Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
13:30
4460
Heydər Əsədov dəyişdirilməyə layiq nazir olub - SƏBƏB

Ötən il payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üçün nəzərdə tutulmuş 940,5 (qarğıdalısız) min hektar sahədə biçin aparılıb. Həmin sahələrdən 2 milyon 691,5 min ton məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib.

Xatırladaq ki, ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Statistika Komitəsinin hesabatından görünür ki, toplanmış taxıl illik tələbatdan ən azı 1 milyon ton azdır.

Qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün göstəriş vermişdi. O, bu məsələyə aprel ayında keçirilən Nazirlər Kabinetinin son toplantısındakı çıxışı zamanı toxunmuşdu.

Prezident hələ illər əvvəl ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin ərzaq buğdasına olan tələbatın daxili istehsal hesabına ödənilməsi vəzifəsini qoyub. Və hər il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların böyük hissəsi də məhz taxılçılığa yönəldilir. Ən azından Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı statistik rəqəmlərə görə bu, belədir. Lakin bu sahədə vəziyyət prezidenti qane etmir.

Prezidentin Nazirlər Kabinetinin son toplantısındakı çıxışından sitat: “Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.

Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırıldığını və avqust ayında da 2.8 milyon ton taxılın toplandığını bildirsə də, Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının böyük qisminin idxal hesabına təmin edildiyi görünürdü. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Bu qədər çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir. Bəs o zaman ölkədə istehsal olunan 3 milyon ton taxıl hara gedir və əgər doğrudan da bu qədər taxıl istehsal olunursa, niyə onu un istehsalında istifadə etmirlər?

Ekspertlər isə hesab edir ki, Kənd Təsərrüfat Nazirliyinin açıqladığı rəqəmlər əslində həqiqəti əks etdirmir. Və Azərbaycanda heç bu qədər taxılı saxlamaq üçün anbar da yoxdur. İkincisi, ölkədə istehsal edilən taxıl ərzaq buğdası üçün standartlara o qədər də uyğun gəlmir və nəticədə un istehsalçıları idxal buğda ilə işləməyə üstünlük verirlər. Digər səbəb isə taxıl əkilən sahələrin təxminən 500 min hektarında sürətlə şoranlaşmanın getməsi, bunun isə məhsul istehsalına və keyfiyyətinə mənfi təsir göstərməsi ola bilər. Hər halda ötən il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan 600 milyon manata yaxın subsidiyanın əsas hissəsinin taxılçılığa yönəldildiyi və nəticənin bu cür ziddiyətli olduğu halda prezidentin məsələnin araşdırılmasına kosmik peyki də cəlb etməsi təəcüblü deyil.

2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68.421.933,95 manat məbləğində yardım ayrılıb. İstehsalçıya ayrılan bu məblğin isə təyinat nöqtəsi ilə maraqlanan yoxdur. Yəni sənədlərini hazırlayıb ver icraya və pulunu al. İcra isə öz sənədlərində qeyd etsin ki, filan ərazidə bu qədər taxıl əkilib. Taxıl biçini başa çatdıqda isə məhz kağız üzərindəki rəqəmlə statistik göstərici hazırlayaraq filan qədər taxılın yığıldığını qeyd edir. Amma heç kəs maraqlanmır ki, istehsalçı aldığı pulu hara xərcləyib, taxılı susuzluqdan yanıbmı, gəmiricilər ona taxıl yığmağa imkan veribmi, biçin zamanı kombayn tapa bilibmi. Bütün bu intizamsızlığın nəticəsi olaraq isə Azərbaycan hər il tələbatı ödəmək üçün 100 minlərlə ton taxıl idxal edir.

Кənd təsərrüfatı bitkilərinin əkin sahələri
          1000 ha
İllər Cəmi  o cümlədən 
dənli və dənli
paxlalı bitkilər
bitkilər kartof, tərəvəz və
bostan bitkiləri
yem
bitkiləri 
1995 1207,9 609,4 227,0 49,4 322,1
2013 1684,2 1074,1 42,2 171,5 396,4
2014 1613,8 1001,4 43,8 165,7 402,9
2015 1585,4 952,1 38,7 166,0 428,6
2016 1628,3 997,5 73,6 163,1 394,1

2016-cı ildə Nazirlər Kabinetinin illik hesabatındakı çıxışında da İlham Əliyev Heydər Əsədova kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin səbəbinin yalnız quraqlıqla bağlı olmadığını vurğulayaraq olduqca incə bir məsələyə toxunmuşdu: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.

