Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
23:41
Kiçik qızın böyük həyatı 2 dəqiqədə - VİDEO

Yəqin hamınız bilirsiz ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb. 

Bəs qısa zamanda müsabiqədə diqqət çəkən Reyhan Camalova kimdir?

Onun həyatı əsl motivasiya mənbəyidir. Uğura nail olmaq arzusunda olanlar belə şəxsiyyətlərdən dərs almalıdırlar.

Reyhan Camalovanı daha yaxından tanımaq istəyənlər üçün, FaktXəbər olaraq, onun haqqında məlumatları təqdim edirik.

Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İSTƏK liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə (tamamilə ödənişsiz) İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.

Reyhan Camalova 2017-ci ilin fevral-mart aylarında İSTƏK liseylərində “Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının təqdimatında iştirak edib. O, daha sonra Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsinə öz “Rainergy” layihəsi ilə qatılıb. “Rainergy” layihəsi “ClimateLaunchpad startap”müsabiqəsinin Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən “Yeni fikir“müsabiqəsinin finalında iştirak edib.

Hazırda Reyhan Camalova 28-30 noyabr 2017-ci ilin tarixlərində ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti 2017” “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edir. ABŞ prezident Trampın baş müşaviri və Prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanı təqdim edib: "Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx!”.

Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir.

Bunu da qeyd edək ki, gənc azərbaycanlı ixtiraçımız Forbes jurnalının biznes və istehsal sahəsi üzrə ən prespektivli iş adamları sırasına daxil edilib.

15 yaşlı Reyhan Camalova Forbesin sözügedən siyahısına düşən ilk gənc  azərbaycanlı ixtiraçıdır. 

Ən böyük arzusu "Nobel" mükafatı olan bu qızcığazı daim zirvələrdə görmək diləyilə ona 

bol-bol uğurlar arzu edirik! İnanırıq ki, arzusuna çatacaq.

Sonda isə sİzə onun haqda hazırlanmış qısa videoçarxı təqdim edirik.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Reyhan Camalova Forbes 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com