlik ittifaqını silkələdi.

Xüsusi ilə Almaniyanı hədəf alan Tramp müxtəlif platformalarda Almaniyanın həm Rusiyadan qorunmaq istədiyi, həm də Rusiyadan milyardlarla dollarlıq neft və qaz aldığına işarə edərək, "Gedib Rusiya ilə qaz və neft müqavilələri bağlayırlar, Rusiyaya milyardlarla dollar ödəyirlər, həm də Rusiyadan müdafiə olunmaq istəyirlər", - deyə bildirmişdi.

Tramp Rusiya Prezidenti Vladimir Putin ilə Finlandiyanın paytaxtı Helsinkidə görüşündən sonra "Fox News"a açıqlamasında da Almaniya baş naziri Angela Merkelin köçkün siyasətlərini tənqid edərək, "Angela bir vaxtlar super star idi, ta ki, milyonlarla miqrantın Almaniyaya gəlməsinə izin verənə qədər. Əvvəl bütün seçkilərdə məğlubedilməz idi, amma miqrasiya siyasəti ona çox zərər verdi", söləmişdi.

Bundan əlavə, Tramp polad və alüminium idxalına əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirərək ABŞ ilə Avropa arasındakı iplərin daha da gərginləşməsinə yol açdı.

Sosial media vasitəsi ilə gömrük rüsumları məsələsində Avropa ölkələrini təhdi davam etdirən Trampın Aİ-yə qarşı çıxışları, birliyi düşmən kimi təqdim etməyə qədər uzandı.

Həftənin əvvəlində Avropa Komissiyasının prezidenti Yan Klod Yunker ilə görüşən Tramp, Avropa ölkələri ilə ticarət məsələsində "sıfır tarif, sıfır baryer, sıfır subsidiya" hədəfinə çatmağa çalışdıqlarını söylədi, ancaq Aİ-yə qarşı təhdidləri Avropa ilə ABŞ arasında dərin bir uçurum yaradıb.

Strateji müttəfiqlərlə Twitter diplomatiyası

Trampın Avropaya yönəlik ən maraqlı çıxışlarından biri də Britaniyanın Aİ-dən ayrılmasını alqışla qarşılaması oldu.

Bu çıxış Avropada tənqidlərə səbəb olduğu bir vaxtda isə Trampın İngiltərəyə qarşı isti münasibəti uzun sürmədi.

ABŞ müdafiə naziri Cim Mattis ingilis həmkarına məktub göndərərək ABŞ-ın əsas müttəfiqi olaraq qalmaq istəyirlərsə, Londonun müdafiə xərclərini artırması lazım olduğunu qeyd etdi.

Trampın London səfəri zamanı baş nazir Tereza Meyə "Breksit" danışıqları prosesində tövsiyələrinə qulaq asmadığını və hazırkı durumun çox pis olduğunu söyləməsi də Londonda soyuq duş təsiri bağışladı.

Kanada ilə münasibətlər də payını aldı

Trampın hədələyici xarici siyasət ritorikası ABŞ ilə həmsərhəd Kanada arasında da gərginliyə səbəb olub.

Kanada baş naziri Castin Trudeaunun G-7 Zirvəsindən sonra ABŞ-ın idxal məhsullarına gömrük vergisi tətbiqini tənqid etməsinə Tramp Twitter-dən cavab vermiş və G-7 Liderlər Sammitinin yekun bəyannaməsini imzalamayacağını bildirmişdi.

Tramp Trudeaunu "ikiüzlü" və "zəif" kimi qiymətləndirərək, onu dalınca danışmaqda günahlandırmışdı. Trudeau isə, "Biz məqbul insanlarıq, amma boynumuzu bükməyəcəyik", - deyərək Trampa sərt reaksiya vermişdi.

Trampın Qətərə qarşı embarqo tətbiq edən bəzi Ərəb ölkələrinə dəstək verməsi və Dohanı təhdid etməsi də, ABŞ-ın regionda ən böyük hərbi bazasına ev sahibliyi edən Qətərlə ABŞ arasında dərin uçuruma səbəb olub.

ABŞ-ın Şərqi Asiyada 1950-ci illərdən bu yana müttəfiqi olan Cənubi Koreya da Trampın təhdid etdiyi ölkələr siyahısınadır.

Trampın Cənubi Koreya ilə azad ticarət müqaviləsini Şimali Koreya ilə aparılan danışıqlardan nəticə alana qədər imzalamayacağını açıqlaması, ABŞ-ın Asiyada yarım əsrdir qurduğu güclü əlaqələrə zərbə oldu.

Beynəlxalq müqavilələri saymadı

Tramp ikitərəfli münasibətlərlə bir çox təşkilat və müqavilədən çəkilərək ABŞ-ı dünyada tək qoydu.

Trampın ABŞ-ın 11 Sakit Okean ölkəsi ilə imzaladığı Trans-Sakit Ticarət Müqaviləsindən (TPP) çıxmaq qərarı ABŞ ilə başda Çin olmaqla Yaponiya, Meksika və Kanada kimi mühüm ticarət tərəfdaşları ilə körpüləri yandırmasına səbəb oldu.

Sələfi Barak Obamanın imzaladığı Paris İqlim Sazişi, İran nüvə müqaviləsi kimi mühüm razılaşmalardan çıxan Tramp, Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində də BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (UNESCO) BMT İnsan Haqları Şurasından ayrılması barədə də qərar verdi. 

Trampın Twitter hesabından ABŞ-ın Dünya Ticarət Təşkilatı, Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) və NATO kimi mühüm təşkilat və müqavilələrdən çəkməklə təhdid etməsi həm ölkəsində, həm də dünyada böyük müzakirələrə səbəb olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 07:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com