Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
21:04
İranda dövlət çevrilişi hazırlanır

ABŞ prezidenti Donald Tramp seçki marafonunda verdiyi vədləri bir-bir yerinə yetirir. Bu vədlərdən ən səs-küylüsü ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi və uzun illərdir danışıqları aparılan, nəhayət 2015-ci ilin iyulunda "5+1" ölkələri (Çin, Almaniya, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) ilə İran arasında imzalanan nüvə müqaviləsindən çıxması oldu. İmzalanmış nüvə müqaviləsində tərəflərin hər birinin ortaya qoyduğu şərtlər müzakirə edilərək qəbul olunmuşdu. Amma nədənsə Tramp hakimiyyətə gəlməzdən öncə və sonra çıxışlarında bəyan etdi ki, İrana daha çox güzəşt edilib və İran öhdəliklərə əməl etmir. 

Bu günlərdə isə ABŞ-ın dövlət katibi Mayk Pompeo yeni nüvə sazişi üçün İrana 12 maddəlik təklif göndərib və bildirib ki, bu 12 təklifə əməl edəcəyi təqdirdə, İranla yeni nüvə müqaviləsi imzalanacaq, əksə təqdirdə İran tarixində görmədiyi sanksiyalarla üzləşəcək. 

Doğrudan da ABŞ-ın İrandan istədiyi bunlardırmı?

FaktXəbər-in analizində bu suala cavab tapmağa çalışacağıq. Amma bu sualın cavabı üçün ilk öncə tarixə baş vurmalı olacağıq. 

Soyuq Müharibə illərinin ən qaranlıq günlərində - 1953-cü ildə ABŞ-ın 34-cü prezidenti olaraq Ağ Evə gələn Normandiya və Avropadakı Müttəfiq Qüvvələrinin komandiri, NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı “Ayk” ləqəbi ilə tanınmış general Duayt Devid Eyzenhauer (1953-61), Corc Buşdan düz 48 il əvvəl, "ABŞ və azad dünya üçün böyük səlib yürüşünü başlatdığını" açıq şəkildə elan etmişdi.

Eyni illərdə isə İranda baş nazirlik kürsüsünə ən məşhur siyasətçisi Dr.Məhəmməd Musaddiq seçilmişdi. 1951-ci ildə keçirilən seçkilərdə Musaddiq ən əhəmiyyətli seçki vədi, o dövrdə İranda fəaliyyət göstərən yeganə neft şirkəti British Petroleumu (BP) milliləşdirmək idi. 

Məhz buna görə, Eyzenhauerin səlib yürüşünün ilk qurbanı İran olmuşdu. Faşist generalı Gehlenlə birlikdə Mərkəzi Kəşfiyyat İdarəsinin yaradılmasında baş rolu oynayan və 1953-61-ci illərdə MKİ direktoru olan Allen Dulles, xarici işlər naziri olan kiçik qardaşı Con Foster Dulleslə birlikdə, xalqın geniş dəstəyi ilə iqtidara gəlmiş və nefti milliləşdirmiş baş nazir Musaddiqi 1953-cü ildə qanlı çevrilişlə iqtidardan endirmişdi.

İranı qarışdırıb Musaddiqi devirmək işinin adını "Operation Tpex" qoydular və mərkəzi qərargah olaraq da Kipri seçdilər. Əməliyyatı üçün əvvəl 1 milyon dollar ayırıb vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş Zahidi adlı ehtiyatda olan generalı tapdılar. İlk cəhd müvəffəqiyyətsizliklə nəticələndi, amma prosesi dayandırmadılar. MKİ planlarını təcrübəsiz və utancaq gənc İran Şahı Rza Pəhləvi üzərində qurdu. Və Musaddiqi devirdilər. Əvvəlcə sui-qəsdə qarışmaqdan çəkinən və bacısı tərəfindən razı salınaraq işə qoşulan Şah Raz Pəhləvini Romadan geri çağıraraq taxta oturtdular. Qarşıdakı iki il üçün Şahın Baş naziri olacaq Zahidiyə amerikalılar nəğd şəkildə 5 milyon dollar verdilər...

