Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
08:38
1830
`Xəzər dənizinin statusunda Azərbaycana aid problem yoxdur`

"Xəzər dənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik."

FaktXəbər-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Dövlət başçısı qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazım olduğunu qeyd edib: “Yəni, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib. Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. Hər halda, Azərbaycana aid problem yoxdur”.

Prezident Azərbaycanın bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərinin olduğunu qeyd edib: “Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik”.

Məqalədə : Xəzərin statusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 12:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status