Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2018
16:00
Təhsil Nazirliyi bu fikirlərə diqqət etsə yaxşıdır
Orxan Fikrətoğludan kəskin təhsil resepti

Yazıçı, ssenarist, telejurnalist Orxan Fikrətoğlu Azərbaycan təhsil sisteminin üç ən böyük problemlərdən danışıb.

O bildirib ki, Azərbaycan təhsilində əsas problem kimi repetitorluğu  görür: "Repetitorluq institutu haqqında ciddi qərar qəbul olunmalıdır. Orta məktəb şagirdləri ya məktəbə getməlidirlər, ya da repetitor yanına. Repetitorluq çox böyük problemdir. IX, XI sinif şagirdlərinin çoxu məktəbə getmir. Bunu hamı bilir, amma hamı da göz yumur. Necə ola bilər ki, məktəb var, amma ora getmirlər?! Repetitorluq edən müəllimə məktəbdə yaxşı maaş verilsə, onu əlavə saatla, vəsaitlə təmin etsələr, bu problem aradan qalxar. O da xoşbəxt olar, uşaq da, məktəb də... Repetitor da ailə saxlayır, vəziyyət çətindir, iqtisadi problemlər var. Əslində, bu məsələlərin həll olunması çox asandır. Sadəcə, hamıya sanki çörəkpulu qoyurlar. Bu, qanunla tənzimlənməlidir.

Şəxsən məni I sinifdən X sinfədək heç bir dərslik qane etmir. Məncə, dəqiq elmlər Rusiyadan mənimsənilib, humanitar elmlər isə peşəkar işlənilməyib.

İkinci ən böyük problem dərsliklərdir. Şəxsən  məni I sinifdən X sinfədək heç bir dərslik qane etmir. Məncə, dəqiq elmlər Rusiyadan mənimsənilib, humanitar elmlər isə peşəkar işlənilməyib. Azərbaycan vətəndaşını milləti, vətəninə bağlı yetişdirmək üçün xüsusi ideoloji proqram olmalıdır. Dərsliklər də həmin proqrama uyğun olaraq tənzimlənməlidir. Məqsəd ağıllı,  intellektual, ən azı, Sovet dövründə yetişmiş Lütfi Zadə kimi insanlar yetişdirməkdir. Amma dərsliklərimiz buna qadir deyil.

Dərslikləri yazmaq üçün alimlər olmalıdır. Bizdə 80 nəfərdən 70-i alimdir, akademikdir. Amma ortaya bir ciddi dərslik qoyulmur. Mən hələ dərslikdən danışıram, elmi nailiyyətlərdən yox.  Mənim özümü jurnalistikadan dərs deməyə dəvət etmşdilər. Azərbaycanda jurnalistika sahəsində tədris olunan kitabların hamısını  mən 1980-ci illərdə Rusiyada  oxumuşdum. Azərbaycancaya uyğunlaşdırmadan  tərcüməni götürürlər, düyməni basırlar, internet də yazır. Guya, tərcümə edirlər. Amam bunu Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. Müsahibə almanın belə öz qaydaları var. Bu janrların hamısı azərbaycancaya uyğunlaşdırılmalıdır. Bu, o deməkdir ki, orijinal dərsliklər yazılmalıdır. İstər ali, istərsə də orta məktəblərdə. Üçüncü mühüm məsələ isə kadr problemi ilə bağlıdır. Müəllimlərin intellektual səviyyəsi, pedoqoji ovqatı tənzimlənməlidir. Tanışlıq, nə bilim nə... Belə şeylər, ümumiyyətlə, ləğv olunmalıdır”.

O, yeni müəllim obrazının yaradılmalı olduğunu deyib:

“Attestasiya haqda danışırlar. Amma bu attestasiyanı kim keçirəcək? Bunun özü də sualdır. Məncə, attestasiyalar təşkil olunmalı, yeni müəllim obrazı düşünülməlidir. Yalnız Təhsil Nazirliyi sistemində deyil, ədəbiyyatda, kinoda da yeni müəllim obrazı gündəmə gətirilməlidir. Təmiz, alnıaçıq, intellektual”.