"Təqaüdçü Zabitlər Klubu"nun rəhbəri olan Zahidi pul, intiqam və vəzifə ehtirası ilə əməkdaşlığa "bəli" dedi. Hava Qüvvələrinin keçmiş komandiri olan Gülənşah, əqidəcə zəif general Dəftəri və bəzi kiçik ordu komandirlərini də vəzifə və pul vədiylə satın aldı. Çevriliş hazırlamaq üçün Kargər (Fəhlə) Partiyası lideri Müzəffər Bəqai kimi adamları bir yerə topladı. Amerika və İngiltərə kəşfiyyatı bu insanlara hər ay yüz minlərlə dollar verdi. İngilislər 1952-ci ildə İrandan çıxarıldığı üçün çevrilişi amerikalılar həyata keçirdi. “Ajax” adı verilən əməliyyatı ABŞ prezidenti Teodr Ruzveltin qardaşı oğlu Kermit Ruzvelt idarə etdi. Agent Ruzvelt "Əks zərbə" kitabında MKİ-nin xaricdəki bu ilk çevrilişi barədə ətraflı məlumat verib. O yazır ki, çevrilişdən əvvəl Musaddiqi gözdənsalma kampaniyaları həyata keçiriblər. Xəstə, fanatik və kommunizm tərəfdarı kimi təbliğatını aparıblar.

İddialar MKİ-nin psixoloji müharibə mütəxəssisləri tərəfindən hazırlandı və müttəfiq İran qəzetlərində olduğu kimi dərc edildi. Ən əsası isə, Musaddiqin gücündən çəkinməyə başlayan Şah Rzanın dəstəyi artdı. Bu işi agent Ruzvelt gizli görüşlərlə həyata keçirirdi. Çevrilişin son mərhələsi küçə iğtişaşları idi. Agentlərin təşkilatlandırdığı yüzlərlə insan, Şaha qarşı Musaddiq tərəfdarı kimi küçələrə töküldü. Şahın heykəlini uçurdular. Şah tərəfdarlarını döydülər, dükanlarını yağmaladılar. Halbuki bu iğtişaşların baş verəcəyindən Musaddiqin xəbəri belə yox idi. Amma minlərlə günahsız Musaddiq tərəfdarı və ya Şah əleyhdarı da küçələrdəydi. Musaddiq iğtişaşın qarşısını almaq üçün nümayişləri qadağan etdi. Küçəyə çıxmaq qadağan olundu. Çevrişçilər oyunun ikinci pərdəsini də səhnəyə qoydular. Bu səfər həmin agentlər Şah tərəfdarları kimi küçəyə çıxdılar. Minlərlə günahsız Şah tərəfdarı da onlara qatıldı. "Beyinsiz Şaban" ləqəbli qoçu və adamları, ağır atletika ilə məşğul olan idmançılar pulla ələ alındı və Musaddiq tərəfdarlarına hücum edildi. Yağmalanmalar başladı. Hökumət binalarına hücumlar edildi. Sonda isə Musaddiqin iqamətgahı da mühasirəyə alındı. Qarşıdurmalar baş verdi və 300 insan dünyasını dəyişdi. Amma Zahidi baş nazirlik kreslosuna qovuşdu.

Şah 1953-cü ildə MKİ-nin dəstəyiylə Musaddiqi Baş nazirlikdən çıxardı və yerinə faşist müttəfiqini gətirdi. Musaddiqə dəstək nümayişləri başladı və Şah Romaya qaçdı.

Amma MKİ geri çəkilmədi, pulla Şahı dəstəkləyən nümayişlər hazırladı. Radio stansiyalardan birini ələ keçirən nümayişçilər Şahın İrana tərəf yola çıxdığını və Musaddiqin devrildiyini yayımladılar. Halbuki həmin vaxt Musaddiqi uzaqlaşdırmaq üçün Tehran küçələrində yüzlərlə adamın öldürüldüyü tank döyüşləri gedirdi...

1979-cu ildə isə İran xalqı Şahı devirdi; onu hakimiyyət başına gətirən, bütün o illər boyunca dəstəkləyən ABŞ-a böyük hirs və nifrət bəslədiyini göstərdi...

Tarixi faktlar barədə bu qədər kifayət edər. Bundan sonra qeyd edəcəklərimizin bu faktlarla bağlılığı var. İndi isə Pompeonun dünən dediyi sözlərə nəzər yetirək: "İranda hakimiyyət dəyişikliyi istəmirik." Amma yuxarıda qeyd olunan tarixi hadisələrə diqqət yetirsək görərik ki, əslində məhz hakimiyyət dəyişikliyi istəyirlər. Çünki Musaddiq hakimiyyətinin dövründə olduğu kimi indi də ABŞ-ın əl-ayağı İrandan yığışdırılıb. Nə neft-qazını sömürə bilir, nə hakimiyyət idarəçiliyi üçün diktə edə bilir, nə də xarici siyasətini yönəldir. 

