Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
16:33
2106
Məktəblərdə YENİ fənn – MOTİVASİYA

Bu dəfəki mövzumuz təhsil ilə bağlıdır.

Çoxlarımız təhsilin həyatımızdakı əvəzolunmaz rolunu təsdiqləyirik və buna görə də həm özümüz, həm də övladlarımızın ali təhsilli olmasına can atırıq. Təhsil və elm fərdi, eləcə də ictimai inkişafda böyük əhəmiyyətə malikdir. Bu haqda çox yazılıb və mən uzun-uzadı cümlələrlə bildiklərinizi təkrarlayaraq sizi yormaq istəmirəm. 

Keçək əsas məsələyə. Dedik, təhsil lazımdı, hətta “bir ölkənin gələcəyi onun təhsil sistemindən asılıdır” desəm, yanılmaram. Bəs görəsən, bizim təhsil sistemimiz nə dərəcədə mükəmməldir?.. 

Hesab edirəm ki, son illərdə yeni layihələrin olmasına və bu sahədə müəyyən inkişafa baxmayaraq, boşluqlar hələ çoxdur.

Bu haqda öz subyektiv fikirlərimi bölüşmək istərdim.

İlk növbədə onu qeyd etmək istərdim ki, zənnimcə, hazırki təhsil sistemi cavanların həyatından vaxt oğurlayır və bu oğruluq ən ağır cinayətlərdəndir, çünki heç cür kompensasiya olunmur. 

Niyə?

Hesab edirəm ki, uşaqlar artıq və lazımsız məlumatlarla çox yüklənirlər. Nə yorğunluqdan uşaqlıqlarını yaşaya bilirlər, nə də faydalana bilirlər. Həyatlarında bəlkə də heç vaxt onlara lazım olmayacaq, tez bir zamanda da unudacaqları informasiyanı əzbərləməyə sərf etdikləri qızıl zamanı daha səmərəli istifadə edə bilərdilər. Bir çox bilikləri isə cəmi iki-üç ilə mənimsəyə bildikləri halda, 6-10 il sərf edirlər. Bəzi fənlər ixtisara düşməli, bəziləri əvəz olunmalı, bəziləri əlavə edilməlidir...

Ümumiyyətlə, dərs uşaqlar üçün ağır yük yox, sevimli bir məşğuliyyətə çevrilməlidir. Uşaqlar müəllimdən qorxmaq əvəzinə, ona hörmət bəsləyib sevməlidilər. Bu iş müəllimlərin öhdəsindədir. Şəxsən mən 5-ci sinifdə tarix dərsini çox sevirdim və o zaman öyrəndiklərim hətta indiyədək yadımdadır, çünki müəlliməmiz o qədər gözəl dərs keçirdi ki, həmin dərsə sevə-sevə gedirdik. Dərsi bizim üçün əyləncəyə çevirə bilmişdi. Lakin sonra müəllim dəyişildi və yerinə gələn yenisi bizə bu dərsə qarşı elə bir nifrət yaratmışdı ki, məhz tarixi bilmədiyimə görə arzuladığım sahəyə imtahan vermədim... Bəlkə də, müəllimim Gəgiran kəndinin məşhur Həbib müəllim olsaydı, indi tərcüməçi olacaqdım.)) 

Nə isə... 

Sözümün canı...

Artıq neçə vaxtdır ki, YENİ bir FƏNNin proqrama salınması arzusundayam. Fənnin adı isə MOTİVASİYA olmalıdır. 

Vaxtımızda “avaraçılıqla” keçən rəsm, rəsmxət, musiqi, əmək, idman kimi fənlər məncə istedada uyğun və könüllü keçirilməlidir.

4-cü sinfə kimi ümumi fənlər (Riyaziyyat, Ana dili, Rus dili, İngilis dili, Həyat bilgisi, İncəsənət) keçirilsin. Bu zaman ərzində, məncə istedadlar üzə çıxmağa başlayacaq. Daha sonra siniflər bir neçə yerə bölünsün, məsələn:

1) Ana dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya;

2) Dillər, Ədəbiyyat, Tarix, Coğrafiya;

3) Ana dili, Riyaziyyat, İnformatika;

4) İstedada görə - İncəsənət (Rəsm, Musiqi) və İdman.

