Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
10:45
Müdafiə Nazirliyi: Təkcə iyun ayında...

Müdafiə Nazirliyi iyun ayında dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, təhsil müəssisələri, ictimai qurumlar ilə birgə bir sıra tədbir və layihələr həyata keçirib, eləcə də müxtəlif televiziya kanalları və informasiya agentlikləri nümayəndələrinin cəbhəboyu zonaya səfərləri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ay ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər, Xocavənd, Beyləqan, Qusar, Füzuli, Şəmkir, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Bərdə, Tərtər, Göyçay, Bakının Nəsimi, Suraxanı, o cümlədən Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhə bölgələri də daxil olmaqla müxtəlif hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, Gəncə Qarnizonu Zabitlər Evində, Hərb Tarixi Muzeyində, Respublika Veteranlar Təşkilatında hərbi-vətənpərvərlik mövzusunda 40-dək tədbir keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Milli Qurtuluş Günü münasibətilə keçirilən müxtəlif tədbirlərdə, eləcə də Milli Qəhrəmanlarımızın, şəhidlərimizin əziz xatirələrinə həsr olunan mərasimlərdə şəxsi heyət, şəhid ailələrinin üzvləri, müharibə veteranları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər və digərləri yaxından iştirak ediblər.

Hesabat dövründə Müdafiə Nazirliyi ilə Birləşmiş Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi və Suraxanı rayon təşkilatlarının, Prezident yanında Bilik Fondunun nümayəndə heyətləri, eləcə də bir sıra QHT-lərin təmsilçiləri hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi, onun keyfiyyəti və digər məsələlərlə yaxından tanış olublar.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ilinə hazırlıq planına əsasən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunub.

Kütləvi informasiya vasitələrində yayımlanması məqsədilə iyun ayında Müdafiə Nazirliyi tərəfindən 141 rəsmi məlumat, 741 foto, 30 videomaterial hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

AzTV, Xəzər, ATV, CBC, ARB televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılması üçün icazə məktubları verilib.

Hesabat dövründə televiziya və informasiya agentliklərinin nümayəndələri Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 20 tədbirin işıqlandırılması üçün dəvət alıblar.

Məqalədə : Müdafiə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 21:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com