Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2018
14:40
Vəzifəli şəxs özünü cəmiyyətdən təcrid etməməlidir

Hacı İlham Əliyev / AİP-in sədr əvəzi

İslam dininin daima diqqətdə saxladığı önəmli məsələlərdən biri də hakimlik və xalqa rəhbərlik mövzsudur. İslam hər bir sahədə olduğu kimi bu sahə də insanın boynuna öhdəliklər qoyur. Qurani-Kərim ayələri və dəyərli hədislərimiz bu mövzuda daima bizə yol göstərmiş, həqiqi hakimin sifətlərini və xüsusiyyətlərini bizə tanıtdırmışdır.

Hakimin cəmiyyət və insanlar qarşısında olan vəzifələrindən biri də onların şəxsiyyət və dəyərlərini qorumasıdır. Hakim olan şəxs daima insanların dəyərlərini, şəxsiyyət və heysiyyətini qorumalıdır. Heç bir hakimin haqqı yoxdur ki, insanların şəxsiyyətini kiçildib, alçaltsın. Hər hansı hakimə icazə verilmir ki, insanlarla nəlayiq rəftar edib onlara təhqir qarşı təhqiramiz münasibət sərgiləsi. Buna heç kəsin qəti haqqı yoxdur. Hakimin vəzifəsi cəmiyyətin fərdlərini və onların dəyərlərini qorumaqdır.

Mütəal Allah Quranda insanı şərəfli yaratdığını bildirib. Quran bu barədə buyurur: “Biz, Adəm övladını şərəfli və hörmətli elədik…Onları yaratdığımız məxluqatdan xeyli üstün etdik.” (İsra-70)

Ayədən oxuyuruq ki, Allah Təala insanı dəyərli etdiyini və insanı bütün məxluqdan üstün etdiyini buyurur. Bəli, ayədə diqqətinizə çəkmək istədiyim əsəs mətləblərdən biri də “yaratdığımız məxluqatdan xeyli üstün etdik” ifadəsidir. Bu ifadədə insanın bəzi yaranmışlardan deyil, bütün yaranmışlardan üstün olduğu deyilir. Allah bu ayə ilə bütün insana əzəmət verib, onu dəyərli edib.

Bütün bunları nəzərə alaraq insanlara rəhbərlik edən hakim də, insanın bu dəyərini qorumalı, onu təhqir etməməlidir. Vəzifə və salahiyyət sahibiyəm deyə insanları kiçik və öz xidmətçisi kimi görməyə qətiyyən haqqı yoxdur. Belə bir düşüncə əsla olmamalıdır.

Burada İmam Əlinin (ə) xilafəti dövründə olan bir hadisəni xatırlatmaq istəyirəm. İmam (ə) öz ordusu ilə fəth olunmuş şəhərlərin birinə daxil olanda şəhər əhalisi ayaqyalın, boynu bükük halda İmamın (ə) qarşısına çıxırlar. Bu mənzərəni görən İmam (ə) təəccüblü halda atdan düşür və insanların bu cür gəlişinə və qalib tərəfin qarşısında zəlilcəsinə əyilmələrinə qəzəblənir.

Əhali isə “sizdən qabaqkı hakimləri bu cür qarşılamışıq, onların qarşısına bir qul kimi çıxmışıq” - deyə cavab verir.

İmam (ə) onların bu hərəkətini məzəmmət edir və buyurur: "Bu xislət Allahın ən şərəfli yaratdığı bir varlığa yaraşmayan bir xüsusiyyətdir. Allah insanı dəyərli yaradıb. Sizin özünüzü zəlil etməyə haqqınız yoxdur!”

Bu hadisədə diqqət edilməli ən mühüm məqam İmamın (ə): “Sizin özünüzü zəlil etməyə haqqınız yoxdur!” ifadəsidir. Yəni insanın nəinki başqasına zülm etməyə, təhqir edib alçalmağa haqqı yoxdur, hətta Allahın şərəfli varlığı olaraq özünü belə alçaltmağa haqqı yoxdur. Allah insana şərəf və dəyər verib. Bu, insanlığına yaraşmayan bir xüsusiyyətdir.

