Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2018
10:53
Səməd Rəhimli: Türkiyədə keçirilən seçkini Azərbaycan üçün nümunə saymaq olmaz

Hüquqşünas Səməd Rəhimli Turan-ın "Çətin sual" proqramına müsahibəsində iyunun 24-də Türkiyədə keçirilən seçkilər və bu seçkilərin regional təsirlərindən danışıb.

- Açıq demokratiya tərəfdarı olan müxalif namizəd Məhərrəm İncə Ərdoğanın qələbəsini qəbul etdiyini bildirib. Türkiyədə əhalinin hər dəfə Rəcəb Tayyib Ərdoğanı seçməsinin səbəbi nədir?

- Birincisi, bu məsələni vurğulamaq lazımdır ki, əhali və yaxud xalq deyəndə bu diskurs olaraq istifadə olunur. Amma seçki o demək deyil ki, bütün xalq getdi və vahid bir yerdə nəsə bir qərar qəbul elədi. Seçkilərdə adətən ayrı-ayrı sosial qruplar olur və ayrı-ayrı sosial qruplar öz maraqlarına, ideyalarına uyğun olaraq gedirlər, onlar ən uyğun saydıqları o sosial qrupun gözü ilə o namizədə səs verirlər. Yəni, seçkinin xüsusiyyəti budur. Türkiyədə də 4 ayrı-ayrı sosial qrupun koalisiyası var. Bu koalisiya şərti olaraq daha çox nisbi çoxluq yarada bilir.Türkiyədə -hazırda Ərdoğan ətrafında konsalidasiya (cəmləşmə) olunub. Belə olanda Ərdoğan o çoxluğun uzunmüddətli dəstəyindən müəyyən güc ala bilir və həmin dəstək vasitəsilə uzun müddət hakimiyyətdə qalır. Dövlət aparatını da öz ətrafına yığa bilir. Bunun gətirdiyi bu güclə daha yaxşı, daha güclü şəkildə iş aparıb yenidən hakimiyyətdə qala bilir. Yəni, bu, Türkiyə tipli demokratiyaya keçidi bacarmamış ölkələrdə mövcud olan tendensiyadır. Bu tendensiya Türkiyədə baş verməkdə davam edir. Yeni bir şey deyil.

- Türkiyədəki seçkiləri Azərbaycan və region dövlətləri üçün nümunə saymaq olarmı? Bu seçkilərin region dövlətlərində, xüsusilə Azərbaycanda seçki demokratiyasına təsiri ola bilərmi?

- Yox, saymaq olmaz. Seçkilər, ümumiyyətlə, demokrtiya içərisində mövcud olan institutlardan biridir. Digər institutlar da işlədiyi halda seçkilərin də bir mənası var. Amma hazırda görürük ki, nə müstəqil məhkəmə var, nə azad mətbuat var. Parlamentlərin səlahiyyətləri ciddi dəyişikliklərlə məhdudlaşdırılıb, siyasi rəqiblərə qarşı çox ciddi təqib kampaniyası gedir. Belə bir şəraitdə keçirilmiş seçkini digər dövlətlər üçün, xüsusilə Azərbaycan üçün nümunə saymaq olmaz. Azərbaycana buradan fayda yoxdur. Bu, sadəcə, olaraq Polşada, Macarıstanda indiki hökumətin iqtidarlarınınqələbəsinin nümunəsidir. Hansı ki haqlı olaraq narazılıq doğurur. Hesab edirik ki bu, demokratik nümunə deyil.

- Türkiyə seçkilərinə demokratik institutların baxışları reallığı əks etdirirmi? Seşkilərdə əsas çatışmamazlıq kimi nələri qeyd edərdiniz?

- Seçki, sadəcə, seçki günü gedib seçki qutusuna müəyyən bülleten salmaq demək deyil. Yaxud təbliğat aparıb daha çox insanı təsir dairəsinə salmaq deyil. Seçki həm də ədalətli olmalıdır. Ədalət də seçkinin prosessuallığından asılıdır ki, digər siyasi partiyaların eyni şəkildə bu ümumi resurslara ümumi çatımlılıq olsun. Türkiyədə nə gördük. Mətbuat hazırda tamamilə Ərdoğanın əlindədi, və o ənənəvi mətbuatın öz təbliğatını apara bilir. Siyasi rəqiblərindən biri hazırda həbsdədir. Bu, çox ciddi problem yaradır. Bundan əlavə, digər liderlər həbsdə olmasalar belə onların siyasi qrupları çox ciddi təzyiq altındadır. Belə olanda bu bərabər şəkildə aparılmış seçki deyil ki, bunun da nəticəsi ədalətli olsun. Bu baxımdan Avropa və digər demokratik institutların bu seçkiləri tənqid etməsi haqlıdır.

- Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri də Türkiyədəki seçkiləri müşahidə edib. Türkiyədə seçkilərin təşkili ilə Azərbaycanda seçkilərin təşkili və keçirilməsi arasında fərqli və oxşar cəhətlər nədir?

- Türkiyədə müəyyən bir seçki keçirilir.Yəni, müəyyən rəqabət var. Müəyyən bir proses var. Azərbaycanda seçki keçirilmir. Azərbaycanda, sadəcə, seçki imitasiya olunur. Azərbaycanda seçki yoxdur. Azərbaycanda formal institutların hamısı tək MSK yox, bütün formal institutların imitasiyasıdır. Türkiyədə isə müəyyən bir seçki prosesi var. Amma bu seçki prosesi ədalətli olmadığı üçün Ərdoğan qələbə qazana bilib. Amma hər bir halda ortada sosial mobilizasiya var. Seçki dediyimiz siyasi sosial mobilizasiyadır və bu, Türkiyədə var. Amma Azərbaycanda bu, yoxdur. Bu olmadığı üçün də digər məsələlər aktuallığını itirir. Hesab edirəm ki, Azərbaycandakı seçki ilə Türkiyədə seçkinin müqayisəsi əhəmiyyətsizdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səməd Rəhimli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 19:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktxeber[email protected]

Valyuta.com