Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
12:15
723
Qubad İbadoğlu: `Manatın məzənnəsində dəyişikliyə gedilməyəcək`

Azərbaycanın iki böyük qonşusu və ticarət tərəfdaşı olan Rusiya və Türkiyədə milli valyutaların dollar və avro qarşısında ucuzlaşması prosesi davam edir. Düzdür, vəziyyət ötən həftənin əvvəlində olduğu qədər kəskin olmasa da, rubl və lirə itirdikləri mövqeləri bərpa edə bilməyiblər. Üstəlik, onların dəyərsizləşməsi prosesi daha aşağı sürətlə də olsa davamlı xarakter almaqdadır. Hazırda Rusiyada dollar 62,3, avro 77,3 rubla, Türkiyədə dollar 4,1 lirə, avro 5,1 lirəyə satılır.

Onu da qeyd edək ki, Rusiya və Türkiyə həm də soydaşlarımızın iş ümidilə ən çox üz tutduğu ölkələrdir. İki ölkədə birlikdə milyonlarla azərbaycanlı işləyərək buradakı yaxınlarını dolandırır. Bu baxımdan da böyük qonşularda baş verən iqtisadi proseslər Azərbaycan əhalisinin diqqət mərkəzində olur. Eyni zamanda bu proseslər ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşmür.

FaktXəbər-in məlumatına görə, iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu "Yeni Müsavat"a bildirib ki, Rusiya və Türkiyə milli valyutalarının dəyərdən düşməsi Azərbaycandakı iqtisadi proseslərə təsirsiz deyil: “Türkiyə və Rusiyada milli valyutanın məzənnəsində baş verən dəyişikliklər Azərbaycan iqtisadiyyatına, xarici ticarətin strukturuna, xüsusilə də idxal əməliyyatlarına və ölkədəki məzənnə siyasətinə təsirsiz ötüşmür. Bu təsirlər özünü müxtəlif parametlər üzrə göstərə bilər. İndiki halda əsas ticarət tərəfdaşımız olan Rusiya və Türkiyə ilə ticarət dövriyyəmizdə əsas yeri bizim onlardan idxalımız tutur. Yəni biz onlardan daha çox mal idxal edirik. Buna görə də onarda milli valyutanın dəyərsizləməsi ixracatı, bizim üçünsə onlardan idxalı stimullaşdırır. İdxal həcmindəki artım manatın real effektiv məzənnəsinə təzyiqləri gücləndirir”.

İqtisadçı-alimin sözlərinə görə, Rusiya və Türkiyədə baş verənlər orada çalışan soydaşlarımızın davranışlarına da təsir göstərir: “Nəticədə onların göndərişlərinin həcmi, yaxud valyutası dəyişir ki, bu da Azərbaycanın valyuta bazarındakı proseslərə təsir edir. Yəni manatın məzənnəsinə həm iqtisadi, həm psixoloji təzyiqlər yaranır. Bu təzyiqləri önləmək üçün dövriyyəyə əlavə xarici valyuta buraxılması zərurəti yaranır. Onsuz da ilin əvvəlindən daxili bazarda dollar  satışı artırıldı. Belə ki, birinci rübdə Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında ötən ilin eyni dövründəkindən 65 faiz, çox - 1,3 milyard dollardan çox vəsait satılıb. Eyni zamanda idxal əməliyyatlarında da artım müşahidə olunur. Məsələn, ötən ilin yanvarında idxalımızın həcmi 550 milyon dollar olubsa, bu ilin yanvarında 688 milyon dollara yüksəlib. Fevralda ötənilki 521 milyon dollara qarşı 762 milyon dollarlıq idxal qeydə alınıb. Bu da dollara olan tələbatı artıran prosesdir və manata təzyiqdir. Bu təzyiqlərin qarşısında hazırda hökumətin yeganə yolu Dövlət Neft Fondu vasitəsilə bazara dollar təklifini artırmaqdır. Bu şəraitdə əgər hökumət dollar təklifini artırmayacaqsa, manatın məzənnəsində müəyyən dəyişikliklər gözlənilə bilər. Yox əgər artırılacaqsa, hər hansı dəyişiklik də baş verməyəcək”.

Q.İbadoğlunun fikrincə, manatla bağlı qərar daha çox siyasi xarakterli olacaq: “Çünki ölkədə kifayət qədər valyuta var. Dövlət Neft Fondundan büdcəyə transfertlər artırılıb. Bu transfertlər manatla həyata keçirilir, daxili bazarda dollar satılır. İndiki halda hesab edirəm ki, manatın məzənnəsində dəyişikliyə gedilməyəcək. Çünki bu proses həm də ciddi sosial-siyasi təsirlərə gətirib çıxarır”.

Ekspert onu da qeyd edir ki, Mərkəzi Bankın məzənnə siyasəti ilə xarici ticarət siyasəti arasında hər hansı əlaqələndirmə yoxdur: “Çünki xarici ticarətdə əsas prioritet idxalın maksimum azaldılması, ixracatın stimullaşdırılmasıdır - son illərdə həyata keçirilən siyasət, qəbul edilən strateji yol xəritəsində bu prioritet əksini tapır. Lakin hazırkı məzənnə siyasəti bu prioritetıin ziddinə olaraq idxalı stimullaşdırır. Və hökumətin bu siyasəti dəyişməsi ehtimalı çox cüzidir. Zəif bir ehtimal var ki, seçkilərdən sonra yenidən formalaşacaq Nazirlər Kabineti, yeni hökumət müəyyən siyasət dəyişikliyinə getsin”.

Məqalədə : Qubad İbdaoğlu manat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2018 03:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status