Və artıq özünü incəsənətə, ya idmana həsr etmək istəyən uşaq vaxtını tam olaraq bu işə sərf edəcək, uğurları da daha çox olacaq bu sahədə. Eynilə də texnologiya sahəsinə marağı olan biri beynini kimya və biologiyanın terminləri ilə məşğul etməyəcək, bəlkə də yeni kəşflər etməyə can atacaq. Həkim olmaq istəyən, yaxud musiqi qabiliyyəti olmayan biri isə vaxtını “Nəğmə” dərsinə ayırmaz.

Qayıdaq MOTİVASİYAya. Bu qədər lazımsız dərslərin əvəzinə, ya heç olmasa onların saatını azaldaraq uşaqlara oxumağa, yaşamağa stimul verəcək, onlara  HƏYAT dərsi keçəcək və ömür boyu istifadə edəcəkləri YENİ fənn həyatlarında müsbət rol oynayar. Bəzən lazım anda deyilən cəmi bir söz bütün həyatı, hətta dünyanı dəyişə bilər.

Burada, “Ümumiyyətlə dərs oxumaq nəyə lazımdır?”, “Uğurlu insan olmaq üçün nə etməliyik?”, “Çətiniklərlə neçə mübarizə aparmalıyıq?”, “Əxlaq və insanlığın bizim özümüzə göstərdiyi müsbət təsirləri nədir?” kimi suallara cavablar verilə bilər. 

Nik Vuyçiç, Uolt Disney, Mark Zukerberq, Bil Geyts, Muhammed Ali, futbolçu Messi, hətta KFC şəbəkəsinin yaradıcısı polkovnik Sanders kimi uğurlu insanların həyatları və onları uğura aparan yollar haqda bəhs edən gözəl dərsliklər hazırlana bilər (necə ki, ədəbiyyat dərsində yazıçı və şairlərin həyatları öyrədilir). Bu insanların həyatları haqda hazırda 90% cavanlar xəbərsizdir.

Dərsdə motivasiya yönlü videoçarxlar göstərilə, kitablar, romanlar oxunub müzakirəyə çıxarıla bilər. Uşaqları narahat edən problemlər və onların həlli haqda danışıqlar aparıla bilər. 

İnsanların psixologiyası, valideyn, bacı-qardaş və dostlarla, gələcəkdə isə övladları ilə münasibətlər, sağlam həyat, sağlam qidalanma haqda da bu dərsdə ümumi biliklər vermək olar.

Və daha nələr-nələr...

Bir sözlə, insanlara XOŞBƏXT olmağın yolları öyrədilərdi. İnsanlarda özlərinə və ətrafdakılara qarşı məhəbbət və hörmət, eləcə də empatiya hissi oyatmaq üçün nəsihətlər verilərdi. Bəzən gözəl natiq, motivator və psixoloqları məktəbə dəvət edib treninqlər keçirmək də dərsə marağı artıra bilərdi. 

Əsas məqamlardan biri isə bu dərsdə qiymətin olmamasıdır. Bu dərsdə insan özü özünün müəllimi olmağı öyrənsin, dərsə qorxu ilə yox, şövqlə gəlsin deyə. Təşviq üçün isə mükafatların olması daha münasib olardı.

Əgər sizin də təklif və düzəlişləriniz varsa, şərh bölməsində yaza bilərsiniz. Və bəlkə də birləşib ortaq bir ideya yaratsaq, müraciətlər etsək, nələrisə yaxşılığa doğru dəyişə bilərik...

Amma bunu da unutmayaq ki, nəyisə dəyişmək istəyiriksə, ilk öncə özümüzdən başlamalıyıq!

Diqqətinizə görə minnətdaram...

Natavan Baxşiyeva / FaktXəbər

Məqalədə : motivasiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 22:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status