O, korporativ maraqların olmamasını əsas gətirərək, Azərbaycan məktəblərində təmayülləşməni düzgün hesab etmədiyini bildirib:

“Uşaqları qrup-qrup hazırlaşdırmaq lazım deyil. Şagird I qrup üzrə hazırlaşdığı üçün, III qrupa aid olan fənləri bilmir. Eynilə, III qrup da I qrup fənlərindən məlumatsızdır. Bizə  vətəndaş lazımdır, qrup yox! Bizə hər şeyi bilənlər lazımdır. Bütün dünyada belədir; İnsanın qaşı ilə məşğul olan, onun burnundan xəbərsizdir. Amma bir bizim keçmişimizi xatırlayın da! Bizim öz təhsil sistemimiz olmalı, ensiklopedik biliyə malik insanlar yetişdirməliyik. Çünki biz  kiçik dövlətik və böyük problemlərimiz var. Təhsildə, iqtisadiyyat və digər sahələrdə çatışmazlıqlar mövcuddur. Həqiqətən güclü cəmiyyət qurmaq istəyiriksə, təhsil bu sahələrdən ən əsasıdır. Buna görə də mütəxəssislər yetişməlidir. Xaricdə oxuyan xaricdə qalır, buralara qayıtmır. Burada oxuyan da ki, belə...

 Elə İngiltərəni götürək, orada təmayülləşmə də var, korporativ maraqlar da... Onlar sifariş verirlər ki, 10 nəfər proqramçı yetişdir. Bunlar hamısı uzlaşdırılır. Amma Azərbaycanda nə bazarın, nə neft şirkətinin, nə də hansısa böyük şirkətin sifarişi yoxdur. Korporativ maraq və sifariş yoxdur ki, sən yalnız  I qrup fənləri haqda bilikləri olan mütəxəssis yetişdirəsən. Sadəcə, kimsə qruplar üzrə bölüb. Uşaqların, daha çox isə valideynlərin istəyi ilə bu uşaqlar müəyyən qrup üzrə yetişdirilir. Amma niyə?! Buna tələbat var?! Bazar bunu tələb edir?! Bu riyaziyyatçılar, fizioloqlar hansı idarəyə lazımdır? Baxırsan ki, tələbat yoxdur. Amma bu qədər qrup üzrə kadr yetişir. Sonra da universiteti bitirib gedirlər biznesə. Təəssüf...”

Onun sözlərinə görə, Azərbaycan valideyni övladının təhsilinə Təhsil Nazirliyindən çox müdaxilə edir:

“Çox mühüm məsələni qeyd etmək istərdim. Azərbaycanda valideyn məktəb və Təhsil Nazirliyindən güclüdür. Bizdə valideyn müdaxiləsi hər şeyi həll edir. Bu uşaqların özünü ifadə etmək qabiliyyəti evdə razılaşdırılmış ifadəetmə üsuludur. Məsələn, valideynlər övladlarına deyirlər ki, aktiv ol, Azərbaycanda 3-4 dənə qrup var ki, orada hara girsən xoşbəxt ola bilirsən. Valideyn də uşağını ora yönəldir. Yalnız  özünüifadədən söhbət getmir, söhbət cəmiyyətdə yer tutmaqdan gedir. Bu uşaq da ona uyğun olaraq, valideynin təkidi ilə formalaşıb böyüyür və ona elə gəlir ki, bu dəhlizlə hansısa işıqlı yerə çıxacaq. Amma uşaq bəlkə də içində olan böyük istedadı boğur. Ümumiyyətlə, valideyn- Təhsil Nazirliyi problemi həll olunmalıdır. Məncə hər ailə özünün təhsil naziridir. Elə mən özüm. Uşağımı hansı məktəbə qoyacam, hardan çıxaracam, nə necə olacaq, hamısına nəzarət edirəm”.

