Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
16:28
İraq seçkilərində ən çox itirən Amerika oldu - ANALİZ

İraqda keçirilən parlament seçkilərindən sonra Yüksək Seçki Komissiyası tərəfindən elan edilən son açıqlamada göstərilir ki, 328 nəfərlik parlamentə Seyyid Muqtəda Sədrin başçılıq etdiyi "Saerun" koalisiyası 54 yerlə birincidir. Hadi Amirinin başçılıq etdiyi "Fəth" koalisiyası isə 47 yerlə ikincidir. Baş nazir Heydər İbadinin "Nəsr" koalisiyası İraq Nümayəndələr Məclisində tutduğu 42 yerlə üçüncüdür. 

Bu üç aparıcı qrupun sırasına "Hüquq dövlət" koalisiyası (25 deputat), Kürdistan Demokrat Partiyası (23) və Əl-Vətəniya Partiyası (21) da qoşulub. Bu seçkilər ölkədə İŞİD terror təşkilatının ortaya çıxmasından sonra ilk seçkidir.

İraqda baş tutan dördüncü parlament seçkilərinin yekunları göstərir ki, anti-Amerika cəbhəsi İraq xalqının əksəriyyətinin səslərini qazanıb. Son aylar ərzində analitiklər bildirirdilər ki, 2014-cü ildən ölkədə terror əsdirən İŞİD terrorçularının 2017-ci ildə məğlubiyyətindən sonra baş nazir Heydər İbadinin "Nəsr" koalisiyası seçkilərdə qalib gələcək. Lakin hazırda ən böyük və ciddi anti-Amerika siyasi blokları hesab edilən "Saerun" və "Fəth" koalisiyası seçkilərin qalibi hesab edilir. 

Analitiklər iddia edirlər ki, İraq xalqı seçki bülletenləri ilə yerli və regional səviyyədə səslərini eşitdirərək, ABŞ-ın ölkədəki mövcudluğuna və siyasi məsələlərinə müdaxilələrə qarşı həssas olduqlarını deyiblər. raq siyasi elitasının əsas nümayəndələrindən hesab edilən Əl-Sədr və Əl-Amiri uzun illərdir həm İraq, həm də Qərbi Asiyada ABŞ-ın müdaxilələrinin əleyhinə çoxsaylı çıxışlar ediblər. Hətta İŞİD terrorçularına qarşı ölkədə birgə mübarizə başladığı bir vaxtda onlar ABŞ-ı qoşunlarını ölkələrindən dərhal və qeyd-şərtsiz geri çəkməyə çağırdılar və xəbərdarlıq etdilər ki, ABŞ-ın ölkədəki hərbi bazalarını birbaşa hədəfə alacaqlar.

ABŞ və müttəfiqləri İraqda yeni hökumət formalaşmasına təsir göstərəcək

İraqda anti-Amerika qüvvələrinin qələbəsi Vaşinqton üçün müəyyən siqnallar verir. Məhz buna görə də gözlənilir ki, Sədrin və Amirinin hökumətin formalaşması ilə bağlı addımları, ölkənin siyasi kursu barədə düşüncələri ABŞ-ın daha sərt məhdudiyyətləri ilə üzləşəcək. "Saerun" və "Fəth" koalisiyalarının bir aydan artıq müddətdə davam edən seçki təbliğatları zamanı əsas şüarları İraqın müstəqilliyini, suverenliyini qoruyub saxlamaq və sosial-iqtisadi islahatlar həyata keçirmək olub. 

Önümüzdəki həftələrdə və bəlkə də aylarda qaliblər kabinet qurmağı hədəfləyirlər. Amma gözlənilir ki, Amerika bütün mümkün təsir vasitələrindən istifadə edərək hökumətin qurulması prosesinə təsir göstərəcək. Çünki İraqın gələcəyinə rəhbərlik edəcək koalisiyaya onların təsir gücü çox məhdud olacaq. Beləliklə, İraq siyasətçiləri Vaşinqtonla münasibətlərdə çox ehtiyatlı davranmalıdırlar, çünki bu, ictimaiyyət tərəfindən göstərilmiş etimadın tələbdir.

2003-cü ildən sonra anti-Amerika düşərgəsinin güc qazanması

Mayın 12-də keçirilən seçkilərdə Amerika əleyhinə koalisiyaların üst sıraya çıxmasının səbəblərini öyrənmək üçün 2003-cü ildə diktator Səddam Hüseynin devrilməsindən sonra İraq ictimaiyyətində yaranmış düşüncə tərzinə diqqətə yetirilməlidir. İraq xalqının böyük hissəsi Səddam Hüseyni devirdiyi üçün ABŞ-ın rəhbərlikdə söz haqqı olmasına müsbət baxırdı və bu da İraq hökumətinə Vaşinqtonla sıx əlaqələr yaratması üçün motivasiya verirdi. Amma amerikalılara qarşı xalqın bu mövqeyinə baxmayaraq, Əl-Sədr Amerika işğalına qarşı "Mehdi Ordusu" adlı silahlı birləşmə yaratdı. ABŞ və Britaniya ordusuna qarşı Bəsrə və Bağdadda döyüşlər həyata keçirdilər, postlara hücumlar etdilər. Sədr bildirirdi ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri qeyri-legitimdir və sabitliyi pozur, buna görə də dərhal ölkəni tərk etməlidir. Vaşinqtona qarşı silahlı mübarizə səbəb oldu ki, ABŞ rəhbərliyi Mərkəzi Kəşfiyyat İdarəsinə Muqtəda Sədrə qarşı əməliyyat keçirmək tapşırığı verdi. 2005-2007-ci illərdən etibarən Sədrə qarşı bir neçə dəfə sui-qəsd cəhdi olsa da, onların hamısı uğursuzluqla başa çatdı. 

"Bədr" təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ın İraqdakı varlığına qarşı çıxan şəxslərdən biridir. O, çıxışlarında ABŞ-ın İraqdakı hərbi mövcudiyyətinin ölkə müstəqilliyi üçün təhlükəli olduğunu qeyd edir. Əl-Amiri Məclis üzvü və nəqliyyat naziri vəzifəsində çalışdıqdan sonra, yəni 2010-cu ildən sonra da o, Vaşinqtona qarşı anti-patiya bəsləyən və anti-amerikaçı kimi tanındı.

Onlar da İŞİD terrorçuları ilə mübarizə üçün "Həşt Şabi" Xalq Könüllüləri Birliyi yaratdılar və İŞİD-in İraqdakı məğlubiyyətində böyük rol oynadılar. Həmin dövr ərzində onlar amerikalılara qarşı amansız mövqelərini də möhkəmləndirərək, ABŞ bazalarının boşaldılması tələblərini səsləndirdilər.

Bütün bunları nəzərə alsaq, İraq parlament seçkilərinin nəticələri göstərdi ki, liderlərin anti-Vaşinqton mövqeyindəki çıxışları xalqın da istəyidir. ABŞ-a qarşı daha mülayim mövqe göstərənlərə qarşı iraqlıların Əl-Sədr və Əl-Amiriyə etimad etmələri ölkələrinə daha çox müdaxilə edilməməsi istəyinin göstəricisidir.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com