Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2018
16:28
Qərb Rusiyaya qarşı son `silah`ını işə saldı - ANALİZ

Son zamanlar Şimal qonşumuz olan Rusiyada ciddi proseslər gedir. Baş verən hadisələrə ayrı-ayrılıqda baxdıqda heç bir şey ehtiva etmir. Amma onları ümumiləşdirsək görüntülər aydınlaşır.

Qərb dünyasının Suriyada işlərinin yaxşı getdiyi müddətdə heç kəsin Rusiya ilə işi yox idi. Hətta Krımın ilhaqı belə, Qərbi o qədər narahat etmirdi, ara-sıra sıradan bəyanatlar səsləndirilirdi. Rusiyanın birbaşa müdaxiləsi ilə Suriyada terrorçuların işğal etdiyi ərazilər geri alındıqca Rusiyaya qarşı bəyanatlar və təzyiqlər də artmağa başladı.

Prosesin ikinci dalğası yuxarıda da qeyd edildiyi kimi ötən ilin dekabr ayının ilk günlərindən müşahidə edildi. Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını cəzalandırdı. Onların dopinq istifadə etdikləri bəhanəsi ilə cari ilin fevral ayında keçirilən Qış olimpiadasına buraxılmaması barədə qərar qəbul edildi. İllərini idmana sərf edənlər bir qərarla, daha doğrusu siyasi qərarla sülh oyunu hesab edilən olimpiadadan kənarda saxlanıldı. Səbəb aydın idi: Putinin Qərbə qarşı siyasəti.

Bu qərar Rusiyanın siyasətində hər hansı bir dəyişikliyə səbəb olmadı. Dekabr ayının sonlarına yaxın – 25, 28 və 29 dekabr tarixlərində ardıcıl baş verən 3 hadisəni də yaddan çıxarmaq olmaz. Bir dəfə avtobusu dayanacaqdakı insanların, bir dəfə isə metro tunelindən çıxan insanların üstünə sürdülər. Daha bir hadisə isə supermarketdə törədilən partlayış idi. Baş verən hadisələrdə ölən və yaralananlar oldu. Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırdı.

Sanki cari ilin yanvar ayında Rusiyaya fikirləşmək üçün vaxt verdilər. İşlər sakit məcrasında getdi. Amma yanvar ayının 30-da ABŞ prezidenti Donald Trampın tamşırığı ilə Xarici İşlər Nazirliyi 210 Rusiya vətəndaşının – 114 məmur və 96 oliqarxın adını “qara siyahı”ya saldı. Adı “qara siyahı”ya salınan Çeçenistan prezidenti Ramzan Kadırov belə, bu qərara təəccübləndiyini deyərək, Trampı instaqram və facebook hesablarından sərt şəkildə tənqid etdi. Bundan sonra isə indiyə kimi müstəqil olduğunu söyləyən hər iki sosial şəbəkədə Kadırovun hesabları silindi.

Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsinin Moskva vilayəti ərazisində qəzaya uğraması isə başdan-başa müəmma idi. Pilotun təcrübəli pilot olduğunu söyləmələrinə baxmayaraq, hadisənin təyyarəni havaya motorunun soyuq halda qaldırılmasına görə baş verdiyini açıqladılar. Nəticədə 65 sərnişin və 6 heyət üzvü öldü. İlkin görünən terror ehtimalı idi, amma bu barədə danışan olmadı.

Bundan 4 gün sonra isə Rusiyanın Tomsk şəhərində məktəblərin birində naməlum şəxs məktəbdə bibər qazı balonunu püskürdü. Təcili evakuasiyaya baxmayaraq, 7 uşaq xəstəxanaya yerləşdirilmişdi.

Aydındır ki, bütün bu hadisələr təsadüf xarakter daşıya bilməz. Və söhbət xırda-xırda hadisələr törətməklə Rusiya hökumətinə mesaj verməkdir. Amma alındımı? Mart ayının ilk günündə prezident seçkiləri münasibəti ilə keçirilən təşviqat kampaniyası zamanı Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq nüvə başlığı daşıma gücünə malik “Sarmat” qitələrarası ballistik raketin sınağını keçirdiklərini açıqladı. Ardınca isə Qərb dünyasına hədə dolu mesaj verdi: “Bizə və müttəfiqlərimizə qarşı nüvə hücumlarına anında nüvə zərbəsi ilə cavab verəcəyik.” 

Bu açıqlamadan sonra “Sarmat” raketinin yayımlanan videosunu analiz edən ABŞ ekspertləri göstərilən xəritədə Florida ştatının olduğunu bildirdilər və bunun təsadüfi xarakter daşımadığını söylədilər. Putinin sözçüsü Dmitri Peskov bu iddiaları şərh edərkən bildirdi ki, orada hər hansı bir xəritədən istifadə olunmayıb, hər şey qrafik təsvirdir. “Rossiya 1” telekanalına “Sarmat” raketinin texniki xüsusiyyətləri barədə danışan rus ekspert Vadim Zavoçenkov isə London böyüklüyündə şəhərdən bəhs etdi.