Orxan Fikrətoğlu tarix və ədəbiyyat dərsliklərindəki problemlərə də aydınlıq gətirib:

“Dərsliklər çox mühümdür. Mən rus dilində oxuyub, idmançı olsam da, Abbas Səhhət, Abdulla Şaiqin  şeirlərini bu günəcən əzbər bilirəm. Azərbaycan uşaq ədəbiyyatı 4 etapa bölünür. Onların 4-də də dahilər var. Mən bu sözdən qorxmuram. Məsələn, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin uşaq şeirləri var. İkinci etap Cümhuriyyət dövrünün uşaq ədəbiyyatıdır. İnandırım sizi ki, onu oxumayıblar. Heç adlarını da bilmir, maraqlanmırlar. Kim kimin qohumudur, xalası oğludur, götürür qoyur ora. Belə olmaz axı. Sovet dövrü Hikmət Ziya, İlyas Tapdıq elə gözəl uşaq şeirləri yazıb ki. Atam olduğuna görə demirəm, Fikrət Sadıqın çox  yaxşı uşaq şeirləri var. Sonra gəlir müasir dövr. Mən əminəm ki, bizim dövrümüzün də uşaq şeirləri var. Amma seçim düz olmalıdır. Məsələn,

Qəşəng qızam, adım gilə

Qonaq getdim dayım gilə

Yağış yağdı gilə-gilə,

Ayaqqabım batdı gilə.

Görün Fikrət Sadıq bircə gilə sözünü nə qədər oynadıb. Təkcə qulaq qafiyəsi, alliterasiya deyil, milli məni formalaşdıran, 4 mənada gilin olmasını anladan vətənpərvər uşaq yetişdirən şeirdir. Heç nə elə-belə deyil.

Tarix kitabından oxuyuram: “Yadelli işğalçılara qarş çayın sol sahilində azərbaycanlılar vuruşub”. “Yadelli işğalçı” nə deməkdir? Axı, bu tarixdir, ədəbiyyat deyil! Tarixdə konkret ad və məlumatlar verilməlidir. Bu ədəbiyyat deyil ki, poetikcəsinə yazasan ki, filankəs gəldi, qılıncını çəkdi, biri nərə çəkdi, biri atdan yıxıldı. Tarix elmində dəqiqlik olmalıdır. Hətta buna qədər problemlər var”.

Onun sözlərinə görə SABAH qrupuna seçilmiş tələbələr digərlərindən heç nə ilə fərqlənmirlər:

“Tədqiqatla bağlı nəsə olsa ortada olar. Tədqiqat varsa, praktikaya keçilməlidir. Məsələn, yeni  esperimental məktəblər açılmalı, seçim düzgün olmalı idi. Mən SABAH qruplarında  dərs demişəm. İnanın ki, mən SABAH qrupuna seçilmiş tələbələrin digərlərindən heç bir fərqini görməmişəm. Eyni səviyyədə, hətta bəlkə də aşağıdırlar. O qruplara necə, hansı kriteriya ilə seçilmişdilər bilmirəm. O cümlədən ora cəlb olunan müəllimlər də intellektual cəhətdən yüksək səviyyədə olmalı idilər. Çünki onlara imtiyazlar daha artıq verilir”. 

Onun sözlərinə görə, Azərbaycana 700 şair yox, riyaziyyatçı lazımdır:

“Gəncləri elmə cəlb etmək üçün öncə tələbat olmalı, bir sistem formalaşdırılmalıdır. Bu sistemdə korporativ maraqlar, dövlət maraqları, birbaşa kadr yetişdirməyə qadir olmalıdır. Məsələn, nə qədər ağrılı olsa da, axı 700 şair kimə lazımdır? Riyaziyyatçı lazımdır ki, yeni texnologiyaları tətbiq edək. İqtisadi, siyasi və digər nailiyyətləri əldə etmək üçün güclü texnologiyalar olmalıdır. Öz icad etdiyimiz  silahlara ehtiyac var. Müdafiə Nazirliyində işləyəcək çox savadlı, beyinli, dünyaçaplı 10-15 silah mütəxəssisi  alimimiz olmalıdır. Baxın, tələbat budur! Təhsil bunu yetişdirməlidir. Tarix üzrə araşdırmaçı alimlər olmalı, İran, Rusiya ərazisində qalmış tariximiz araşdırılmalıdır. Bu gün Azərbayda neçə alim Orxon Yenisey abidələrini oxuya bilir? Niyə bu alimlər çox deyil?”