Digər bir misal isə İmam Əlinin (ə) Şureyh ibn Haniyə nəsihətidir. İmam (ə) Şureyhi Şama doğru gedən bir qoşunun başcısı təyin edir. Şureyh yola düşərkən İmamın (ə) ona yazdığı nəsihətin bir hissəsi buyururdu: “Mən səni bu qoşunun başcısı təyin etdim. Nə badə bu qoşunu zəlil edəsən! Sənin bu qoşunu zəlil etməyə haqqın yoxdur!”

İmam (ə) ordu rəhbərinə bildirmək istəyir ki, sərkərdə Allahın və ordunun xidmətçisidir. Onun vəzifəsi ordunu qorumaqdır, nəinki öz tabeliyində olanlarla yuxarıdan aşağı baxmaq, onlarla istədiyi kimi davranmaq.

Nəhcül-bəlağədə (Məktub-50) İmam (ə) hakimin xüsusiyyətlərinə işarə edən digər bir hədisində isə buyurur: “Bir hakimin boynunda haqq və vəzifədir ki, onun əlinə yetişən qüdrət və nemətlər onun halını dəyişməsin.”

Yəni onun əlinə düşən fürsət, qüdrət, maddi imkanlar əhali ilə arasında sədd yaratmasın. Əldə etdiyi sərvət onun halını dəyişməməlidir. İnsan özünü digərlərindən yuxarı görməməlidir. Əksinə, bu iqtidarını Allahın ona bəxş etdiyi bir nemət və bəndələrə xidmət üçün ilahi bir fürsət bilməlidir. Bu mal və qüdrət ona lovğalıq və təkəbbürlük gətirməməlidir ki, özü ilə insanlar arasında uçurum yaratsın. Necə ki, İmam Əli (ə) hədisin davamında buyurur: “Bu iqtidar onu Allahın bəndələrinə yaxınlaşdırmalıdır.”

Həzrət Peyğəmbər də (s) hakim-rəiyət münasibətlərinə işarə edərək hakimlərə, məmurlara buyurur: “Kasıblarla, fəqirlərlə oturun!”

Yəni Allah rizasını qazanmaq, əhali ilə yaxın münasibət qurmaq istəyirsinizsə, fəqirlərə yaxın olun. Bu hakimi həm Allaha, həm də insanlara yaxınlaşdırır. Yüksək vəzifəli, yuxarı rütbəli bir hakim əhali ilə, fəqirlərlə bir məclislərdə oturarsa, əhali də özünü alçalmış və təhqir olunmuş hiss etməz. Əksinə, ona dəyər verildiyini və özünü cəmiyyətin bir parçası hiss edər. Hakim peyğəmbərin (s) göstərişinə əməl etməklə özünə və cəmiyyətin ən aşağı vəziyyətli fərdinə dəyər vermiş olur. Yüksək rütbəli məmur peyğəmbər göstərişinə əməl etməklə nəinki özünü böyük tutmaqdan, özünü böyük bilmək kimi bəladan xilas olur.

Həmçinin kasıblarla oturmaqla, onlarla bir məclisdə, bir süfrə başında əyləşməklə onlara şəxsiyyət və dəyər vermiş olur.

Qeyd etdiyimiz ayə və hədislər Allahın bizə göstərdiyi bir yoldur ki, bir cəmiyyətin hakimi, yüksək rütbəli şəxsi nəinki özünü cəmiyyətdən təcrid etməli, cəmiyyətin fərdləri ilə öz arasında maneə yaratmalı, əksinə cəmiyyətin fərdləri ilə daima ünsiyyətdə olmalı, hətta əhali ilə bir süfrə başında oturaraq onlara dəyər qazandırmalı, onların xidmətində olmalıdır. Ona verilən bu məqamla nəinki insanları təcrid edib, uzaqlaşdırmamalı, əksinə, özünü ilahi bir vəzifəyə məmur bilməli, bu vəzifəni Allahın bəndələrinin xidmətində olmaq üçün bir vasitə bilməlidir. Ona verilən bu fürsətlə həm cəmiyyətin fərdlərinin dəyər qazanmasına, həm də cəmiyyətin islahına xidmət etməlidir.

Allah bu yolda bizi də, cəmiyyətmizi də müvəffəq etsin.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı İlham 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com