Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
16:58
2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!

Hər zaman xəbərləri izləyərkən dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərə, hadisələrə baxdıqda bunların ölkəmizdə də baş vermədiyi üçün şükürlər edirəm. Amma son zamanlar hadisələrin bir-birinin ardınca tezsıralanması narahatlıq yaradır. Ona görə yox ki, niyə baş verir? Ona görə ki, verilən açıqlamalar kimlərinsə məsuliyyətsiz addımı ilə bizim fəalakətlərlə üzləşdiyimizi göstərir.

Dünən - iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərovun açıqlaması 3 il qabaq eyni tipli müşavirədə dediyi sözləri yadıma saldı.

Heydərov dünənki açıqlamasında təxminən bu tip açıqlama verdi ki, “onu saymırlar”.

"Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir.

Elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni, biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik."

Bu, Kəmaləddin Heydərovun dünənki açıqlamasıdır. 

Öncədən də qeyd etdiyim kimi, bu, Heydərovun ilk belə açıqlaması deyil.

Hər kəs 19 may 2015-ci il tarixində Binəqədidəki yaşayış binasında baş verən yanğını yaxşı xatırlayır.

Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binanın üzlük materiallarının yanması nəticəsində 15 vətəndaşımız həlak olmuş, onlarla dinc sakin müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

Həmin hadisə zamanı Prezident İlham Əliyevin yanında keçirilən toplantıda bildirilib ki, binaya vurulan üzlükləri “Global Construction” şirkəti quraşdırıb, istehsalı ilə isə “Global Stone” şirkəti məşğul olub. Şirkətə ilk uyğunluq sertifikatı 2010-cu ildə verilib. Sertifikatı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib. Bu sertifikatlar hər il yenidən verilib. Yəni, bunlar birillik olubdur. Sənədlər, eyni zamanda, Standartlaşdırma Komitəsinə və Səhiyyə Nazirliyinə təqdim olunub. Sənədləri məsul əməkdaşlar imzalayıblar. Araşdırılan sənədlərdə göstərilir ki, müxtəlif tədqiqatlar da aparılıb. Bilavasitə yazılıb ki, inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər.

Prezidentin, “Bəs odadavamlılığını kim müəyyən edir” sualına isə FHN rəhbəri Kəmaləddin Heydərov cavab verib:

“Onu bizim Dövlət Yanğın Nəzarəti Xidmətinin laboratoriyası və yanğın nəzarəti bölməsi verib. Orada da bunun sənədləri var. Onların təklif etdikləri sertifikatlarda, bizim onlara verdiyimiz rəylərdə yazılıb ki, bunlar çətin yanan materiallardır. Bu zavod ilkin olaraq işə başlayarkən onlar materiallara xüsusi maddə qatırdılar və Rusiyadan, Türkiyədən bütün sertifikatlar da o tərkiblə gəlib. Amma sonradan istehsal zamanı materiallara bu maddə qatılmayıb.

Bütün bu işləri aparan sifarişçi təşkilatlara, icra hakimiyyətlərinə məktublarda dəfələrlə deyilib ki, bunlar ekspertizasız və heç bir müraciətsiz olub. Təəssüf ki, heç bir cavab alınmayıb. Bir dəfə deyil, dəfələrlə məktub göndərilib, konkret binalar göstərilib.”

Bizim faciəmiz məhz bu və dünənki toplntıdakı açıqlamada göstərilib. Və açıqlamalarda açıq şəkildə bildirir ki, Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliklə bağlı verdiyi göstərişlərə əməl olunmur, müvafiq qurumlar arasında isə rabitə yoxdur.

Yəni bu o deməkdir ki, məmurlar arasında onlara kimlərinsə göstəriş verərək, “bunu belə etmək lazımdır!” deyilməsini xoşlamayan müəyyən şəxslər var. Belə şəxslər isə səbəb olur ki, biz faciələrlə üzləşək, ölkəyə milyonlarla ziyan dəysin, insanlar panikaya düşsün, kənar qüvvələr isə bu panikadan istifadəyə cəhdlər göstərsin.

Bir dəfə qulaq asmadıq, ölkədə beynəlxalq səviyyəli bir yarışın – Avropa Oyunlarının başlanması ərəfəsində faciəvi şəkildə 15 vətəndaşımızı itirdik, digər qulaqardı isə ölkənin 2 gün işıqsız, susuz qalmasına səbəb oldu.

Məncə, düşünməyə dəyər…

Aqil Mehdi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kəmaləddin Heydərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com