Tanınmış jurnalist Azərbaycan televiziyalarında təhsil proqramlarının çox az olmasının səbəblərini izah edib:

“Mən Azərbaycan televiziyaları haqda ciddi danışa bilmirəm. Bir kanalın ciddi verilişi yoxdur ki, məni qane etsin. Bunu illərdir televiziyada işləmiş adam kimi deyirəm:Azərbaycan televiziyaları bütün verilişlərini iqtisadi kontent kimi hazırlayır. Onlar pul qazanmaq istəyirlər. Bunun Azərbaycan xalqı, millətinə heç bir xidmət parametri nəzərə çarpmır. Necə ki, kafelər pul qazanır, televiziyalar da eynilə, mənfəət güdürlər. Mən bir-iki kanalda qalmışam, amma hətta veriliş belə apara bilmirəm. Çünki bu yanaşma çox çətin gəlir. Mən inanmıram ki, təhsil verilişi pul gətirsin. Heç bir telekanal buna getmir. Getsə də üzdən işıqlandırır, kimi isə tərifləyir, ya pisləyirlər. Hamısı oyundur”.

O, “Zorxana” verilişində toxunduğu təhsil məsələlərini də diqqətdə saxlayıb:

“Mənim “Zorxana” verilişlərim internetdə qalıb. Mən nə demişdimsə, hamısı baş verdi. Azərbaycanın çox kasıb dövrləri vardı. Ərəbistan və İrandan missionerlər gəlib aşağı təbəqənin uşaqlarını alıb aparır, dini təhsil verirdilər. Valideynlər də buna icazə verirdi. Çünki, dolana bilmirdilər. Daha çox qaçqın zonasında yaşayan insanlar arasında bu baş verirdi. Mən efirdə deim ki, “bunlar gedib, dini kafa ilə qayıdacaqlar. Bu, Azərbaycanda dini ayrı-seçkilik yaradacaq. Uşaqlarınızı verməyin”. O vaxt Azərbaycanda təhsil də çox aşağı idi. Valideynlər uşağı xoşbəxt olsun, normal yemək yesin deyə onu göndərdilər. Azərbaycanın təhsil almış, müəyyən ideologiyada böyümüş uşaqlarının səsi Suriyadan gəldi. Uşağa təhsil verməyəcəksənsə, o, başqa ideologiyanın təsiri altına düşəcək. Çox ciddi məsələdir. Mən dərslik problemini elə 1990-cı illərdə efirdə deyirdim. Hələ o vaxt vəziyyət indikindən yaxşı idi.

Təsəvvür edin ki, mən hələ 1990-cı ilərdən tədris haqqında qanunun qəbul olunması üçün çalışdım. Bu, bəlkə də on il çəkdi. Mən illərlə efirdə danışırdım ki, bu qanun nə vaxt qəbul olunacaq? Görün, biz neçə il itirdik! Axı bir qanunun qəbul olunması nə idi? O cümlədən tədqiq də. Tədqiq olmalı, reformlar aparılmalıdır. Bilirəm ki, bütün nazirlər nəyisə düzəltmək istəyib. Sanki hansısa qüvvə, qaragüruh var və mane olur. Kim istəməz ki, Azərbaycanın təhsili yaxşı olsun. Sadəcə, bunu sistemləşdirib həyata keçirmək lazımdır”.

