Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
09:52
Axundovçular 100 ilə bir nəfər dahi yetişdirə bilməyiblər

Bu cızma-qaramı dinin Azərbaycan elminə ziyan gətirdiyini düşünən “ziyalılara” ərməğan edirəm ki, bəlkə, düzələlər

Axundovu özlərinə mayak bilənlər 100 ilə bir nəfər dahi yetişdirə bilməyiblər.. Yaxşı, dini təhsil geriliyə səbəb olurdusa, niyə Axundovdan bu tərəfə Axundovu ötüb keçə bilmədiniz?..

Əsli dini mənsubiyyətə malik olan Azərbaycan torpağımız dinsiz sovet dövründə bir nəfər belə, dünya səviyyəli ədəbi mütəfəkkir yetişdirə bilmədi. Həmin sovet dövründə az-çox xalqın sevdiyi bəzi ədiblər də ki, dinə  hörmət edən şəxsiyyətlər olub. 19 və 20- ci əsrin əvvəllərində yaşamış və indi də sevib-seçilən ədiblərə gəldikdə isə, onlar da dini təhsil görmüş şəxslərdir. Hətta Azərbaycanın ədəbi xəzinəsinə nankor çıxan və rusların əli ilə xəyanət edən Axundov da yüksək dini təhsilə malik idi. Və bugünkü bəzi ateist ədiblər onu özlərinə mayak bilirlər. Bu sual dinin inkişafa mane olduğunu söyləyən ədəbi cərəyana ünvanlanır: yaxşı, dini təhsil geriliyə səbəb olurdusa, niyə Axundovdan bu tərəfə Axundovu ötüb keçə bilmədiniz? Hələ burası da var ki Axundovun dediyi şəraitə tam uyğun dövrdə yaşamısınız. Axundov deyirdi ki, ərəb əlifbası elm üçün bir maneədir, İslam dini xurafatdır. Siz, hazırkı ateist ruhlu tənqidçilər, tam allahsız ideologiya ixrac edən sovet dövründə – 70 il ərzində və Qərbin əlifbası ilə niyə bir ədəbi platforma yarada bilmədiniz ki, indi də üstündə gəzməyə yeriniz olsun?! 

Beləliklə, tam aydın olur ki, dinin təhsilə verdiyi önəm yüksəkdir və insanların maariflənməsində, təfəkkür tərzinin formalaşmasında digər ideoloji təlim sistemlərindən çox yüksək paya malikdir. Ümumiyyətlə, bütün dünya təlim-təhsil sistemi yığışsa, bir Bəhmənyarın və ya Nizami Gəncəvinin və ya Nəsirəddin Tusinin və ya Nəsiminin və ya Füzulinin və ya Farabinin və ya İbn Sinanın və ya Sədinin və ya Ruminin təhsilinin yanından ötə bilməz. Çar dövründə din tamamilə xalqımızın əlindən alınmadığı üçün , Seyid Əzimlər, Natəvanlar, Sabirlər, o dövrü bir qədər yaşamış Cəlil Məmmədquluzadələr,  Hüseyn Cavidlər dini təhsilin istehsalıdır. Hətta dinsiz Axundov da həmin dövrdə yüksək dini təhsilə malik olmuşdur, sadəcə, yüksək elmi potensialını əksinə işlətmişdir. Amma ateist sovet dövründə  (Axundovun arzuladığı şəraitdə) təhsilinin bazasında dini təlimlər duran Axundova  ədəbi xətdə bir nəfər belə ateist ruhlu ədib çata bilmədi. Göstərsinlər sovet dövründə bir nəfər aşıq ədəbiyyatının nümayəndəsini ki, özünü əhli-beytə qulluqçu hesab edən Aşıq Dədə Ələsgərin  tozuna çata bilir. Deməli, nöqsan dində yox, sistemdə axtarılmalıdır. Din heç vaxt bəşərin savadsızlığını istəməmiş, hətta dinin əsas hədəfi olan yaradıcı Allah-Taalanın belə, elmlə tanıdılması mümkünlüyünü təqdim etmişdir. Əgər din elmsizliyi təbliğ etsəydi, sovetlər onu bizim əlimizdən almazdı.  

Sonumuz da ki budur: EYBƏCƏRİK; Mutasiyanın ən pis nümunəsi, məncə, 1300 il İslam tarixi yaşamış Azərbaycanla 70 il Allahsız sovet dövrü yaşamış Azərbaycanın sintezindən əmələ gələn indiki qarışıq təfəkkürlü insanlarımızdır. Nə zad desən, çıxır indi dırnaqarası ədib yetişdirən bu millətdən. Min il bundan qabaq yaşamış Nizamini 21-ci əsrin "müasir azərbaycanlısı" nəinki təkrarlaya bilmədi, heç yanından belə keçmədi. Göyə uçmaq iddiasındadırlar, amma hələ yerin altındakılarımıza çata bilmirlər."

Vüsal Hətəmov / şərqşünas

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mirzə Fətəli Axundov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com