Söhbət etdiyimiz sahə mütəxəssisləri də etiraf edirlər ki, əgər subsidiyaların məsələsi ölkə Prezidentinə qədər gedib çıxıbsa, deməli, məsələ olduqca düşündürücüdür. Bu isə ona əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyi və şəxsən nazir Heydər Əsədov bu sahəyə ciddi nəzarət edə bilmir. Çünki, Prezident İlham Əliyevin söylədiyi kimi, subsidiyalar ayrı-ayrı məmurlar üçün yaxşıca korrupsiya mənbəyidir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş və subsidiyaların paylanmasına dair rəsmi məlumat-rəqəmlər də ehtiva edir. Məlum olur ki, dövlət aqrar sahəni, xüsusən də əkinçiliyi stimullaşdırmaq üçün əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 50 manat, habelə buğda və çəltik əkininə görə əlavə 40 manat məbləğində yardım verir, həmçinin gübrələr 70 faiz güzəştlə paylanır. Məsələn, nazirliyin rəsmi saytının "2016-cı ildə istehsal edilib satılmış toxum və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilmiş toxum və ting istehsalçılarının siyahısı, onların satdıqları toxum və tinglərin miqdarı və aldıqları subsidiyanın məbləği haqqında» məlumat bölümündən məlum olur ki, bu məqsədlə 2016-cı ildə dövlət büdcəsindən təkcə bu istiqamətə 4,74 milyon manat, 2015-ci ildə isə 5,32 milyon manat subsidiya ayrılmışdı. Ölkə rəhbərliyi isə taxılçılığın inkişafını hər dəfə ərzaq təhlükəsizliyimizin qarantı kimi xarakterizə edir, bu sahədə ciddi problemlərin olduğunu dilə gətirir. Nazir Heydər Əsədovun açıqlamalarından isə əslində, heç nə anlamaq olmurdu. O, dünyanın ərzaq təhlükəsizliyindən danışıb rəqəmlər sadalayır, amma Azərbaycanın niyə bu qədər dövlət qayğısı ilə əhatə olunmuş taxılçılığında məhsuldarlığın minimum həddə olmasının səbəbinə aydınlıq gətirə bilmirdi…

Taxılın məhsuldarlığı, sent/ha
         
  2013 2014 2015 2016
Respublika üzrə cəmi 27,5 24,0 31,5 30,6
Bakı şəhəri - - - -
Abşeron iqtisadi rayonu 15,0 13,7 14,9 16,7
Gəncə-Qazax iqtisadi rayonu 31,6 28,1 32,7 30,3
Şəki-Zaqatala iqtisadi rayonu 28,6 19,4 32,3 32,0
Lənkəran iqtisadi rayonu 20,6 19,8 27,7 29,3
Quba-Xaçmaz iqtisadi rayonu 24,1 20,4 26,1 27,1
Aran iqtisadi rayonu 29,9 27,9 34,0 32,1
Yuxarı Qarabağ iqtisadi rayonu 28,0 25,3 32,6 32,6
Kəlbəcər –Laçın iqtisadi rayonu 28,2 28,7 29,0 26,3
Dağlıq Şirvan iqtisadi rayonu 23,1 18,1 30,0 27,4
Naxçıvan Muxtar Respublikası 29,5 29,3 29,8 31,4

Müşahidələr və ayrı-ayrı sahə mütəxəssislərinin şərhləri bir daha təsdiqləyir ki, nazir Heydər Əsədov deyə bilməsə də subsidiyalar və gübrələrə, persidisitlərə güzəştlər bu sahədə saxta rəqəmlərə gətirib çıxarır. Mətbuatda da çox yazılıb ki, yerlərdə İcra hakimiyyətlərinin yerli nümayəndələri bəzi fırıldaqçılarla əlbirləşib subsidiyaları mənimsəmək üçün əlavə əkin sahəsini uçota alırlar. Məhz belə süni rəqəmlərin aqibətinə baxın: məsələn, 2016-cı ildə 962 min, 2017-ci il üçün isə 967 min hektar sahədə taxıl əkilib. 2016-cı ildə təxminən 3 milyon ton taxıl istehsal edilib. Adi bir hesablama aparsaq, məlum olar ki, 2016-cı ildə məhsuldarlıq 1 ha sahəyə görə, 31,1 sentner olub. Buğda istehsalında isə bu rəqəm 30 sentner təşkil edib. 

Apardğımız araşdırma göstərir ki, hər il Azərbaycana təxminən 1,3 milyon ton buğda idxal edilir. Azərbaycan əhalisinin taxıla illik tələbatı 1,7 milyon tondursa və 3 milyon ton taxıl özümüzdə istehsal edilirsə, xaricdən də əlavə 1,3 milyon ton alırıqsa (cəmi: 4,3 milyon ton), yaxşı, bu qədər taxıl nəyimizə lazımdır? İstər-istəməz şübhələnməli oluruq ki, ortada subsidiyaların sayəsində şişirdilmiş rəqəmlər-əkin sahələri, bir də bu sahələrdən "biçilmiş" taxıl dayanır! Ölkə əhalisinin hamısını nəzərə alsaq, adambaşına illik 800-900 kq taxıl düşür. Əhalinin körpə və ya ahıl (yəni az yeyən hissəsini) çıxsaq, bu vaxt təxminən adambaşına 1 ton taxıl düşür ki, bu qədər taxılı una çevirib, 350-400 qramlıq çörək kimi hesablasaq, ilə adambaşına 2300-2500 çörək düşür. Onu da günə bölsək, bu təxminən adambaşına günə 6-7 çörək deməkdir. Belə çıxır ki, biz gündə bu qədər çörək yeyirik? 

Bular hələ bizim araşdırıb ortaya çıxardığımız rəqəmlərdir. Görünür yuxarı səviyyələrdə Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin rəqəmlərindəki uyğunsuzluqlarla bağlı daha dəqiq rəqəmlər olub.

FaktXəbər

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 17:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com