Bundan əlavə, Suriyada ABŞ-ın İŞİD terror təşkilatının dəstəyi ilə başlatdığı işğal siyasəti Rusiya və İranın birbaşa müdaxiləsi ilə geri oturduldu. Suriyanın şimalında kürd dövlətinin yaradılma istəyi isə Türkiyənin sərt müdaxiləsi ilə üzləşdi. 

Eyni proses Yəməndə də davam etdi. Səudiyyə Ərəbistanının əl hərəkəti ilə qalxıb-oturan prezident Mənsur Hadi xalqın etirazı ilə ölkədən qaçmağa məcbur oldu. Xalqın dəstəyi ilə hakimiyyətə hələn Ənsarullah Hərəkatı ABŞ-ın dəstəyi ilə ölkəsini blokada saxlayan Səudiyyəyə qarşı mübarizə aparacaqlarını açıqladı. İran rəsmi şəkildə olmasa da, Ənsarullah Hərəkatına dəstək verdiyi açıqlamalarda örtülü şəkildə bildirilir.

İraqda İŞİD terrorçularının irəliləməsinin qarşısını isə İranın dəstəklədiyi Həşdi-Şabi qüvvələri aldı. Bu qüvvələr daha sonra İraqın rəsmi silahlı qüvvələri siyahısına daxil edildi. Bu yaxınlarda keçirilən seçkilərində isə 47 deputatla parlamentə düşdü və hazırda koalisiya hökumətinin qurulması yönündə Muqtəda Sədrin başçılıq etdiyi “Saurun” koalisiyası ilə danışıqlar aparırlar.

Livanda keçirilən seçkilərdə də Hizbullah hərəkatı və mütəffiqlərinin yaratdığı koalisiya parlamet seçkilərindən zəfərlə çıxıblar. 128 nəfərlik parlamentə Hizbullahın 13 namizədi koalisiya tərkibində millət vəkili seçilib.

Fələstində isə məsələ aydındır. İllərdir İsrailin təhdidlərinə İran Həmasa dəstəyi ilə cavab verir.

Bütün bu sadalananlar ABŞ-ın Yaxın Şərq siyasətində İrana uduzduğunun göstəricisidir. Və belə olan halda Pompeonun İranda hakimiyyət dəyişikliyi istəmədiklərini söyləməsi, reallıqdan uzaq görünür. 

Əgər Pompeonun “hakimiyyət dəyişikliyi istəmədikləri” sözünə inansaq, onda başqa sual yaranır, bəs nə istəyirlər? Bir neçə gün öncə sadaladıqları 12 şərtin həyata keçirilməsinimi?

Şərtlərə baxanda, əslində ABŞ-ın suyu bulandırmaq istədiyi açıq-aydın görünür. Əvvəla BAEA özü açıqlama verib ki, nüvə müqaviləsinin imzalanmasından öncə İran bütün şərtləri ödədi; zənginləşdirmə işlərini və ağır su reaktorunu dayandırdı, təkrar emal həyata keçirmədi. Daha sonra ABŞ tələb edir ki, BAEA İran ərazilərində istənilən yerə girə bilsin, yəni bütün hərbi obyektlərə. Görəsən dünyanın hansı ölkəsi BAEA-ya bu icazəni verib? Məgər hərbi obyektlər dövlət təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını Donald Tramp bilmir? Yəqin ki, çox yaxşı bilir, amma yerinə yetirilməməsi üçün ortaya atılan şərtlərdən biri olduğunu açıq şəkildə görmək olur. 

Daha sonrakı tələb isə ballistik raketlərin inkişafının dayandırılmasıdır. Amma yenə unudulan bir şey var ki, o da hər bir ölkənin hərbi sənayesinin inkişafının onun haqqı olduğudur. Bu eyni ilə ona bənzəyir ki, Aprel döyüşləri zamanı Azərbaycanın istifadə etdiyi kamikadze pilotsuz təyyarələri barədə Ermənistan cığallıq edərək, beynəlxalq təşkilatlara şikayət edəcəklərini açıqlamışdılar.

