Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2018
14:34
1365
Aprel döyüşlərində yaralananların hamısı xilas edilib

“Aprel döyüşlərində hospitala çatdırılan bütün yaralılar xilas edilib”. FaktXeber.com-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib. 

"Tibb xidməti həmişə olduğu kimi düşmənin təxribatlarına 2016-cı ilin  aprelində də hazır idi. Döyüşlər başlayan kimi tibb xidməti döyüş şəraitinə müvafiq quruldu. Döyüşlərdə sanitar təlimatçılarımız, sanitar atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkimlərimiz öz vəzifə borclarını layiqincə yerinə yetirdilər", deyə İdarə rəisi bildirib.

Onun sözlərinə görə, aprel döyüşlərində yaralanmış hərbi qulluqçularımıza bütün təxliyə mərhələlərində keyfiyyətli, ardıcıl tibbi yardım göstərildi və onlar hərbi həkim ekspertizasından keçirildi: "Bu mürəkkəb və çoxşaxəli sistem nəticəsində həkimlərimiz aprel döyüşlərində uğura nail oldular... İnkarolunmaz statistik fakt bundan ibarətdir ki, xəstəxanaya çatdırılan bütün yaralılar xilas edilib. Tibb işçilərimizin peşəkarlığı və yüksək tibbi yardımın göstərilməsi nəticəsində hospitala çatdırılan bütün yaralılar xilas edilib. Hətta ağır yaralılarımızdan belə kimsə həyatını itirmədi. Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibəsinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisəedilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqləndi. Biz bu nəticələri müəyyən elmi-praktiki konfranslarda, simpoziumlarda elan etmişik".

General bildirdi ki, bu uğurun bir neçə səbəbi var: "Birincisi, tibb işçilərimizin peşəkarlığı sayəsində. Döyüşlərdə yaralıya ilk çatan sanitar-təlimatçının, sanitar-atıcının ona təxirəsalınmaz yardım göstərilməsi nəticəsində yaralılar həlak olmadı. Hər bir tibb işçisinin zəhmətini, əziyyətini çox yüksək qiymətləndirirəm. İkincisi, yaralanma anında yüksək keyfiyyətli tədbirlərin görülməsi nəticəsində. Güllələr altında, döyüşün getdiyi şəraitdə yaralıya ilk tibbi yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanması ölümün qarşısının alınmasının əsas səbəblərindəndir. Üçüncüsü, hərbi tibb işçilərimizin vətənpərvərliyi sayəsində. Heç nədən qorxmadan, çəkinmədən yaralananları döyüşlərdən çıxarmaq da fədakarlıqdı... İstifadəmizdə olan mobil səhra hospitalı dünyada istifadə olunan ən mükəmməl və ən müasir mobil hospitalardan biridir. Orada həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olar. Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür və edirik".

Tibb Baş İdarəsinin rəisi bildirib ki, ən böyük planları kadr potensialını artırmaq və dünyanın inkişaf etmiş ölkələrinin tibb müəssisələri ilə əlaqələr yaratmaqdı: "Türk Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya Federasiyası, Pakistan, Amerika Birləşmiş Ştatları ilə və digər inkişaf etmiş dövlətlərin Silahlı Qüvvələrinin tibb xidmətləri ilə əlaqələrimiz var. Bu gün kursantlarımız, həkimlərimiz həmin dövlətlərdə ixtisasartırma və müxtəlif kurslarda iştirak edir, təhsilini artırırlar. Nəticədə  yüksək peşəkar həkimlərin hazırlanmasına nail oluruq".

Məqalədə : Aprel döyüşləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status