Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
22:24
Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər

Azərbaycan təhsil sisteminin uğurunu təsdiq edən növbəti fakt dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində qeydə alındı. “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırılan bu beynəlxalq tədbirdə iştirak edən azərbaycanlı şagirdlər öz elmi nailiyyəti ilə fərqləndilər. Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5 min ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında UNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən min ABŞ dolları məbləğində mükafata layiq görüldü.

Mayın 13-dən 18-dək Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Dünyanın 75 ölkəsindən 1800-dən çox məktəblinin qatıldığı sərgidə Azərbaycanı 6 məktəbli təmsil edib. Sərgidə Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə iştirak ediblər.

Sərgidə fərqlənənlər gələcəyin Nobel mükafatçıları ola bilər

1997-ci ildən keçirilən sərgiyə kimlərin qatıldığına diqqət edək. Belə məlum olur ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib gəlib. Qeyd edək ki, müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dollarını “Qordon Mur” mükafatının sahibi avstraliyalı məktəbli Oliver Nikols qazanıb.

Qazanılan mükafatlar təsdiq etdi ki...

5000 və 1000 dollarlıq iki mükafat Azərbaycan şagirdlərinin ilk qazancıdır. Bu qazanc, yəni 6 şagirdimizin qatıldığı müsabiqədə qazanılan 2 mükafat təhsil ictimaiyyəti üçün, əslində, bir ismarıcdır. Başqa sözlə, ictimaiyyətin təhsil sahəsində hər gün bir problem axtaran, kiçik məsələləri həlliçətin problem kimi göstərən, həmişə və hər şeydən narazı kəsimi üçün tutarlı cavabı məhz şagirdlər verdi. Onlar zəkası ilə nəinki ölkəmizi beynəlxalq miqyasda layiqli şəkildə təmsil etdilər, elə ölkə miqyasında da təhsildəki uğurların miqyasını göstərdilər. Təhsil sahəsində qeydə alınan uğurlara kölgə salmaq istəyənlərə bundan yaxşı cavab nə ola bilər ki?

Şagirdlərimiz bir daha təsdiq etdilər ki, ölkə təhsilində bütün sahələrdə inkişaf gedir. Buhəm də ölkəmizdə müasir təhsilin tələblərinə cavab verən bir sistem qurulduğunun göstəricisidir. Elm və texnologiya sahəsində ölkə məktəblilərinin inkişaf səviyyəsi kifayət qədərdir. Onlar yetərincə təşəbbüskar və öz fərdi bacarıqları ilə dünyanın hər yerindən seçilərək göndərilən məktəblilərlə rəqabət qabiliyyətindədirlər. Axı, onlar da seçilib. Özü də 500-dən çox məktəblinin arasından.

Seçim düzgün aparılıb

Məlumat üçün qeyd edək ki, bu sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən yeddi milyonadək məktəbli müraciət edir. Azərbaycanı təmsil edən məktəblilər “Sabahın alimləri” müsabiqəsində seçilir. Həmin müsabiqənin bu il keçirilən ölkə turunda ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə iştirak edib. İştirakçıların 40 faizini region məktəbliləri təşkil edib, 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 olub.

Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə 8 kateqoriya üzrə seçilib. Birinci yerə 12 şagird (7 layihə), ikinci yerə 28 şagird (15 layihə), üçüncü yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb edilib.

Bütün bunlar sadəcə bir məqsəd üçün edilib. Təhsildəki uğurlara kölgə sala biləcək heç bir məqama yol verməmək üçün. Ədalətli nəticə şəffaf seçim prosesində əldə edilir. Təhsil Nazirliyinin xüsusi səyi də məhz buna yönəlib. Ədalətli olduğunun bariz göstəricisi isə seçimlərin nəticələrinin Amerikada, Pittsburq şəhərində də təsdiqlənməsidir. Azərbaycanda keçirilən müsabiqənin qalibləri bu uğurunu ölkəmizdən çox-çox uzaqda da təsdiq edirsə, həmin seçimin ədalətinə də şübhə yeri qalmır. (Modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 15:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com