ABŞ-ın tələblərindən biri də Hizbullaha, Həmasa və İslami Cihada İranın yardımları dayandırması ilə bağlıdır. Bu tələbin də həyata keçirilməsi mümkünsüzdür. Çünki məhz bu 3 təşkilatın ikisi daxildən, biri isə sərhəddən İsrail üçün daim başağrısıdır.

Başqa bir tələb İraq hökumətinin suverenliyinə hörmət edilməsi və şiələrin silahsızlaşdırılması və reinteqrasiyası ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, İraqda artıq problem həll edilib. ABŞ-ın İraqda varlığına müxalif olan və hər ikisinin də silahlı qüvvələri olan “Sairun” koalisiyası ilə Həşdi-Şabi birləşərək hökumət qurmağa hazırlaşırlar.

Yəməndə Husilərə hərbi dəstəyi dayandırılması və Yəməndə sülh yolu ilə siyasi sabitliyə nail olunması ilə bağlı səsləndirilən tələb isə çox yersiz görünür. Çünki Yəmən probleminin kökündə məhz ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri – Səud rejiminin Yəmən xalqını blokadada saxlamasıdır. əgər bu blokada dayandırılarsa, Yəmən problemi öz-özünə həll olacaq.

İranın nəzarətində olan bütün silahlı qüvvələrin Suriyadan çıxarılması ilə bağlı bəndə isə bu gün Suriya XİN-in müavini Feysəl Miqdad verib: “Bu, müzakirə mövzusu deyil!”

Taliban və Əl-Qaidə ilə bağlı ABŞ-ın tələbi isə çox komik görünür. Çünki siyasətdən az-çox anlayışı olan şəxslər Taliban və Əl-Qaidə terror təşkilatları ilə İranın müxalif olduğunu bilirlər. 

"İslam İnqilabı Mühafizə Korpusuna bağlı Qüds Briqadaları dünyadakı “terrorçuları” və “silahlı birləşmələri” dəstəkləməsin" çağırışında isə söhbət yuxarıda qeyd etdiyimiz Livan Hizbullahından, Fələstin Həmasından, İraq Həşdi-Şabisindən və Yəmənin Ənsarullah Hərəkatından gedir. Səbəb isə aydındır - işğal siyasəti ciddi şəkildə zərər çəkir.

Sonuncu tələb isə ABŞ-ın müttəfiqlərinə qarşı təhdidedici davranışların başa çatdırılmasıdır. İran daim bəyan edir ki, ABŞ-a çatacaq raketləri olmasa da, onun müttəfiqlərinə, regiondakı bazalarının hamısını vurmağa yetəcək qədər raketləri var. Məhz bu açıqlama ABŞ və onun müttəfiqlərini daim narahat edən məsələdir. Çünki İran rəhbərliyi ölkəsinə atılacaq hər hansı bir raketə anında və düşünmədən sərt cavab verəcəyini deyir.

İrəli sürülən şərtlərə baxdıqda açıq şəkildə görmək olur ki, İran bunlardan sadəcə birini icra edə bilər. O da həbsdə olan ABŞ vətəndaşlarının və casuslarının azad edilməsi və yəqin ki, ölkədən deportasiyasıdır.

Bəs nə baş verəcək? Sərt sanksiyalar gələcəkmi?

Hadisələrin indiki gedişinə baxsaq görərik ki, Avropa 80 milyonluq əhalisi olan İran bazarını itirmək istəmir və məhz buna görə də, Avropa Komissiyası İranla iş görən Avropa şirkətlərini Amerika sanksiyalarından qorumaq üçün 1996-cı ildə qəbul olunmuş "Blocking Statute" adlı qanunu yenidən aktivləşdirib. Bu qanun Avropa şirkətlərinin İranda işləməsi üçün təminat verir. Bu isə o deməkdir ki, ABŞ-ın sanksiya hədəsi işləməyəcək.

Digər bir variant isə müharibədir.

