Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
17:01
Bakıdan Rusiyaya sürətli elektrik qatarları işləyəcək

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Dağıstanın xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.

Görüşdə, həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşınmalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiyadan gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. Qeyd edilib ki, hazırda Şahdağ idman kompleksinə dəmiryolu xəttinin çəkilməsi qərara alınıb və bu da ölkələrimiz arasında turizmin möhkəmlənməsinə köməklik göstərəcək.

C.Qurbanov, həmçinin gələcəkdə Bakıdan Dağıstan daxil olmaqla Rusiyaya qədər sərnişinlərin daşınması üçün "Stadler Rail Group"un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını vurğulayıb.

Qonaqlar, öz növbəsində, ölkəmizdə və dəmir yollarında həyata keçirilən əsaslı dəyişiklikləri yüksək qiymətləndirib, bunun qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar. Görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da artan xətt üzrə davam etdirilməsi qərara alınıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cavid Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com