Orxan Fikrətoğlunun sözlərinə görə, analitik düşünə bilən şagirdlərin yetişdirilməsinə ehtiyac var:

“Məncə analitik düşüncəni formalaşdırmaq üçün öncə seçim etməliyik ki, bu uşaq həmin uşaqdır? Analitik təhlil qabiliyyəti yazıçılıq kimi Allah vergisidir. Öncə seçim düzgün olmalıdır. O, kimisə uşağ deyil, sadəcə, ağıllı uşaq olmalıdır. Seçimi edən müəllim də ağıllı olmalıdır. Xüsusi məktəb yaradılmalıdır. Ümumiyyətlə, bütün ölkələrdə xüsusi məktəblər var. Onlar dövlətin marağında xidmət göstərirlər. Uşaqları yığıb onlara xüsusi təlim keçirlər. Gələcəkdə həmin şagirdlər ölkənin düşünən beyinləri olurlar. Proqramları yazır, ölkənin idarəetməsinə yönəlirlər. Bu da təhsilin bir qoludur. Bunlar Sovet vaxtı da vardı. Bu dəqiqə Amerika və İranın, Rusiyanın, Avropa birliyinin  problemləri var.  Bu geosiyasi burulğanlar Azərbaycxana nə verə bilər? Ölkəni nə dərəcədə silkələyə bilər və silkələsə nə etməliyik? Bunları 3 il, 5 il qabaq düşünən beyinlərə ehtiyac var. O uşaqların yetişdirilməsi çox mühüm məsələdir”./azedu.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Orxan Fikrətoğlu 
Şərhlər
Saida Alfeddinova tərəfindən 01-07-2018 11:32:28 tarixində yazıldı
Təhsil
Orxan müəllim,facıə ondadır Sizin düşündüyünüz ağıllı gənclər illərdir ki,xaricə oxumağa gedib qayıtmayıblar."Dövlətin o gənclərə ehtiyacı yoxdur.Oz qohum-əqrəbaları bəs edir".
Merziye Amiraslanova tərəfindən 01-07-2018 11:33:19 tarixində yazıldı
Salam
Orxan bəy fikirlərinizin əksəriyyəti ilə razıyam.Amma valideyn TN olması ilə yox.TN şagirdlərin hansı istiqamətdə təhsil almasına necə qərar verə bilərdi ki,bunu etmir və valideynlər onun əvəzinə icra edir?Məncə TN elə proqramlar qəbul edib tədqiq edə bilər ki,uşaqlar da öz potensialının fərqində olsun. Əsas məsələlərdən biri tamam yaddan çıxıb.Uşaqlara pul mənbəyi kimi deyil ,savadlı insan yetişdirmək nəzəri ilə baxan müəllimləri də seçmək lazımdır. İşini sevərək icra edən müəllimin işinin nəticəsi də keyfiyyətli olacaq.Ən əsası uşaqlara savadı verə biləcək və onların psixologiyasına görə davranmağı bilən müəllimləri irəli çəkmək lazımdır. Valideynlər məktəbdə"uşağım seçilməsin"adı ilə uşaqlarına müəllimin verməli olduğu münasibəti təmənna qarşılığında almağa çalışırlar.Bütün bunlar uşağın gözü qarşısında baş verir.Yəni gələcəkdə də təmənnanı adi hal kimi qəbul edən nəsillər yetişir .Hərəkətlərilə uşaqlara nümunəvi olan müəllimlər işləməlidir. Çox çətin dövrdə yaşayırıq.Amma işinin obyekti insan olan ixtisas sahibləri təmənnalı və keyfiyyətsiz iş görməməlidir.Bu birbaşa cəmiyyətin maddi və mənəvi məhvidir.
Sevda Rüstəmova tərəfindən 01-07-2018 11:35:13 tarixində yazıldı
Doğrudur
Çox doğru zamanında səslənən fikirlərdir. Xüsüsilə də dərsliklər haqqında.... Dərsliklərimiz çox bərbat vəziyyətdədir.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 12:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com