Dünya Çempionatına kimlər muxbir göndərir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
14:59
2062
Dünya Çempionatına kimlər muxbir göndərir

Futbol üzrə növbəti Dünya Çempionatının başlamasına sayılı günlər qalıb. İyunun 14-də Rusiya paytaxtı Moskva şəhərində açılışı olacaq mundial iyulun 15-də yekunlaşacaq. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Çempionatının oyunlarını Azərbaycanda İctimai Televiziya yayımlayacaq.

Maraqlıdır, Azərbaycan mediasından hansı idman portalları və televiziyaları dünya çempionatına müxbir göndərəcək? Akkreditasiyadan keçənlər varmı?

Modern.az saytı bu sualla bir neçə media qurumuna müraciət edib.

"APAsport" saytının baş redaktoru İxtiyar Əsgərov:

“Təbii ki, Dünya Çempionatında əməkdaşımız olacaq. “APA Holdinq”in Rusiyadakı əməkdaşı Fərid Əkbərov akkreditasiyadan keçib. Bildiyimə görə, Azərbaycandan cəmi  iki  jurnalist akkreditasiya alıb ki, onun da biri bizim əməkdaşdı, o, "APAsport" üçün də çalışacaq. Əməkdaşımız ən maraqlı hesab etdiyimiz oyunlarda olacaq”.

 “Qol.az” saytının redaktoru Aydın Bağırov:

“Dünya Çempionatının açılış oyununda iştirak edəcəm. Əlbəttə, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Dünya Çempionatının final mərhələsinin, xüsusilə açılış və final matçlarına canlı baxmaq fərqli hislər yaradır. Mənim üçün bu oyunun xüsusi özəlliyi olacaq. Çünki bu matçda digər xarici səfərlərimdən fərqli olaraq, jurnalist deyil, yarışın rəsmi sponsorlarından birinin qonağı qismində dəvət olunmuşam.

Akkreditasiyaya gəlincə, əvvəlcədən DÇ-ya gedəcəyimi bildiyimdən bununla əlaqədar yarışın təşkilat komitəsinə müraciət etmədik. Çünki oyunlarla bağlı operativ informasiyaları onsuz da xarici internet saytları və agentliklər vasitəsilə əldə edəcəyik. Özüm də ilk oyunda (ola bilər, sonrakı bir neçə matçda da) iştirak edəcəyimdən açılışla bağlı yazılarım olacaq”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli:

“Akkreditasiyadan keçmək adi texniki prosesdi və müxbir göndərmək niyyətimiz olsaydı, təbii ki, keçəcəkdik... Amma niyə göndərə bilmirik? Sirr deyil ki, bu gün Azərbaycan idman mətbuatı çətinliklə ayaqda dayanır. "Futbol+" də bu prosesdən kənarda deyil. Nə qədər ki ölkədə sağlam bazar münasibətləri, reklam bazarı olmayacaq, o vaxta qədər də ölkə xaricinə müxbir göndərə bilməyəcəyik. Acı da olsa, mənzərə belədi. Ora müxbir göndərmək təkcə bilet, akkreditə vərəqi almaqdan ibarət deyil. Həmin adamın normal məskunlaşmasını, qidalanmasını da təmin etmək lazımdı ki, bu da hər bir redaksiya üçün böyük məsrəfdi.

Həm də bu problem təkcə idman jurnalistikasında çalışanları yox, AFFA-nı, Gənclər və İdman Nazirliyini də düşündürməlidir. Adamlar ölkə idman jurnalistikasının səviyyəsinin yüksəlməsində maraqlı olmalı, donor qurumlarla idman jurnalistləri arasında vasitəçi rolunu oynamalıdılar. Onu da nəzərə almaq lazımdı ki, Avropa Çempionatı-2020-nin final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. Həmin qitə birinciliyində ən yüksək səviyyədə çalışmağa qadir, necə deyərlər, hərtərəfli "bişmiş" ən azı 10 kadrımız olmalıdı. Amma varmı? İnanıram ki, günlərin birində bu sual AFFA-nı da düşündürəcək”.

“Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov:

“Dünya Çempionatına akkreditasiyadan keçmək üçün FIFA-nın müvafiq akkreditəsindən keçmək lazımdır. Orada da şərtlər əlverişli, asan deyil. Azərbaycandan yerli federasiya vasitəsilə cəmi 3 akkreditasiya verilib. O sənədlə kimlərin göndəriləcəyinə gəlincə, dəqiq birini bilirəm, o da qurumun fotoqrafıdır. O birilərdən xəbərim yoxdur.  Müstəqil idman mediasından hansınınsa akkreditasiyadan keçdiyini eşitməmişəm”.

İdman Azərbaycan televiziyasından saytımıza verilən məlumata görə, kanal dünya çempionatına hələ ki müxbir göndərmək fikrində deyil:

“Bununla bağlı  qərarımız yoxdur. O cümlədən akkreditasiyadan da keçməmişik. Biz yayımçı olduğumuza görə yarımfinal və final oyunlarına əməkdaşımızı göndərə, akkreditasiyanı rahat ala bilirik. Əgər müxbir göndərəsi olsaq, yəqin ki, yarımfinal və final oyunlarına göndərəcəyik”.

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli:

“CBC Sport olaraq bizdən Şəmsəddin Abbasov akkreditasiyadan keçib”.

Məqalədə : Dünya Çempionatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 14:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com