Putinin “Sarmat” açıqlamasından sonra Rusiya kəşfiyyatının keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripal İngiltərədə zəhərləndi və buna görə rəsmi London Putini ittiham etdi. İngiltərəyə qarşı casusluq fəaliyyəti ilə bağlı barəsində 2006-cı ildə 13 il həbs qərarı çıxarılmasına baxmayaraq, Rusiyanın baş naziri Dmitri Medvedyev 2009-cu ildə Skripalı əfv etmişdi. Həmin zaman o, Britaniyada həbs edilən 4 Rusiya vətəndaşı ilə dəyişdirildi. Burada sual yaranır: Rusiyanın Skripalı öldürmək fikri var idisə, niyə 3 il həbsxanada saxlayırdı?

Digər tərəfdən, qeyd etmək yerinə düşərdi ki, Rusiya kəşfiyyatı hər hansı bir şəxsi aradan götürmək istəsə, işini yarımçıq qoymur və iz buraxmır. Misal üçün, keçmiş FTX polkovniki Aleksandr Litvienko Londonda “Polonium-210” maddəsindən zəhərlənərək öldü. Keçmiş deputat Boris Berezovski isə Böyük Britaniyanın Askot şəhərində intihar etdi. Hər iki halda heç bir iz qalmamışdı. Deməli, cızılan plan Skripaldan daha böyükdür və o, sadəcə “günah keçisidir”. Ehtimal budur ki, London Skripalı zəhərləyərək, Rusiyaya qarşı başladılan kampaniyanın əhatə dairəsini bir qədər də genişləndirmək fikrinə düşdü; Rusiyanın 23 diplomatı ölkədən qovuldu. Ardınca isə dünya ölkələrini Rusiya keçiriləcək futbol üzrə 2018-ci il Dünya Çempionatını boykota səslədi. Avropa İttifaqı isə yarım il müddətinə Rusiyanın 38 şirkəti və 150 rəsmi şəxsinə qarşı sanksiyaları uzatdı.

Rusiyanın ikinci paytaxtı olan Sankt-Peterburq şəhərindəki məktəblərin birində 7-8-ci sinif şagirdləri kütləvi şəkildə zəhərləndilər. Zəhərlənməyə səbəb isə naməlum şəxsin uşaqlara həb paylaması idi.

Və Rusiyanın Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində yanğın. Qəfil başlayan və bütün ticarət mərkəzini ağuşuna alan yanğın, tüstü 41-i uşaq olan 64 nəfərin (27.03.2018 tarixinə olan məlumat – red.) canını aldı. Rusiya hadisənin şokundan ayılmamış ABŞ, Kanada və Fransa başda olmaqla 18 səfirlərini Rusiyadan çıxarmaq barədə qərar verdilər.

Bu, şahmat taxtası üzərində deyil, insan ölümləri həyata keçirilən bir siyasətin götəricisidir. Rusiya da Qarabağda insan ölümləri ilə nəticələnən siyasət yürütdü və bu gün də həmin siyasətini davam etdirir. Amma bu o demək deyil ki, biz Rusiyanın və ya Ermənistanın işğalçılıq siyasətlərinə qarşı onların ölkəsində metro partlatmalıyıq, orta məktəblərə hücum etməliyik, ticarət mərkəzlərini yandırıb insan tələfatlarına yol açmalıyıq. Görünür, dünyada siyasət bizim düşündüyümüz şəkildə dönmür. Putinə gücü çatmayanlar, onu ipə-sapa gətirə bilməyənlər terrorla məsələni həll etmək istəyirlər. Baxmayaraq ki, Rusiya rəsmiləri yuxarıda sadaladığımız hadisələrə “terror” adı verərək, xalq içərisində çaşqınlıq yaratmaq istəmir. Amma ruslar sosial şəbəkələrdə bu hadisələrin sadəcə bir adı olduğunu bildirirlər: terror. Günahkarı da göstərirlər: Qərb dünyası. Səbəb də aydındır: Bizim istəyimizlə hərəkət edin.

Bu sadalananlara Suriyada yerləşən Rusiya bazalarına ABŞ-ın nəzarəti altında olan ərazilərdən raketlərin atılması və bir dəfəyə 300-ə yaxın rus əsgərinin öldürülməsini, göyərtəsində 28-i yüksək cinli zabit olan Rusiya hərbi təyyarəsinin müəmmalı şəkildə qəzaya uğraması və bir nəfər də sağ adamın qalmaması kimi hadisələri də bu siyahıya əlavə edə bilərik. 

Bəli, demokratiya sadəcə onu səsləndirənlərin özündə belə olmayan “söz azadlığı”, “insan haqları”, “demokratiya”, “azad seçki”, “cinsi azlıqların hüquqlarının tanınması” kimi şüarları səsləndirməkdən ibarət deyil. Demokratiya həm də “işğal et”, “qan tök”, “talançılıq siyasəti yürüt” kimi doktorinalardan ibarətdir.

FaktXəbər Analitik İnformasiya Mərkəzi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 22:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com