Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
10:35
`Boğulanların hər biri qeyri-çimərlik ərazidə batıblar`

Mövsümün başladığı heç bir ay deyil, artıq 23 nəfər boğulub, 54 nəfər isə boğulma təhlükəsi ilə üzləşib.

Hər il iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü başlayır. Mövsüm sentyabrın 15-dək davam edir. Bu il də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib. Mövsümün başladığı heç bir ay deyil, artıq 23 nəfər boğulub, 54 nəfər isə boğulma təhlükəsi ilə üz-üzə qalıb.

Söhbət konkret Xəzər dənizi ətrafı çimərliklərdən getmir. Boğulma hadisələri Xəzərlə yanaşı, çimmək birmənalı olaraq qadağan olunmuş su kanalları, çaylar və göllərdə baş verir. Harada ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə məntəqəsi yoxdur...

Bu haqda daha ətraflı məlumatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət kapitanı Akşin Əlilidən öyrənirik. Onun dediklərindən: “Boğulma və boğulma təhlükəsi ilə üz-üzə qalmaq hadisələrinin bir çox səbəbləri var. Qeyri-çimərlik ərazilərindən istifadə, çimərliklərdə təhlükəsizlik qaydalarına biganə yanaşma. Xəzərdə sualtı maneələr, sualtı borular, yarğanlar və axınlar var ki, bunlar birbaşa insan həyatı üçün təhlükədir. Əfsus ki, vətəndaşlarımız maarifləndirici lövhələrin tələblərinə əməl etmirlər. Üzləşdiyimiz əsas problemlərdən biri budur ki, vətəndaşlar üzmək üçün nəzərdə tutulmuş əraziləri, üzmə şarlarını ötüb keçir. Sərxoş halda dənizə girirlər. Güclü küləkli havada, hündür dalğalı dənizdə, dalğanın hündürlüyü üç baldan artıq olan zaman çimməyin qadağan olunmasına baxmayaraq, bəzi vətəndaşlar həyatlarını riskə ataraq özünə güvənmə instinkti ilə dənizə baş vururlar. Əsas problemlərdən biri də uşaqların nəzarətsiz qalmasıdır. Valideynlərin məsuliyyətsizliyi ağır nəticələr verir. Hər gün səhər saat 9:00-dan axşam 20:00-dək xilasedicilər məntəqələrdə xidmətə davam edirlər. Axşam 8-dən sonra bütün texnikalar dənizdən çıxarılır. Baxmayaraq ki, səhər 9.00-a qədər xilasetmə məntəqəsində bir nəfər növbətçi qalır, qaranlıqda xilasetmə işləri aparılmır. Gecə vaxtı boğulma hadisəsi olsa belə, axtarış günün işıqlı vaxtı başlanır. Axşam xilasedicilərimiz sakinlərə xəbərdarlıq edəndə ki, sudan çıxsınlar, məhəl qoymurlar. Eləsi var, səhərə qədər sahildə qalır. Boğulan 23 nəfər qeyri-çimərlik ərazisində nəzarətsiz yerdə batıb. Ölən 23 nəfərin batması haqda məlumat bizə batandan bir neçə saat, bəzən də bir neçə gün sonra bizə məlumat verilib və Xidmətin dalğıcları batanların meyitini sudan çıxarıb. Baxın, ölən 23 nəfər FHN-in xilasedici məntəqələrinin ərazilərində olsaydı, batmazdılar. Xilasedicilərimiz dərhal müdaxilə edib çıxarardılar. Necə ki, 54 nəfər xilas edilib”.

A.Əlili boğulma hallarının artmaması üçün əhaliyə tövsiyə edir ki, gedəcəkləri çimərlikdə təhlükəsizlik tədbirlərinin hansı vəziyyətdə olduğu ilə əvvəlcədən maraqlansınlar: “Hansısa çimərlikdə xilasedicilər, maarifləndirici lövhələr, xilasedici texnikalar, üzmə sərhədlərini müəyyən edən nişanlar və s. mövcud deyilsə, demək, həmin çimərlikdə heç bir təhlükəsizlik tədbirləri görülməyib. Bu cür çimərliklərdə suda boğulma təhlükəsi baş verən zaman xilasedici müdaxiləsi olmadığı üçün bədbəxt hadisələr qaçılmaz olur. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm, Bakı şəhəri Abşeron yarımadasında, o cümlədən respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən xilasetmə məntəqələri və dalğıc axtarış qruplarının xidmət apardıqları ərazilərdə heç bir suda batma hadisəsi qeydə alınmayıb. Baş vermiş bütün bədbəxt hadisələr qeyri çimərlik ərazilərində, çaylarda, göllərdə və digər su tutarlarında baş verib”.

Real vəziyyəti öyrənmək üçün əhalinin ən çox üz tutduğu “Şıxov” çimərliyinə yollandıq. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərlikdə bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olması səbəbi ilə burada çimməyi qadağan etsə də, adam əlindən tərpənmək olmurdu. Bu barədə başqa yazımızda söhbət açacağıq, hələlik mövzumuz təhlükəsizliklə bağlıdır.

“Şıx” sularda xilasetmə məntəqəsindəyik. Məntəqə rəisi, daxili xidmət sıravisi İsa Məhərrəmov çimərliyə gələnlərin qadağalara əməl etmədiklərindən gileylənir: “Ətrafa baxın, hər yanda FHN-in məlumatlandırıcı lövhələri var. Çimərlik ərazisi haradan başlayır, harada bitir, hamısı yazılıb. Yenə də gedib kənarda çimirlər. Mane olanda da etiraz edirlər. Söz demək mümkün deyil, dava salırlar. Dəfələrlə əraziyə polis dəvət etmişik. Polisin köməkliyi ilə sudan çıxarırıq. İçkili halda dənizə gəlirlər. Məhdudlaşdırıcı xətləri üzüb keçirlər”.

Söhbətin bu yerində “Şıxov”un yaxınlığında yerləşən özəl çimərliyin mühafizəçisi qışqıraraq dənizi göstərir. İ.Məhərrəmov müsahibəni yarımçıq qoyub motorlu qayığa tərəf qaçır. Biz də dərhal xilasedici jiletlərimizi geyinib qayığa minirik.

Qayıq suyu yara-yara sahildən uzaqlaşır. Günəş batmaq üzrə olsa da, adamın gözünü qamaşdırır, uzağı görmək olmur. Çimərlik ərazisindən təxminən 300 metr aralıda, köhnə platformaya yaxın yerdə 60-70 yaşlarında kişi üzür. Xilasedici qayığı kişiyə yaxınlaşdırıb, motoru söndürür. Yaşlı kişi çimərlik ərazisindən uzaqlaşdığını xatırladır və dərhal geriyə qayıtmağını tövsiyə edir. Yaşlı adam isə tövrünü pozmadan “İndiyə qədər boğulmamışamsa, indən belə də boğulmaram. Narahat olma!”, deyə cavab verir.

Xilasedici ilə bir qədər çək-çevirdən sonra geri qayıtmağa razılaşır. Sükançı-motorçu qayığı yenidən işə salır və qayıq sahilə doğru istiqamət alır.(musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qeyri-çimərlik ərazi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com