Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
11:30
2321
Öz-özünüzə sual edin - hələ də boşanmaq istəyirsiniz?

Azərbaycanda ümumilikdə demoqrafik vəziyyət müsbət olaraq qalır.

FaktXəbər-in məlumatına görə, bu barədə ölkənin Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Nizami Eyyubov "Amerikanın Səsi"nə müsahibəsində bildirib. Deyilənləri təsdiq etmək üçün o, ölkə əhalisinin artımı ilə bağlı rəqəmləri göstərib. Amma Eyyubov həmin müsahibədə açıqladığı digər demoqrafik göstəricini nəzərə almayıb: son 10 ildə boşanma və ya ailə dağılmalarının sayı 5 dəfə artıb. Nikahdan kənar doğulan uşaqların sayı da artır. 2013-cü ildə nikahdan kənar doğulan uşaqların sayının həmin ildə doğulan ümumi uşaqların sayına nisbəti 14,5% təşkil edirdisə, 2016-cı ildə bu göstərici 16,5% təşkil edib.

Azərbaycan üçün yetişkin insanların vətəndaş nikahı ilə, yəni münasibətlərini VVAQ şöbələrində qeydiyyatdan keçirmədən yaşaması adi hala çevrilir. Belə valideynlərin uşaqları statistik "nikahdan kənar" siyahısına düşür. Bunun qaçılmaz hüquqi nəticələri var: vətəndaş nikahında birgə qazanılmış əmlak bölünərkən də hüquqi mübahisə predmetinə çevrilir.

"Ümidli gələcək" təşkilatının icraçı direktoru Kəmalə Həşimova deyir ki, cütlər toydan əvvəl tibbi müayinədən keçmək zərurəti ilə əlaqədar münasibətlərini qanuniləşdirməkdən imtina edirlər. Tibbi müayinənin nəticəsi mənfidirsə, cüt VVAQ şöbəsində imza atmağa cürət etmir, amma görüşməyə davam edir, "vətəndaş nikahı" yaranır. Gənclərin qohumları onlara qarşı ədavətlə yanaşırsa, qızı və ya oğlanı qəbul etməkdən imtina edirsə, gənclər yenə pasportlarında ştamp olmadan birgə yaşaya bilirlər. Beləcə, onlar valideynlərini aldadır, böyüklərlə düşmənçilik etmir və sevgilərindən imtina etmirlər.

Nikah müqaviləsinin bağlanması tələbi və tərəflərdən birinin imtinası vətəndaş nikahının daha bir səbəbidir. Ən çox yayılmış səbəb isə gənclərin yaşı VVAQ şöbəsinə müraciət etməyə imkan vermədiyi hallarda erkən cinsi əlaqələrdir, deyə K.Həşimova izah edib.

Ötən il hər dörd Azərbaycan ailəsindən biri dağılıb. Bu təhlükəli təmayülün qarşısını almaq olar? Axı ailələr eyni sürətlə və hətta daha tez dağılmağa davam edərsə, Azərbaycanlılar arasında doğum sayı azalacaq, eyni zamanda nikahdan kənar uşaqların sayı artacaq.

Azərbaycan psixoloqları Azərbaycan ailələrində boşanmaların altı əsas səbəbini göstərir. Birinci səbəb ailədə zorakılıqdır: məsələn, qadının həyat yoldaşı tərəfindən döyülməsi. İkinci yerdə kişilərdə alkoqolizm və narkomaniya gəlir. Gənc ərin narkoman olması halları çoxdur. Narkoman ailənin bütün büdcəsini narkotikə sərf edir, belə ailələrdə qadın, demək olar ki, həmişə boşanır, həm də valideynlərinin tam dəstəyi ilə. Üçüncü yeri ərin və ya arvadın qohumlarının pis münasibəti tutur. Azərbaycan üçün gənc ərin və ya arvadın valideynlərinin onların işlərinə qarışması və münaqişələri boşanmaya qədər aparıb çıxarması səciyyəvidir. Yoxsulluq, işsizlik boşanmanın dördüncü səbəbidir. Çox vaxt qadınlar işləmir, amma belə ailədə kişinin qazancdan məhrum olması, valideynlərin isə gənc ailəni dolandırmaq iqtidarında olmaması fəlakətdir. Mütləq depressiya, qalmaqallar və bunun nəticəsi olaraq boşanma baş verir.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov səbəblər siyahısına sonsuzluğu da əlavə edir. Həqiqətən, Azərbaycan ailəsində uşaq olmaması cəmiyyətin nüvəsinin dağılması amilidir. Azərbaycanda son yerdə cinsi uyğunsuzluq gəlir. Nadir hallarda qadın əri ilə cinsi əlaqədən tam həzz alır. Amma bizim qadınlarımız üçün həzz almadığını gizlətmək tərbiyə ilə aşılanmış adi haldır. Buna görə siyahımızda bu səbəb sonuncudur, amma xoşagəlməz statistikaya öz "töhfəsini" verir.

Boşanmaların mütəxəssislər tərəfindən sadalanan səbəblərini nəzərdən keçirsək, bəzilərini obyektiv, yəni istəyimizdən və tərbiyəmizdən asılı olmayan səbəblərə aid etmək olar. İqtisadiyyat və işsizlik, sağlamlıq problemləri, o cümlədən cinsi disfunksiyanı insanlar aradan qaldıra bilməz və ya bu cür problemləri həll etmək heç də həmişə alınmır, ona görə ki, müalicə üçün pul yoxdur və ya alınmış təhsil peşə karyerasına imkan vermir. Amma boşanmaların psixoloji səbəblərini - ər-arvadın partnyorunu dinləmək və onun istəyinə tabe olmaq istəməməsini, valideynlərin zərərli təsirini və dostların və rəfiqələrin ziyanlı təsirini aradan qaldırmaq olar.

Bu məsləhət qeyri-ciddi görünə bilər, amma çıxış yollarından biridir: birlikdə təbiətin qoynunda, turistik səfərlərdə daha çox vaxt keçirin və ya ən azından birlikdə axşam yeməyi hazırlayın, əyləncə televerilişlərinə isə baxmayın. Azərbaycanda qəsdən televizoru olmayan ailələr var, informasiya tələbatını da çoxdan internet qarşılayır.

Bütün mümkün məsləhətlərdən bu, ən asanı və pul vəsaiti tələb etməyənidir. Sınayın, sonra isə öz-özünüzə sual edin - hələ də boşanmaq istəyirsiniz?

Məqalədə : boşanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 17:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com