Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
15:18
1679
AMEA-nın elmi işçisi necə həbs edilib?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Kamal oğlu Nəcəfov cəzasının azaldılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

Ağır cəza alan fəlsəfə doktorunun cinayət işini hakim Əli Seyfəliyev araşdıracaq. 

Belə ki, 2017-сi il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun məhkəmə iclası başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə C.Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. H.Əsədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və şərti cəza təyin edilib.

Bildirək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

C.Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, 80 yaşlı H.Əsədov zamində olub. Bu, H.Əsədovun ilk “əl işi” deyil. Bir neçə il öncə o, Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin saxta diplomlarını satmaqda ittiham olunaraq həbs edilib. Görünür, həbsxana həyatı da müəllimi sevimli “peşə”sindən ayıra bilməyib. H.Əsədov Odlar Yurdu Universitetinin professoru olub və orada dərs deyib. Sonradan isə təqaüdə çıxıb.

Təqsirləndirilən şəxslər universitetə tələbə düzəltmək adı ilə dələduzluq etməkdə təqdirli biliniblər.

İttihama görə, Hüseynağa Əsədov və Ceyhun Nəcəfov özgənin əmlakını ələ keçirmək məqsədilə İrac Baxşəliyevin etibarından sui-istifadə etməklə onun övladları – Ruzanə Baxşəliyeva və Mansur Baxşəliyevin diplomlarının fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetdən alınmasını və təhsillərinin “Odlar Yurdu” universitetində davam etdirilməsini vəd etməklə onun 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Təqsirləndirlən Ceyhun Nəcəfov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində İrac Baxşəliyevlə 2011-ci ildə Hüseynağa Əsədovun vasitəsilə tanış olduğunu göstərib:

“Hüseynağa müəllim həmin dövrdə “Odlar Yurdu” universitetində kafedra müdiri vəzifəsində işləyirdi. Mənə dedi ki, tanışı İracın iki övladı Beynəlxalq Universitetdən diplomlarını ala bilmirlər. Həmin tələbələrin “Odlar Yurdu” Universitetinə köçürülməsində onlara köməklik göstərməyimi istədi”.

C.Nəcəfovun ifadəsinə görə, bu söhbətdən bir neçə gün sonra H.Əsədovla universitetin qarşısında görüşdükdə məsələnin həll üçün 10 min manat lazım olduğunu deyib:

 “Hüseynağa müəllimə dedim ki, həmin məbləğdən başqa bizim üçün də nə ala bilirsə, alsın. O da cavabında İracdan 13 min manat ala biləcəyini dedi”.

2011-ci ilin fevral ayında C.Nəcəfov pulu və tələbələrin sənədlərini H.Əsədovdan alaraq bu işlə məşğul olmağa başlayıb. Amma müəyyən səbəblərdən tələbələrin köçürülmə məsələsi alınmayıb:

 “İşlər uzandığı üçün İrac müəllimin özü ilə görüşməyi qərara aldım. 2013-cü ilin iyun ayında görüşdük. Məlum oldu ki, qeyd olunan işə görə Hüseynağa müəllim İrac Baxşəliyevdən 16 min manat pul alıb. Bir müddət keçdikdən sonra hər ikisinə təklif etdim ki, işlər alınmadığına görə məndə olan pulu qaytarmaq istəyirəm. Heç biri razılaşmadı. Boyun olduğum işin alınmasını tələb edirdilər. Amma İrac müəllimin uşaqlarının işləri heç cür düzəlmirdi. Onların təhsili tibbi ixtisaslı olduğu üçün köçürülməsi həmin dövrdə mümkün olmadı”.

Zərərçəkmiş şəxs qismində dindirilən İrac Baxşəliyev ifadəsində göstərib ki, uzun illər stomatoloji poliklinikada həkim-stomatoloq işləyib. H.Əsədovla da işlədiyi dövrdə tanış olublar, aralarında dostluq münasibəti yaranıb.

Təqsirləndirilən Hüseynağa Əsədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində İ.Baxşəliyevin övladlarının diplom məsələsi ilə bağlı ondan pul almadığını, bu işdə heç bir maddi marağının olmadığını göstərib: “Tanışım İrac Baxşəliyev qızı Ruzanə ilə oğlu Mansurun 2004-cü ildə Beynəlxalq Universitetə daxil olduqlarını, 2009-da bitirdiklərini, universitet bağlandığına görə diplomlarını ala bilmədiklərini dedi. Problemin həlli üçün məndən məsləhət istədi. Mən də məsələnin həll olunmasına yardımçı olaraq onu Ceyhun Nəcəfovla tanış etdim. Onlar da öz aralarında danışdılar”.

Zərərçəkmişin ifadəsinə görə, hər iki övladı 2009-cu ildə Beynəlxalq Universiteti bitirib, amma universitet bağlandığına görə diplom ala bilməyiblər. Həmin ərəfədə Hüseynağa müəllim “Odlar Yurdu” universitetində kafedra müdiri vəzifəsində çalışdığından bu məsələnin həlli üçün ondan kömək istəyib:

 “Dedi ki, 16 min manat pul lazım olacaq. Əvvəl etiraz etdim, məbləğin çox olduğunu dedim. 2011-ci ilin fevral ayında Hüseynağa müəllimlə “Odlar Yurdu” universitetindəki xidməti otağında görüşüb, ona 16 min manat verdim. Hüseynağa müəllim bu məsələnin bir neçə aya düzələcəyinə söz verdi. Bir neçə gündən sonra Hüseynağa müəllim məni övladlarımın işi ilə məşğul olan şəxslə - Ceyhun Nəcəfovla tanış etdi”.

Zərərçəkmiş bildirib ki, Hüseynağa müəllim ona Ceyhun Nəcəfovun Təhsil Nazirliyində işlədiyini, Beynəlxalq Universitetdə təhsilini bitirmiş tələbələrin köçürülmə işləri ilə məşğul olduğunu deyib. Görüş zamanı övladlarının işinin nə yerdə olduğunu soruşduqda C.Nəcəfov ona “narahatlığa səbəb yoxdur, yaxın günlərdə bu məsələ həllini tapacaq” deməklə inandırıb. Amma aradan uzun müddət keçsə də, övladlarının işi düzəlməyib:

 “Bu adamlar bir neçə il məni aldatdılar. Onların əməlindən təngə gəldiyim üçün polisə şikayət etdim. Bu günə qədər də pulumu qaytarmayıblar.Başa düşdüm ki, Hüseynağa müəllim Ceyhunla birlikdə məni aldadaraq heç bir iş görməyiblər”.

Xatırladaq ki, C.Nəcəfov 2012-ci ilin oktyabr ayında həbs edilib. Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Kamal oğlu Nəcəfovu akademiyanın həyətində həbs ediblər.  Ceyhun Nəcəfov Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin saxta diplomlarını satarkən yaxalanıb. AMEA-nın müvafiq institutu faktı təsdiqləyib.

Məqalədə : həbs 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 12:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com