Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
11:56
4056
Prezident Administrasiyası ölkədəki durumla bağlı məlumat yayıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumat yayıb.

FaktXəbər-in məlumatına görə, bildirilib ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal məsələni nəzarətə götürmüş, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar vermiş, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaratmışdır.

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülmüş və onların idarə olunması işi təşkil edilmişdir. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınmış, ən əsası, insan tələfatına yol verilməmişdir.

Hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir.

Təəssüf ki, əhali Mingəçevirdəki İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş vermişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məlumat verilmiş və müvafiq tapşırıqlar alınmış, cinayəti törədən şəxs saxlanılmış və məsuliyyətə cəlb edilmişdir.

Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevirdəki İES-də qəzanın başvermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırmış, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra etmişlər.

Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevirdəki İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışmış, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər.

Mingəçevirdəki İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər görülmüş və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunmuşdur.

Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilmiş və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 19:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com