Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
09:33
`Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!`
Artur Rasi-zadənin vəzifədən gedəndən sonra ilk müsahibəsi

Ötən ay baş nazir vəzifəsindən yola salınan 83 yaşlı Artur Rasi-zadə vəzifəsindən getdiyindən sonra ilk dəfə müsahibə verirb. Müsahibəni oxucularımıza təqdim edirik: 

- Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

- (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!”  (ürəkdən gülür).

- 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmışınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

- Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

- Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

- Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

 - Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

- Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

- Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

- Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa... Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. “Xalq düşməni” damğası və sair.

- Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

- Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

- Artur müəllim, sizi ən çox narahat edən nədir?

- Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

- Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

- Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

- Artur müəllim, həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

- Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. Sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun.

- Biz də sizə təşəkkür edirik.("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Artur Rasi-zadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 11:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com