Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
11:27
Əsarətdə qalan yurd yerlərimiz: Kəlbəcər İstisuyu

Kəlbəcər İstisu Kompleksinin əsarətdə qalması, Azərbaycanın Dövlət büdcəsinə hər il 2 milyard manatdan şox zərər vurur 

Keçən əsrin 1950-ci illərində ermənilər Kəlbəcər rayonu ərazisini öz himayələrinə almaq üçün, oranın azərbaycanlı əhalisini köçürərək, ərazidən ancaq yaylaq kimi istifadə edilməsi barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi qarşısında məsələ qaldırdılar. Lakin  görkəmli seleksiyaçı alim, ictimai və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İman Mustafayev əllinci illərdə Kəlbəcər əhalisinin köçürülməsini tələb edən ermənilərin, hiyləgər siyasətini puça çıxararaq Kəlbəcərdə tikinti quruculuq işlərinin genişləndirilməsinə qərar verdi. Çox təəssüf ki, ermənilərin Kəlbəcərlə bağlı arzuları 4 aprel 1993-cü ildə Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində həyata keçdi.

Kəlbəcər rayonu, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqaz dağ silsiləsində yerləşir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın zirvəsi) hündürlüyü 3724 m-dir. 

Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir. Ərazisi 3054 kvadrat kilometr, əhalisi 79 min nəfərdir. Bakıdan uzaqlığı 445 km-dir. Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ilə həmsərhəddir. Rayon 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd tipli inzibati yaşayış məntəqələrindən ibarətdir. Rayonun iqlimi dağ ətəklərində mülayim, 200 m-dən yüksəklikdə isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı soyuq və sərt keçır. Kəlbəcərdə yağıntıların çox hissəsi ilin qış aylarında və yazın əvvəlində düşür.

İstisu müalicə və istirahət mərkəzinin yaranma tarixi

İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 km.-lik şose yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcərdən İstisuya olan məsafə, Tərtər çayı boyunca uzanan şose yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu inşa edilmişdi. 

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay deyərdi: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulaqları təbiətin Azərbaycana gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. 

Sovet İttifaqının körkəmli kimyaçı alimi E.E.Karstenskidə Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdi.

İstisuyun istiliyi 58,80C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su havayı axıb gedir. Axan sular yığılıb satılsaydı ildə 630 mln 610 min 560 manat gəlir əldə etmək olardı.

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.

1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi:

M4,9 CO7,1 HCO3S3, C134 SO41, temperaturu 610C dərəcədir.  Na75. Ca14  Çexiyanın Karlovi-Vari mineral suyuna yaxındır. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu müalicə mərkəzində mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurdular. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

İstisuit mineralı – amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O  Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir. 

İstisu müalicə-istirahət mərkəzinin yaradılması, Azərbaycan Dövlət Plan Komitəsinin müraciətindən sonra  SSRİ Dövlət Plan Komitəsi 12 may 1928-ci il tarixli yığıncağında belə bir məzmunda qərar çıxarmışdı: “İstisu sanatoriyasının il boyu fəaliyyəti, bu sanatoriyanın həm də istirahət zonası kimi xidməti nəzərə alınsın və elimi-praktik işlərin görülməsi üçün buraya tədqiqatçıların cəlb olunması, yolların çəkilməsi, burada klinikanın açılması, mineral suyun Bakıya, qazlaşdırılmış halda daşınması nəzərdə tutulsun. SSRİ Səhiyyə Xalq Komisarlığına tapşırılsın ki, burada işləyənlər üçün yaşayış evləri və stasionar müalicə üçün 100 min rubl vəsait ayrılsın”. 

İstisuda müalicə-istirahət zonasının yaranması 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edilmişdi. 1963-cü il may ayının 28-də Az. KP MK və AZ. SSR Nazirlər Soveti aşağıdakı məzmunda qərar qəbul etmişdi:

AHİŞ və Az. SSR EA, eləcə də respulika Səhiyyə Nazirliyinə tapşırılsın ki, Kəlbəcərin ərazisindəki İstisu mineral sularından səmərəli istifadə üçün 2 ay müddətinə tədbirlər həyata keçirsinlər. Belə ki, buradakı mənbəələrdə olan suyun miqdarı və kefiyyəti barədə, buruqların işləməsi, suların, xüsusilə də Tutquçay ərazisindəki istisuyun fiziki-kimyəvi, həmçinin müalicəvi əhəmiyyəti öyrənilsin.

AHİŞ-dən istisuyun ehtiyyatı, tərkibi və müalicəvi əhəmiyyətinin öyrənilməsi barədə təşkil olunmuş Dövlət Komissiyasının məlumatlarının SSRİ Nazirlər Sovetində təsdiqini sürətləndirsin.

Zaqafqaziya Geoloji Kəşfiyyat Komitəsindən ildə 10 ton quru mineral duz istehsal edəcək İstisu mineral sudoldurma zavodunun tikintisinin təsdiqi tələb olunsun.

18 iyun 1968-ci il tarixdə İstisu, Naftalan və Abşeron sanatoriyalarının vəziyyəti Mərkəzi Komitənin bürosunda müzakirə edildi və qərara alındı ki, təcili olaraq yerdə vəziyyət öyrənilsin və mülki aviasiya yerli icraiyyə komitələrinin köməyi ilə Naftalan-Yevlax, İstisu-Yevlax və Respublikanın digər mərkəzi şəhərlərinə hava marşurutu açılmasını təmin etsinlər. Bir ay müddətinə bu məsələ Mərkəzi Komitədə yenidən müzakirə olunsun. Bərdə-İstisu magistral yolunun yenidən çəkilişi və bərpası Azərbaycan SSR Nazirlər Sovetinin Mərkəzi Yol İdarəsinə tapşırılsın və həmin təşkilat bu problemin həlli üçün təxirəsalınmaz tədbirlər görsün.   

Azərbaycan SSR Dövlət Plan Komitəsi istisu mənbələrindən istifadə edilməsi məsələsini müzakirə edərək, 1968-ci ildə hər il 10 milyon şərti-butulka istisu istehsal edən zavod tikilməsi barədə tədbir görmüşdü. 1987-89-cu illər ərzində İstisu qəsəbəsində 3000 kvm. yaşayış evi, 192-yerlik orta məktəb, 140 yerlik uşaq baxçası, 70 yerlik ambulatoriya, 1 xəstəxana, 400 yerlik qış kino-teatrı, 25000 nüsxə kitab fondu olan kitabxana, 250 kvm-lik dükan, gün ərzində 900 kubmetr su vuran sutəçhizatı tikintisinin başa çatdırılması da icraçı təşkilatlara tapşırılmışdır.

Sovet dövrünün məlumatları göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon316 min litr su cıxır. Mövcud sudolduran sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə etmək güçündə idi. Qalan 3 milyard 941 milyon 316.000 litr istisu istifadəsiz axıb gedirdi. 

Əgər həmin sular yığılıb satış müəsisələrinə çıxarılarsa, bir ildə 630 610  560 manat gəlir əldə etmək olar. Bu qiymətlər devalyasiyadan sonra indiki bazar qiymətləri səviyyəsinə çatdırmaq üçün ən azı 4 əmsalına vurularsa onda bir ildə Kəlbəcər İstisudan gələn gəlir 2 522 442 240  manat civarında dəyişər.  Tam əminliklə demək olar ki, Kəlbəcər İstisu Kompleksinin əsarətdə qalması,  Azərbaycanın Dövlət  büdcəsinə hər il 2 milyard manatdan şox zərər vurur. 

Faiq İsmayılov 

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı

Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kəlbəcər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com