ABŞ-ın İranla birbaşa müharibəyə girəcəyi ən az ehtimal olunandır. Çünki döyüşəcək ordusu, texnikası olmayan İraq və Əfqanıstan göz qabağındadır. ABŞ sözügedən ölkələrdə öz istəyinə nail ola bilmədi. Səddamı devirdi, amma yerinə ABŞ-la düşmənçiliyi açıq olan qüvvələr hakimiyyətə gəlir. Əfqanıstanda öz istədiyi hökuməti qurmaq istədi, amma hazırda Taliban ciddi problemə çevrilib və Əfqanıstanda vəziyyət illər əvvəl olduğundan heç də fərqlənmir. Ərazisi İraqdan 4 dəfə, Əfqanıstandan isə 3 dəfəyə yaxın böyük olan İranla sadəcə bombardmanla müharibə etmək ağılsızlıq olar. Demək İranın üstünə daim düşmənçiliklərini açıq şəkildə etiraf edən ya Səudiyyə Ərəbistanı, ya da İsrail hücum edəcək. Onların hər ikisinin İranla quru sərhədi olmadığı üçün quru döyüşlərindən söhbət gedə bilməz. Hücum sadəcə hava zərbələri ilə həyata keçirilə bilər ki, bu da əvvəl qeyd etdiyimiz kimi ağılsızlıqdır. Bundan əlavə, nizami ordusu olmayan Ənsarullaha qarşı 3 ildir Səud rejimi gücsüz vəziyyətdədir. İranla müharibə vəziyyətində Yəmənin də hücum ehtimalı Səudiyyəni ağır duruma sala bilər. 

İsrail üçün də eyni vəziyyət hökm sürür. Hizbullah, Həmas və ərazisi tez-tez İsrail tərəfindən bombalanan Suriya var.

Birbaşa quru sərhədi olan Pakistan, Əfqanıstan və Türkiyənin hücum ehtimalı isə yoxdur. Türkiyə ilə zaman-zaman siyasi gərginlik yaşansa da, bu, müharibə səviyyəsinə çatacaq qədər deyil. Həmçinin nəzərə alsaq ki, Ərdoğan hökumətini ABŞ-ın dəstək verdiyi qüvvələr İncirlik bazalarındakı ABŞ təyyarələrindən istifadə etməklə devirmək istəyib, bundan əlavə Rusiyadan aldıqları S-400 RƏM sistemlərinə görə hədələyib, mənzərə tam aydın olar. Pakistanla İranın əlaqələri yüksək səviyyədədir. Əfqanıstanın durumundan isə danışmağa dəyməz.

Qısası, müharibə ehtimalı gözlənilən deyil. Yerdə sadəcə bir variant qalır: daxildən çevriliş. Və Pompeo nə qədər təkzib etsə də, ABŞ-ın üzərində işlədiyi variant məhz budur. ABŞ Musaddiqin vaxtında bir dəfə bunu sınaqdan keçirib və uğurlu olduğunu da görüb. Elə Musaddiqin yerinə gətirilən Pəhləvi də çevrilişlə yola salındı. İndi ABŞ çevrilişə bir daha cəhd göstərəcək.  Əslində buna cəhd göstərib də. 2017-ci ilin dekabr ayında İranın Məşhəd şəhərində 50-yə yaxın fəhlənin etirazının bir anda ayrı-ayrı vilayətlərə yayılması da ABŞ-ın hakimiyyət dəyişikliyi istəyinin göstəricisi idi. Sosial şəbəkələr vasitəsi ilə bütün ölkə boyu aksiyaların keçirildiyini yayımlayaraq, iğtişaşlara təşviq aydın görünürdü. Bundan əlavə, eyni ilə Musaddiq hakimiyyəti dövründə olduğu kimi hökumət rəhbərlərinin ölkədən qaçdığını tirajladılar və İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza Pəhləvinin açıqlamasını yayaraq, onun xalqa dəstək verdiyini, İrana gəlməyə hazır olduğunu bildirdilər. Amma bütün cəhdlərə baxmayaraq, ölkəni bürüyəcək şəkildə iğtişaşlar alınmadı. İnsanları iğtişaşlara səsləyənlər tapılaraq həbs edildi. Bu gün İrana qarşı ABŞ-ın irəli sürdüyü 12 tələbin içərisində yer alan "ABŞ vətəndaşları və onlarla əməkdaşlıq edənlərin azadlığı" məsələsində həmin şəxslərdən bəhs edilir. MKİ-nin trollar şəbəkəsi dağıdılıb, trolların təşkilatlandığı Telegram qadağan edilib. Demək hər şey "0" (sıfır) nöqtəsinə qayıdıb. Sanksiya hədəsi isə göz qorxudub, baş qatmaq üçündür, yenidən təşkilatlanmaq üçün.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 16:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com