Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2018
15:23
Valyutaya ehtiyacı olmayanlar da valyuta alır

Bu yaxınlarda Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov bəyan elədi ki, Azərbaycan manatının ucuzlaşmasından ötrü heç bir fundamental səbəb görmür.

Elman Rüstəmovun sözlərinə görə, artıq bir ildir manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit qalır.

"Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb", - o bildirib.

Ancaq kütləvi informasiya vasitələrində (KİV) son günlər banklara xarici valyuta almaqdan ötrü müraciətlərin artması ilə bağlı məlumatlar yayılmaqdadır.

Elə bu üzdən manatın gələcək taleyi ilə bağlı gözləntiləri öyrənmək məqsədi ilə iqtisadçılara üz tutduq.

İqtisadçı Rövşən Ağayev vurğuladı ki, 2015-2017-ci illərdə Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi iqtisadi inkişafın deyil, tam iqtisadi durğunluğun nəticəsi idi.

“Hərəkət yoxdursa, inkişaf da yoxdur. Biznes və dövlət sektoru tələbatları dondurub saxlamışdı. Hazırkı vəziyyətə gəldikdə isə artan neft gəlirləri hesabına iqtisadi aktivlik hansı tempdə bərpa olunursa, valyuta bazarının dinamikliyi də həmin templə bərpa olunacaq. Təbii ki, investisiya xərclərinin müəyyən hissəsi əhalinin qazancları kimi həm də ev təsərrüfatları vasitəsilə valyuta bazarına gedəcək”.

Dollar satışı artıb

Rövşən Ağayev dedi ki, valyuta bazarında yaranmış təlaşlı durum cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrünə nisbətən Neft Fondu vasitəsilə xarici valyuta satışının artımından irəli gəlir:

“ Fond bu ilin yanvar-mart ayında 1.3 milyard dollar satıbsa, 2017-ci ilin ilk 3 ayında təxminən 790 milyon dollar satmışdı. Yəni söhbət 65 faizə yaxın artımdan gedir. Amma, bu artım valyuta bazarında yaşanan təlaşlı vəziyyətlərdə olduğu kimi hökumətin bazardakı spekulyativ tələbə qarşı etdiyi təklif, yaxud Mərkəzi Bankın satış yönümlü müdaxiləsi deyil. Hətta spekulyativ tələb artsa belə, 2018-ci ilin ilk rübündə təkcə ticarət balansı çərçivəsində ölkəyə xarici valyuta axınlarının 30 faiz artması narahatlığı aradan qaldırır. Yəni tədiyə balansı çərçivəsində ölkəyə valyuta axınlarının həcmi ölkədən çıxan valyuta həcmlərini üstələdiyindən məzənnə üçün risk xeyli aşağıdır”.

“ Azərbaycan kimi ölkələrdə həmişə…”

İqtisadçı-alim Nazim Bəydəmirli isə "Azadlıq radiosu"na bildirib ki, Azərbaycanda manatın kursun neftin qiymətindən asılı olub:

“ Çünki neft məhsullarının ixracda payı 90 faiz civarındadır. Neftin qiyməti də 70 dollar səviyyəsində olduğundan manatın durumu dəyişmir. Tədiyyə balansı da müsbət olduğundan manatın ucuzlaşması iqtisadi nəzəriyyə baxımından mümkün deyil. Ancaq Azərbaycan kimi ölkələrdə həmişə spekulyativ amillər və şayiələr fonunda valyuta bazarında ajiotaj yaranıb. Valyutaya ehtiyacı olmayanlar da valyuta alır. Bu, Azərbaycan manatına olan inamızlıqdan irəli gəlir və nəticədə bu cür ajiotajlar 30-35 faiz valyutanı bahalaşdırmağa qadırdir. Ona görə də iqtisadi proqnozlarla bağlı danışan ekspertlərin və məmurların daha diqqətli olmalarını tövsiyə edirəm. Bundan əlavə, Azərbaycan əmanətçiləri, valyuta ilə vəsait toplayanlar 2015-ci ildə Mərkəzi Bankın sədrinin açıqlamasından sonra devalvasiya qərarı verməsini unutmayıblar. Elə həmin mənzərə insanlarda yerli bank sisteminə və hökumətin bu istiqmaətdəki fəaliyyətinə inamsızlıq yaradıb. İqtisadiyyatda isə əsas olan inam və etimaddır. Bu, bir daha onu göstəriir ki, dolların kursu çox vaxt iqtisadi proseslərdən yox, Mərkəzi Bankın və hökumətin inzibati resurslarından asılıdır. Ona görə dolların bahalaşması və ucuzlaşması hökumətin istəyinə bağlıdır”

Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda valyutanın kursu bazar iqtisadiyyatı ilə yox, inzibati resurslarla müəyyən edilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dollar manat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 15:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com